beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XOŞ GƏLDİN, AMMA XOŞ GÖRMƏDİN

Ey Ramazan!
Ey içərisində “min aydan daha xeyirli bir gecəni” daşıyan ay!
Ey Quranın doğum ayı, ayların ən çox gül ətri verəni!
Ey vəhyin dirildən nəfəsini həyata, Məhəmmədi əbədi bir məhəbbətə, varlığın mənasını Allahsızlaşdıqca anlamsızlaşan çağa, insanın itirdiyi insanlığı, rəhməti, bərəkəti, ehsanı, hidayəti və şəfqəti insana çatdıran ay!
Xoş gəldin!

14 əsrdir hər ilə gəldiyin kimi, min ümidi qoynunda saxlayaraq gəldin. Həmişə olduğu kimi, gətirdiklərinə qarşılıq görəcəyini umaraq gəldin. Hamısından da ötə xoş gördüklərini daha xoş etmək, naxoş olanları da təkrar xoş etmək üçün gəldin!
Kim bilir keçmişdə necə xoş gəlişlərin, necə xoş görüşlərin olmuşdur!

Başı dik, alnı açıq, üzü ağ, ürəyi pak, gözü iti, sözü güclü, özü doğru möminlərin səni qarşılamışdılar.
Sən xoş gəlmiş, onları da xoş görmüşdün.
Quran əllərində, dillərində, könüllərində və həyatlarında idi. Onlar əvvəlcə Quranı öldürüb, sonra doğum ayını qeyd etmirdilər. Hər Ramazanı vəhylə bağlanan illik bir sözləşmə bilirdilər.
Quran onların təsəvvürlərini, ağıllarını və şəxsiyyətlərini inşa edən bir varlıq idi. Onlar isə həyatı, həyatın yıxılan, viran qalan, təhrif edilən sahələrini inşa edən bir varlıq…
Sənin xoş gördüyün nəsillər, həyatın hansı məcradan axacağını özləri təyin edirdilər. Başqalarının təyin etdikləri məcrada çör-çöp kimi axmırdılar.
Onlar həyatın köləsi deyil əfəndiləri idilər…
Onlar, mallarının köləsi deyil əfəndiləri idilər…
Onlar, şəraitin övladı deyil, anası idilər! Çünki şərait onları deyil, onlar şəraiti doğurdular…

Ey Ramazan! Və sən yenə gəldin, həmişə olduğu kimi yenə də xoş gəldin. Fəqət, bilirəm ki, heç də xoş görmədin, on illərdi, hətta yüz illərdi görmədiyin kimi.
Kim bilir bu xoş görmədiyin on illərdə, yüz illərdə möminləri hansı dəhşətli hallarda gördün? Kim bilir hansı acılara, sancılara, yanğınlara, fəsadlara, Yezidliklərə, oğurluqlara, küfrlərə, murdarlıqlara şahid oldun? Necə yaralar, necə yaralı ürəklər gördün?
Fəqət ey Ramazan, heç bu günki kimisini gördünmü?
Heç bir milyard yarımlıq bir ailəni belə pərişan, dağınıq, pərakəndə, ürkək, kədərli, ümidsiz, iradəsiz, cansız, ağılsız gördünmü?
Fəqət ey Ramazan! İnanc ərazindən qanın beləcə su kimi axdığına heç şahid oldunmu? Heç möminlərin bu cür əzildiyini, uzaqlaşdırıldığını, xor görüldüyünü xatırlayırsanmı?
Bax möminlərə! Könülləri dağıdılmış, evləri uçurulmuş, bölgələri viran olmuş, hamısından da betər ağılları və şüurları pozulmuş. Səni qarşılamağa nə üzləri var, nə də gücləri.
Artıq sənin möminlərin, çağlarının öndərləri deyillər! Onlar zaman çeşməsinin yatağını təyin etmirlər. Onlar axan məcralarda bir çöp olub, sağa sola dalğalanırlar. Bəziləri isə, sənə və sənin təmsil etdiyin dəyərlərə xəyanət etməyi daha “ağıllı” iş hesab edirlər.
Bir zamanlar kafirin ac olanlarını doyduranlar, indi kafirin çörəyinə möhtacdır.
Bir zamanlar başqalarının yaralarına məlhəm olanlar, indi öz yaralarına məlhəm olacaq dərmandan məhrumdurlar.
Bir zamanlar imanı zərrə-zərrə fərqli ərazilərə daşıyanlar, indi ürəklərinin işğalının qarşısını almaqda acizdirlər.
Sənin varlıq səbəbin olan Quranla yüksəlməyi bacarmayanlar, bu eyiblərini gizlətmək üçün, zatən uca olan Quranı yüksəldərək, ona "rüşvət vermək" əzmi göstərirlər. Düşünə bilirsənmi ey Ramazan; Quranın doğum ayını qeyd edəcəklər, amma Quran həyatlarında, əllərində, evlərində, küçələrində, torpaqlarında olmayacaq!...
Və ey Ramazan! Bu əzilmənin, həlak olmanın, tökülmənin, bu məğlubiyyətin və çaşqınlığın içində ikən tam zamanında gəldin!
Xoş gəldin, fəqət bu xoş görmədiyin məkanda! Fəqət sənin gəlişinin məqsədləri arasında xoş görmədiklərini xoş etmək də yoxdurmu?
Haydı, gətirdiyin cənnət qoxusu ilə torpaqlarımızdakı üfunətin qoxusunu zəiflət! Səhraya dönmüş ürəklərimizə bir rəhmət rüzgarı kimi əs. Qurumuş dodaqlarımıza su dəysin, səhralar gölə dönsün!
Möminlərin arasındakı kini, nifrəti və düşmənçilik toxumlarını qopart; onların yerinə iman qardaşlığını ək!
Dövrünün öksüz və yetim olan ümmət coğrafiyasındakı qanayan yaralara məlhəm olacaq bir şüur gətir! Acları doyduracaq, susuzların suvaracaq, çılpaqları geydirəcək bir şəfqət və mərhəmət leysanı daşı! Zilləti izzətə, ətaləti əzmə, məhrumiyyəti sərvətə çevirəcək bir ruh ver!
Öz əlimizlə əşyalaşdırdığımız Quran səninlə yenidən varlığa çevrilib bizi inşaya başlasın! Bizlər zamanın məhv etdiyi eqoist fərdlər deyil, Quranın inşa etdiyi mömin şəxsiyyətlər olaq! İnsanın yaradılış məqsədinə uyğun bir həyatı yenidən inşa etməyin sancısına tutulaq! İmanı, yenidən bir səadət quşu kimi qəlbimizdə insanlara daşıyaq. Belə ki, bizi öldürməyə gələn bizdə dirilsin! Dostların, oturduğu yeri yaşıllaşdıran bir “Xızır”, hidayəti iman doğan bir “Mehdi” olsun!
Bilirəm ki, duama amin deyənlərin başında sən gəlirsən, Ey Ramazan!
Quranın da əlini tutub gəldin; xoş gəldin!
Ah bir bilsən; xoş gördüklərinin arasında olmağı nə qədər çox istəyirəm...


Tarix: 06.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Ramazan