beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kef yeri sanırdım bir vaxt dünyanı
Kef yeri sanırdım bir vaxt dünyanı

Mən subay olanda elə bilirdim
Dünya kef yeridir,kefdədir hamı.
Məni qınamayın, belə bilirdim,
Kefdir bu dünyanın səhər-axşamı.

Mən elə bilirdim hər bir insana
Bu dünya həmişə gülərüzlüdür.
Elə buna görə baxsan hayana
Qızları həmişə gül bənizlidir.

Mənim öz dərdlərim olmadığından
Dərdini görmürdüm özgələrinin.
Üzümə sevinclə gülürdü hər yan,
Hər gün kefindəydim bu kef yerinin.

Evləndim, kef yeri dəyişdi yaman,
Oldu qaşqabaqlı gülərüz dünya.
Hara üz tutdumsa,qalxdı qarşımdan,
Hər gün dalğalandı bu dəniz dünya.

Ev dərd, iş dərdi cumdu üstümə,
Məni sürüdülər belədən belə.
Dərd oldu canavar, mən döndüm yemə,
Onlar yaşadılar hər gün bu yemlə.

Dünyaya dörd balam gəldi, sevindim,
Ancaq qayğıları mənə dərd oldu.
Özümü uçurdum, özümdən endim,
Bu dərd ömür boyu mənə yurd oldu.


Tarix: 04.06.2015 / 17:06 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Qaçay Köçərli