beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belece Susacaq Dodaqlarimiz...

Bu necə imtahan, bu necə sınaq?
Sözümüz bir gizli baxışdan keçir!
Həyat nə istəyir? Qırılaq, sınaq?
Yolumuz enişdən, yoxuşdan keçir!

Adi dostlar kimi danışırıq biz,
Bir "salam" deyəndə, susuruq tez də.
Ancaq bu hissləri - bunca pak, təmiz,
Bölüşə bilirik ürəyimizdə.

Qəlbində nələr var mənə verməyə?
Küsgündü duyğular, sınıqdır ürək.
Bu soyuq ömrümə yaz gətirməyə
Bir sinə dolusu məhəbbət gərək.

Belə yazılıbmış bu qismət demə...
Özgə bir qapını döyə bilmərəm.
Bürünüb itsəm də kədərə, qəmə
Mən sənə "sevirəm" deyə bilmərəm.

Sənsə hisslərində azad quş kimi...
Unuda bilərsən, sevə bilərsən.
Bəlkə də həsrətlə tutub əlimi
Mərhəmət dilərsən, sevgi dilərsən.

Ezizim, nə aman, nə vüsal umma,
Eləcə yada sal bir anlıq məni.
Məni düşünərkən gözünü yumma,
Qorxudur amansız qaranlıq məni.

Sakitcə ötəcək həftələr, günlər...
Hərdən bir doğacaq xoş anlarımız.
Min üsyan etsə də sevən könüllər
Beləcə susacaq dodaqlarımız.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri