beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məni Bir Də Sevərsənmi Ikimizin Xatirinə?

Məni bir də sevərsənmi
ikimizin xatirinə?
İstəmirəm
çoxlarıtək
dönək sevgi qatilinə...
İstəyirəm canlandıraq
buza dönən arzuları,
Cavablayaq yatıb qalan
sualları-sorğuları.
Gəl, yaxın gəl!
Nə zamandır yol gözləyən,
vüsalımız şirin olsun!
Harda olsan
yanındakı qoy mən olum!
Harda olsam
yanımdakı yenə sənin yerin olsun!
Söylə indi,
o alovlu ürəyini
mənə bir də verərsənmi?
İkimizin xatirinə
məni bir də sevərsənmi?

Gəl barışaq...
Ruhumuzu ayrılıqda öldürməyək.
Gəl, barışaq...
Özgələri bəxtimizə güldürməyək.
Hicran qara bulud kimi
gərilməsin üstümüzə.
Gülümsəyib baxanda Ay
Qanad taxıb eşqimişə
Yenə uçaq göylərə biz,
yenə olaq ən bəxtəvər yer üzündə.
Qoşa baxaq yerlərə biz
mavi səma dənizindən.
Bir zamanlar
vəd etdiyin ulduzları
mənim üçün dərərsənmi?
İkimizin xatirinə
məni bir də sevərsənmi?

Bax, sənə də yoxdur həyat,
Mən bilirəm, məndən ayrı...
Bax, mənə də yoxdur həyat,
mən ölürəm səndən ayrı...
Ver əlini,
addımlayaq sabahların qucağına.
Gəl, üz tutaq, ay sevgilim,
sevgi-ülfət ocağına.
Hazırsanmı
bu sevdanın sınağından çıxmağa sən?
Nə deyirsən,
bu dünyanı
yenə mənim gözlərimlə görərsənmi?
İkimizin xatirinə
məni bir də sevərsənmi?
Sevərsənmi məni bir də
sevgimizin xatirinə?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri