beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axtarma Sən Uzaqda...

Axtarma gözəlliyi axtarma sən uzaqda....
Nəzər sal göy üzünə, mavi səmaya bir bax!
Bir dərindən nəfəs al, gör nə gözəl hissdir bu...
Hələ gör bir buludlar, qar, pambıq tək ağappaq,
Gün, ayrı bir gözəllik, işıqlı, nurlu, parlaq,
Gecə, ayrı gözəllik, ulduzlu-aylı yaylaq.
Gəz, dolan bu dünyanı, dünya tək gözəl hanı,
Gəzdikcə tükənməyir, ayağın altda torpaq.

Axtarma gözəlliyi, axtarma sən uzaqda...
Axı o yaxındadır, başını əy aşağı
Necə incə, nə zərif; ayaqlama sən bir dur
Axı obir çiçəkdir, vermə ona göz dağı.
Yarpağına nəzər sal, aman Allah necədə
Heyrətamiz, yamyaşıl, nə gözəl yaradılıb.
Hələ üzərindəki şeh damlasına bir bax...
Sanki mirvarilərdir, onlardan ilham alıb!

Axtarma gözəlliyi, axtarma sən uzaqda...
Axı o başın üstdə, bir başını qaldır bax!
Ah necədə parlayır, qəlbləri isidir o,
Doğulur bizlər üçün günəş yenə hər sabah.
Bir bax şüalarına sıgallayır hamını
Qayğıkeş bir anatək, nəvaziş göstərərək...
Məgər bunun özü bir gözəllik deyilmidir?
Gözəlliyi uzaqda axtarmaq nəyə gərək.

Axtarma gözəlliyi, axtarma sən uzaqda...
Səslərə bir nəzər sal, qulaq ver, nə həzindi...
Çayın səsinə bir bax, sanki layla söyləyir,
Dağlardan dənizlərə, yolu uzun gəzinti...
Şəlalənin səsini, küləyin əsməsini,
Dinlə əzizim, dinlə! Dinlə gör nə gözəldi!
Dənizin şırıltısı, dalğanın parıltısı,
Yağışın şarıltısı, damlanın sızıltısı,
Quşların qaqqıltısı, qanadın çırpıntısı,
Beşikdəki çağanın aramsız çıgırtısı...
Gözəllik deyildə bəs, nədir bütün bu səslər,
İçə çəkilir o an dinlədikcə nəfəslər
Dinlə əzizim, dinlə! Dinlə gör nə gözəldi...

Axtarma gözəlliyi, axtarma sən uzaqda...
Axı o lap yaxında gözünün önündədir!
Nədən görmürsən onu, görmək istəməyirsən
Axtardığın gözəllik gözünün özündədir!
Bütün gözəllikləri görə bilirsən əgər,
Bunun özü ayrı bir gözəllik deyilmidir?
Yaddaşı, dərrakəsi, ağılı, həm zəkası
İnsan üçün ayrı bir özəllik deyilmidir?

Axtarma gözəlliyi, axtarma sən uzaqda...
O sənin özündədir, ruhunda, cismindədir,
Düşünən beynindədir, duyğu orqanındadır,
Döyünən qəlbindədir, gözünün nurundadır,
Saçının telindədir, danışan dilindədir,
Bütünlüklə gözəllik, bir insan qismindədir!
Axtarma gözəlliyi, axtarma sən uzaqda
Axtardığın gözəllik, məhz sənin içindədir!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri