beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oynayan adam
Oynayan adam

Nə var yaşamağa, olmasa məslək,
Hansı hava olsa, oynarsan ona.
Birində oynayıb alqış alan tək
Həvəslə girərsən başqa oyuna.

Sirkdə ayı kimi oynadıb səni,
Sonra tumarlayıb yemək verərlər.
Yuxuda oynarsan bütün gecəni,
Oynaya-oynaya açılar səhər.

Vərdişə çevrilər oynamaq belə,
Oynarsan yeriyib, ya da qaçanda.
Durub oynayarsan evdə həvəslə
Arvadın önündə süfrə açanda.

Tamam oyun olar bu həyat sənə,
Heç görə bilməzsən onun özünü.
Ayıra bilməzsən çıxanda önə
Onun əyrisindən onun düzünü.

Oynarsan həyətdə əsəndə külək,
Oynarsan üfüqdən boylanan günə.
Oynadıb,oynadıb səni tula tək
Ovda qışqırarlar ovun üstünə.

Oynaya-oynaya ov gətirərsən,
Oynayıb ovçuya verərsən onu.
Canavar ovuna aparılsan sən,
Onda öyrənərsən başqa oyunu.

* * *

Oğlum döyüşlərdən getdi məzara,
Mən onun yasından geyindim paltar.
Onun ölümündən bircə il sonra.
Dalınca anası getdi bir bahar.

Qəlbimdə üst-üstə yığdım dərdi mən,
Bu quduz dərdləri bölən olmadı.
Gülərüz dünyanın gülüşlərindən
Onun sifətində bir iz qalmaldı.

İndi eybəcrdir dünyanın üzü,
Mən yaman qorxuram baxmaqdan ona.
Doludur qan ilə dünyanın gözü,
Qara qan püskürür ona baxana.

Kef yeri sayırdım bir vaxt, bir zaman,
İndi yas yeridir bu dünya mənə.
Mən tənha qocanın basıb başından,
Atıb daşıb gələn dərdin selinə.


Tarix: 04.06.2015 / 17:06 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Qaçay Köçərli