beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alp Apslan və Bizans

Sultan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi məlumata görə isə Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10 kintar ( 1 kintar 97,5 kq-a bərabərdir.) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi:"Mən yanımdakı ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam bunu Allahın mərhəməti sayacağam, şəhid olsam bu Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun". 14 avqust 1071-ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz-Zöhrə adlanan yerə gəldi və Savtəkin alxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi: "Bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq"! Savtəkin isə impəratora belə cavab verdi:"Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınız"!

Sultanın faqihi Əbu Nəsr Məhəmməd ibn Əbdülməlik əl Buxari əl Hənifi danışıqların alınmamasından narahat olan Alp Arslana dedi: "Sən Allah dini uğrunda döyüşürsən! Mən inanıram ki, Uca Allah bu qələbəyə sənin adını yazacaq, Hücuma xətiblərin minbərlərdən allahsızlara qarşı döyüşənlərə qələbə duaları etdikləri müqəddəs cümə günündə hücum et. Onda o dualar müstəcəb olacaq". İraq, Xorasan və Mazandaranda araqarışdıranların baş qaldırmamaları üçün vəzir Nizamülmülk Həmədana gəldi. Döyüşə atılan sultan öz döyüşçülərinə belə müraciət etdi : "Kim istəyirsə çıxıb gedə bilər çünki, burada nəyəsə icazə və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir! "Ox- yayını yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı" (Qədim türk ənənəsinə görə döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya kəsilir, ya da düyünlənirdi. Bu mərasim dullama adlanırdı). Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında quzlar (xristian oğuzlar) və peçeneqlər, aryeqardda (qoşunun arxasında) isə Andronik Dukanın başçılıq etdiyi erməni-gürcü-yunan və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Səlcuqlu ordusu döyüşə qədim türk adəti üzrə "ura" və islam qaydası üzrə "Allah, Allah" nidaları ilə başladılar. "Ura" sədalarını eşidən quz və peçeneqlər qarşılarında öz soydaşlarının olduğunu bilərək, səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın döyüş başa çatdı. Sultan ordusunda xidmt edən məlüklərdən biri bizans imperatorunu əsir tutdu. Bu qulamı Nizamülmülkə bağışlamış Sədəddövlə onu təriflədikdə, Nizamülmülk demişdi: "Əşi, sən də bu qulamı elə tərifləyirsən ki, guya o bizə Rum hökmdarını tutub gətirəcək"! Allahın hökmü ilə doğrudan da bu qulam Bizans imperatorunu əsir tutdu. Gürcü mənbələrinə görə əsir tutulan Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdur:

Alp Arslan: Sən məni əsir tutsaydın nə edərdin? Roman IV Diogen : Mən səni dəhşətli ölümə məhkum edərdim. Alp Arslan : Axı sizin dininizə görə adam öldürmək günah sayılır? Roman IV Diogen : Bunun müsəlmanlara aidiyyəti yoxdur. Alp Arslan : Mən isə öz dinimə uyğun olaraq səni azadlığa buraxıram. Gedə bilərsən. Sultan Alp Arslanın Roman IV Diogeni öldürməməsində hansısa bir siyasi məqsəd olduğundan şübhələnən Bizans əyanları onun gözlərini çıxartdıraraq, monastra göndərdilər. Sultan Alp Arslana əmirəlmömin əl-Qaim Biəmrillahdan gələn təbrik məktunda yazılmışdı : "Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən"!

1072-ci ilin sentyabrında Tabğac hakimi Şəms əl-Mülkə qarşı hərbi əməliyyatlar zamanı əsir tutulmuş Yusif əl-Xarəzmi sultan Alp Arslanı ağır yaraladı. Onun bu hərəkəti kimin tovlatması ilə etməsi hələ də məlum deyil. Çünki, sultanı ağır yaralayan Yusif, onun erməni fərraşı tərəfindən mızraqla öldürüldüyündən bu sui-qəsdi tam araşdırmaq mümkün olmamışdır. Ağır yaralanmış sultan 465-ci il rəbüiləvvəl ayının sonuncu şənbə günü (miladi təqvimlə 8 dəkabr 1072-ci il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu.

Övladları
Alp Arslanın 6 oğlu vardı: Sultan Məlikşah, Təkiş, Ayaz, Tutuş, Börübars, Arslan Ərgün


Tarix: 09.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 347 Bölmə: Səlcuqlular