Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübariz İbrahimov

Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....amin

Atasının sözlərindən

Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.

Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...

Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...

Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...

Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.

Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.

Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".

Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.

Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."

Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.



Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.

Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.

Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.

Onu unutmayaq!!! Yeri behişt olsun!!! Vətən sağ olsun...


Tarix: 24.08.2012 / 00:38 Müəllif: [Ram] Baxılıb: 2555 Bölmə: Qəhramanlar
loading...