Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alp Arslan

Həyatı
Hicri tarixlə 455-ci ilin zilhiccə ayında (miladi tarixlə 1063-cü ilin noyabr-dekabr ayları) 30 yaşlı Alp Arslan Böyük Səlcuq dövlətinin sultanı elan olundu. O, rəiyyəti ikiqat xərac vergisindən azad etdi. O, hər il Ramazan ayında 4 min dinar sədəqə paylayırdı. Bundan başqa 10 min dinar da saray xidmətçilərinə paylanırdı. Bir dəfə sultanın namaz otağına xəbərçilər onun vəziri Nizamülmülkün gəlirləri barədə məktub atmışdılar. Vəzirini yanına çağıran sultan ona dedi : "Bu məktubu götür. Əgər yazılanlar doğrudursa öz xasiyyətini və tamahını azalt. Yox əgər yalandırsa onda onu yazanı taparaq, divanda ona bir vəzifə ver ki, yalan və böhtan uydurmaqdan əl çəksin".

Alp Arslanın daxili siyasəti
Sultan Alp Arslan atasının əmisi oğlu Qutalmışın Savə şəhərini tutaraq, Rey üzərindən onun üstünə gəldiyini eşitdi. Sultan ona qarşı ən təcrübəli əmirlərindən olan Savtəkin Alxası göndərdi. Hakistar kəndində doğulmuş bu bahadır öz kəndini şəhərə çevirmişdi. Bu böyük sərkərdə ölümündən sonra miras qoyduğu 1 milyon dinarı, 15 min dəst libası, 5 min atı, min dəvəni, 300 min qoyunu yoxsullara paylamağı vəsiyyət etmişdi. 456-cı ilin məhərrəm ayında (miladi tarixlə 1064-cü ilin yanvarında) Sultan Alp Arslan qiyamçıları cəzalandırdı və "öz ömrünü qoyun arxacında başa vurmuş" Qutalmışın cənazəsini sultan Toğrulun məqbərəsinin yanında dəfn etdirdi.

456-cı ilin rəbiüləvvəl ayında (1064-cü ilin fevralında) sultan 180 minlik ordu ilə Reydən Ruma doğru hərəkətə başladı və yolda ikən bir dəstə kürdün Xulvan keçidini (indiki İraq respublikasının şimal-qərbində yerləşən Əsədabad aşırımı) kəsərək quldurluq etdiklərini eşitdi. Sultanın göndərdiyi qoşun bu quldurları cəzalandırdıqdan sonra onun yanına sağ qalmış kürdlərin nümayəndələri gəldilər və bundan sonra bu yolu quldurlardan qoruyacaqlarına söz verdilər. Sultan buranın idarəsini əmir Bəyarslana tapşırdı. Mərənd şəhərində dayanan sultana "azsaylı bir dəstə ilə rumluları pərişan edən əmir Tuğ Təkin" də qoşularaq ona bələdçilik etməyə başladı.


Tarix: 09.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 232 Bölmə: Səlcuqlular
loading...