beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Ubeydə İbn-ul Cərrah

Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:

-Hər bir millətin güvəndiyi bir insan vardır.Bu millətində güvəndiyi Əbu Ubeydədir!

O, (ra) gözəl simaya sahib idi.Zəif bədənli, uzun boylu, nəzakətli,təvazökar və utancaq idi.Həlim və nəzakətliyi ilə yanaşı sərt siması da var idi.

Bəli… Bu səhabə Muhəmməd (sas) ümmətinin güvənilən insanı Amr ibn Abdullah ibn-ul Cərrah əl Fihri əl Qureyşidir.Ləqəbi isə Əbu Ubeydə idi.

Abdullah ibn Ömər (ra) Əbu Ubeydə (ra) haqqında buyurur:





-Qureyşdən üç insan insanların ən gözəli və ən əxlaqlısı idi.Onlar daim doğru söyləyər, ağızlarından heç vaxt yalan söz çıxmazdı.Bu üç insan Əbu Bəkr əs-Siddiq (ra), Osman ibn-ul Əffan (ra) və Əbu Ubeydə İbn-ul Cərrah (ra) idi.

Əbu Ubeydə (ra) İslam dinini ilk qəbul edənlərdən idi.Əbu Bəkr (ra) İslam dinini qəbul etdikdən bir gün sonra müsəlman olmuşdur.İslam dinini də Əbu Bəkrin (ra) vasitəsiylə qəbul etmişdir.Əbu Ubeydə (ra) əvvəldən sona qədər Məkkədə müsəlmanların keçirdikləri çətinlik içində yaşamışdır.İlk müsəlmanlar ilə birlikdə qarşılaşdıqları şiddətli əzab-əziyyətlərə səbr etmişdir.Lakin Əbu Ubeydənin Bədrdə çəkdiyi əziyyət həqiqətən insanı dəhşətə gətirir.

Bədr döyüşündə Əbu Ubeydə ölümü fikirləşmədən qılıncını sağa-sola hərəkət etdirir, şimşək kimi düşmən ordusunun içinə daxil olurdu.Müşriklər də ondan qorxurdu.Qarşısına çıxanı dərhal yerə yıxırdı.Qureyş süvariləri isə harada olursa-olsun Əbu Ubeydə (ra) ilə qarşılaşmağı arzu etmirdilər.Amma müşriklərdən biri hər yerdə Əbu Ubeydənin (ra) qarşısına çıxırdı.Əbu Ubeydə isə onu görüncə yolunu dəyişirdi, çünki onunla qarşılaşmaq istəmirdi.Döyüşdə bir neçə dəfə Əbu Ubeydənin (ra) qarşısına çıxıb, düşmənlərə qarşı vuruşmaqda ona mane olsa da Əbu Ubeydə (ra) ona toxunmadan, yolunu dəyişib başqa müşrikin üzərinə gedirdi.Nəhayət, Əbu Ubeydənin səbri daşır,qılıncı ilə güclü zərbə endirərək onu öldürür.

Bəli… Dəhşət bu idi ki, həmin bu insan Əbu Ubeydənin (ra) atası Abdullah ibnul Cərrah idi.Allah təalə Əbu Ubeydə (ra) və atası haqqında Qurani-Kərimdə buyurur:

-(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır. (Mücadilə,22)

Muhəmməd İbn Cəfər buyurur:

-Rəsulullahın (sas) yanına bir qrup xristian gəlib belə dedi:

-“Biz bəzi mallarımızın bölünməsindən razı deyilik.Bu mövzuda bizə hakimlik edəcək və sənin bəyəndiyin bir səhabəni bizimlə göndər.” Rəsulullah (sas) buyurdu:

-Günortadan sonra gəlin.Sizinlə birlikdə dinində möhkəm və etibarlı birini göndərəcəm!

Ömər ibnul Xəttab (ra) buyurur:

-Günorta namazına çox erkən getmişdim.Çünki Rəsulullahın (sas) dediyi həmin adam mən olmaq istəyirdim.Rəsulullah (sas) zöhr namazını qıldıqdan sonra ətrafına nəzər etməyə başladı.Mən də görməsi üçün irəli gedib, özümü göstərməyə çalışırdım.Lakin Rəsulullah (sas) bir neçə dəqiqə göz gəzdirdikdən sonra gözü Əbu Ubeydəni (ra) gördü və belə dedi:

-Ya Əbu Ubeydə, onlara birlikdə get! Razılaşa bilmədikləri mövzuda aralarında haqq ilə hökm ver!

Uhud döyüşündə Əbu Ubeydə (ra) peyğəmbəri (sas) müşriklərdən qoruyan on nəfərdən biri idi.Döyüş bitdi! Rəsulullahın (sas) dişi qırılmış,alını yarılmış və yanağına zirehinin iki halqası batmışdır.Əbu Bəkr (ra) halqaları çıxarmaq üçün peyğəmbərin (sas) yanına gəlir.Lakin bunu görən Əbu Ubeydə (ra) dedi:

-Ya Əbu Bəkr, bu işi mənə burax! Bunu deyib Rəsulullaha (sas) yaxınlaşdı və əli ilə halqaları çıxarmaq istədi.Lakin sonra “əlim ilə çıxarsam peyğəmbərə (sas) əziyyət olar” deyib, halqalara dişi ilə çıxardı.Bu zaman Əbu Ubeydənin də (ra) dişlərinin ikisi sındı.Bunu görən Əbu Bəkr (ra) buyurdu:

-Ya Əbu Ubeydə, sən dişi qırılanların ən xeyirlisisən!

