beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əz-Zumər (Zümrələr) surəsi

.39.
əz-Zumər (Zümrələr) surəsi
(Məkkədə nazil olmuşdur, 75 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!
2.(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha xas edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)
3.Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!
4.Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!
5.(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O, günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır!
6.Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqdan) necə olur ki, döndərilirsiniz? (İmandan necə dönürsünüz?)
7.Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahkar başqasının günahını daşımaz1 (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!
8.İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) de: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
9.Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
10.(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de2: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”
11.De: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!
12.Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!”
13.De: “Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!”
14.De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona xas edərək (heç bir şərik qoşmadan) tapınıram!
15.Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”
16.Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!
17.Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!
18.O kəslərə ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!
19.(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!
20.Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!
21.(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki qaynaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!
22.Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.
23.Allah3 sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, vədləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün və onun iradəsinə uyğun olaraq) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!
24.Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): “Etdiyiniz əməllərin cəzasını dadın!” -deyilər.
25.Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.
26.Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!
27.Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, öyüd-nəsihət qəbul etsinlər!
28.Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Quran nazil etdik ki, (Allahdan) qorxub pis əməllərdən çəkinsinlər.
29.Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!
30.(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!
31.Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
32.Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri olduğunu deyən), özünə gələn həqiqəti (Quranı, peyğəmbəri) təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, vardır!)
33.Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və möminlər) isə əsl müttəqilərdir.
34.Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!
35.Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir).
36.(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.
37.Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz. Məgər Allah (mülkündə hər şeyə qalib olan) yenilməz qüvvət sahibi, intiqam sahibi deyilmi?!
38.Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” - deyə soruşsan, mütləq: “Allah!” -deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”
39.De: “Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib şəkildə işimi görəcəyəm (və ya siz əlinizdən gələni edin, mən də əlimdən gələni edəcəyəm). Siz mütləq biləcəksiniz ki,
40.Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!”
41.(Ya Peyğəmbər!) Biz Kitabı (Quranı) insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyilsən!
42.Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!
43.Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”
44.De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”
45.Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.
46.De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!“
47.Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onu qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir.
48.Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!
49.İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” -deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!
50.Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi (əzabı onlardan dəf edə bilmədi).
51.Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin) zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan qurtara bilməzlər).
52.Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!
53.(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de:4 “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
54.(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!
55.Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!
56.(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!” -deməsin.
57.Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” -söyləməsin.
58.Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” -deməsin!
59.(Onun bu sözlərinin cavabında Allah belə buyurar:) “Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür göstərdin və kafirlərdən oldun!”
60.(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə, vardır!)
61.Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.
62.Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
63.Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər -məhz onlar ziyana uğrayanlardır!
64.De: “Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?”
65.(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
66.Xeyr, yalnız Allaha ibadət et və (Onun nemətlərinə) şükür edənlərdən ol!”
67.(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!
68.Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!
69.Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcək), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcəklər. Onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir!
70.Hər kəsə öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini (ən yaxşı) biləndir!
71.Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” -deyə cavab verəcəklər.
72.(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!
73.Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleyküm! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!”- deyəcəklər.
74.Onlar isə: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” -deyəcəklər.
75.(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (möminlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə möminlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” -deyiləcəkdir!


Tarix: 21.11.2012 / 15:24 Müəllif: [Ram] Baxılıb: 1493 Bölmə: Qurani Kerim