beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alp Arslan və Gürcüstan

Tuğ Təkin gürcülərin diyarının rumlular üçün artım, küfr və zülm ocağına çevrildiyini bildirdi. Sultan o dövrdə Bizansla Böyük Səlcuq dövlətinin sərhəddində yerləşən və "İslamın alınmaz qalası" adlandırılan Naxçıvana çatdıqda oğlu Məlikşahı 80 minlik ordu ilə burada qoyaraq, özü 100 minlik ordu ilə gürcülərin ölkəsinə tərəf irəlilədi. Məlikşah Sürməli, Qarabağ qalalarında möhkəmləndikdən sonra Arpa çayının Araza töküldüyü yerdəki Məryəm-Nəşiman şəhərini fəth etdi və yenidən atasının ordusu ilə birləşdi. Sultan Alp Arslan Ağcaqalanı (indiki Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında yerləşir) və Samşvilde (gürcü dilindən tərcümə etdikdə Üç ox deməkdir) qalasını tutduqdan sonra Axalqala üzərinə yeridi. Bu qala üç tərəfdən dağlarla dördüncü tərəfdən isə Ceyhun çayı dərinlikdə su ilə əhatə olunmuşdu. İlk toqquşmadan sonra gürcülər tabe olmaq istədiklərini bildirdilər və danışıqlar aparmaq üçün elçilər istədilər.

Sultanın göndərdiyi iki elçi – İbn Mücahid və Əbu Sümrə gürcülər tərəfindən xaincəsinə qətlə yetirildilər. Axşam namazından sonra sultan ordunun önündə kafir şəhərinə hücum çəkərək onu tutdu. Abxaz (975-ci ildə abxaz qızı olan anasının varisi kimi Abxaziya hakimi olmuş I Baqrat 1008-ci ildə gürcü taxt-tacına da yiyələnmişdi) çarı IV Baqrat (1028-1072) bacısı qızını sultana ərə vermək istədiyini bildirərək, aman istədi. Bu hədiyyəni qəbul edən sultan gürcü şahzadəsini də vəziri Nizamülmülkə ərə verdirdi. Sultan IV Baqratdan ya islamı qəbul etməyi, ya da cizyə verməyi tələb etdikdə abxaz-gürcü hakimi ikincisini seçdi. Qars, Ani, Loru və Taşlıordu (Cavaxeti) əhalisi sultanın hüzuruna çıxaraqhaqq dinini qəbul etdilər. Bundan böyük sevinc duyan Alp Arslan onlar üçün məscidlər tikdirdi. Rumluların alınmaz hesab etdikləri Ani qalası Səlcuqlu ordusu tərəfindən mühasirəyə alındı. Rumlular türkləri yoldan çıxartmaq məqsədilə üzlərində tük bitməmiş oğlanları və şəhərin ən gözəl qızlarını şəhər kənarına çıxartdılar. Sultanın əmrilə onlar bir yerə topladıldı və onların üzərinə keşikçi qoyuldu.

Yemək, yuxu və su belə içməyi unudan türk ərənləri 16 avqust 1064-cü ildə Anini tutdular. Şəhərə yeni əmir təyin edən sultan Alp Arslan burada məscid tikdirdi və İsfahana qayıtdı. İsfahandan Kirmana, oradan da Xorasan gələn sultan ulu babası Səlcuğun qəbrini ziyarət etdi. 460-cı ildə (miladi təqvimlə 1067 – 1068) abxaz-gürcü hakimi IV Baqratın Bərdəni qarət etməsi sultanın qərbə doğru yeni yürüşə çıxmasına səbəb oldu. Yürüşün önündəki qoşuna Savtəkin Alxas başçılıq edirdi. Rumluların ordusunun içərisində ən döyüşkən dəstələr firəng süvarilərindən və Şəki piyadalarından ibarət idi. Şəki vilayətində Axsartan hakimlik edirdi. Bu vilayətin sıx meşələrində Rum və Abxazdan gələn quldurlar sığınacaq tapmışdılar. Sultan bu meşələrin bir hissəsini məhv etdirdikdən sonra orada iki qala aşkar olundu. Bu qalaların hakimlərilə Şəki hakimi arasında ədavət olduğundan onlar sultanın hüzuruna gələrək islamı qəbul edərək təslim oldular.

Sonra Şəki hakimi Axsartan sultanın yanına gəldi və doqqazda dayanaraq, onun hüzuruna girməyə cəsarət etmədi. Sultan Alp Arslan qulluqçularına buyurdu : "adlı-sanlı nəsildən olan bu zatı içəri dəvət edin". Sultan çadırına buraxılan Axsartan belə söylədi: "İnsana xas olan yanlışlıqdan əl çəkərək sənin hüzuruna gəlməkdə mənim məqsədim xristianlıqla tamamilə üzülüşmək və islamı qabul etməkdir". Taxtdan enən sultan onun alnından öpdü və sonra da hər ikisi gözyaşlarını saxlaya bilməyərək ağladılar. Məlik Axsartan şəhadət gətirdikdən sonra ona sünnət edildi və yanına göndərilən fakih Quran surələrini izah etdi. 1067-ci ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi Fəzlun ibn Əbüləsvarın müşayiətilə Tiflis şəhərinə gəldi. O, burada Süleyman peyğəmbərin tikdirdiyi hamamı gördü. Bu hamamın suyu yerdən isti çıxır. Sultan burada Cümə məscidi inşa etdirdi (Tiflisdə ilk məscid ərəb mənbələrinə görə hələ Həzrət Əli dövründə(656 – 661) tikilmişdir). Beş ay Gürcüstanda qalan sultan Gəncəyə, oradan Bərdəyə gəldi. Araz çayını keçən sultan onun sahilindəki Larcan kəndində yaşı iki yüzə çatan şeyxi ziyarət etdi və ona min dinar verdi.


Tarix: 09.02.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 259 Bölmə: Səlcuqlular