Bu böyük səhabə peyğəmbərin (sas) vəfatına kimi ondan ayrılmamış, daim onunla (sas) bir olmuşdur.Rəsulullah (sas) vəfat etdikdən sonra Ömər İbnul Xəttab (ra) Əbu Ubeydəyə (ra) buyurur:

-Əlini ver, sənə beyət edim, çünki peyğəmbərimizin (sas) belə dediyini eşitmişdim:-Hər millətin güvəndiyi bir kimsə vardır.Bu millətin də güvəndiyi insan Əbu Ubeydədir!

Lakin Əbu Ubeydə (ra) buyurur:

-Rasulullahın (sas) namazlarda bizə imam təyin etdiyi və ölənə qədər də bizə imam olan bir kimsənin önünə keçmərəm!

Bundan sonra Əbu Bəkr Əs-Siddiqə (ra) beyət edir.Bu böyük xəlifənin vaxtında da Əbu Ubeydə daim onun (ra) yanında olmuş, Əbu Bəkrdən (ra) köməyini əsirgəməmişdir.

Eləcə də Ömər İbn ul Xəttabın (ra) xəlifəliyi dövründə...Əbu Ubeydə ibnul Cərrah (ra) heç vaxt Ömərin (ra) sözündən çıxmamış və ya sözünü yerə salmamışdır.

Yalnız bir dəfə...Bir dəfə Əbu Ubeydə (ra) möminlərin əmiri Ömər İbnul Xəttabın (ra) əmrini yerə salmışdır:

-‘Müsəlman ordusu Şam diyarında zəfər çalır və şərqdən Firat, şimaldan Anadoluya kimi bütün əraziləri fəth edirlər.Bu zaman Şam diyarında bu günə qədər insanların görmədiyi bir xəstəlik-vəba epidemiyası tüğyan etməyə başlayır.Minlərlə müsəlman bu xəstəliyinin qurbanı olur.Bu hadisədən xəbər tutan Ömər (ra) Əbu Ubeydənin də (ra) bu xəstəliyə düçar olub, vəfat edəcəyindən qorxur və dərhal Əbu Ubeydəyə məktub yazır:

-“Ya Əbu Ubeydə, sənin köməyinə ehtiyacım var.Ona görə sən mütləq geri qayıtmalısan.Məktubum sənə gecə çatdısa, səhəri gözləmədən, yox əgər gündüz çatdısa gecəni gözləmədən yola çıx!”

Bəli... Ömər (ra) bilirdi ki, xəstəliyə tutulmasın deyə onu (ra) geri çağırdığını Əbu Ubeydə (ra) bilsə geri dönməyəcəkdir.Ona görə məktubu məhz bu cür yazır.

Bir müddət sonra Əbu Ubeydə (ra) Ömər ibnul Xəttabın (ra) məktubunu alır.Cavab olaraq yazır:

-Ey möminlərin əmiri! Sənin mənə olan ehtiyacını anladım.Sən bir gün mütləq öləcək bir insanı yaşatmaq istəyirsən.Mən müsəlman ordusunun başındayam.Onların başına gələcək müsibətdən özümü qurtarmaq istəməzdim.Allahın mən və onlar haqqında verdiyi hökmü yerinə yetirənə qədər onlardan ayrılmaq istəmirəm.Ona görə qərarından əl çək və mənim burada qalmağıma izn ver.

Ömər (ra) məktubu oxuyarkən ağlamağa başladı.Ətrafındakılar xəlifənin bu qədər ağladığını görüb dedilər:

-Ya Əmiril mu-minin, Əbu Ubeydə vəfat etdimi? Ömər (ra) cavab verdi:

-Xeyr, amma ölümü çox yaxındır.

Bəli.. Ömər ibnul Xəttab (ra) səhv etməmişdir.Qısa bir müddət sonra Əbu Ubeydə vəba xəstəliyinə tutulur və ölüm ayağında ikən müsəlman qardaşlarına nəsihət verməyə başlayır:

-“Sizə bəzi tövsiyyələrim var, əgər qəbul etsəniz daim xoşbəxt olarsınız.Namazı tərk etməyin,Ramazan ayında oruc tutun, zəkat və sədəqə verin,həcc və ümrə ziyarəti edin.Bir-birinizə yaxşı əməlləri tövsiyyə edin.Böyüklərinizin nəsihətlərinə laqeyd yanaşmayın.Onları aldatmayın ki, dünya da sizi aldatmasın.Bir insan min il yaşasa da ölümdən xilas ola bilməyəcəkdir.Əssələmu aleykum və rahmətullah!”

Daha sonra Muaz ibn Cəbələ (ra) tərəf çevrilib buyurur:

-Muaz, namazı sən qıldır.

Bir müddət sonra Əbu Ubeydə İbnul Cərrah (ra) ruhunu Allah təaləyə təslim etdi.Muaz (ra) ayağa qalxaraq buyurur:

-Ey insanlar, vallahi, siz elə bir adam itirdiniz ki, ondan daha doğru,pisliklərdən daha uzaq, ölümü daha çox arzu edən və xalqa daha çox öyüd verib, yaxşılıq edən birini görmədim.Ona rəhmət diləyin, Allah da sizə mərhəmət etsin.


Tarix: 01.05.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Peyğəmbərlərin Həyatı