beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Osman ibn Əffanın (A.r.o.) Xilafəti (Hicri 23-35)

Şura hadisəsi:
Ömərə (Allah ondan razı olsun) xəsarət yetiriləndə o xilafəti altı nəfərə həvalə etdi. Onlar, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Talha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Əbdürrəhman ibn Ovf və Səd ibn Əbu Vaqqas idilər. Şura hadisəsini İmam Buxari Səhih adlı kitabında rəvayət etmişdir. Bu rəvayətlə biz həqiqi tarixin itmədiyinə bir daha əmin oluruq. Buxari bizim üçün iki önəmli hadisəni rəvayət etmişdir. Biz: "Tarixi mütləq dəqiqləşdirmək lazımdır" - deyəndə yanılmamışıq. Əlhəmdulilləh bu kimi əhəmiyyətli tarixi hadisələri dəqiqləşdirmək, bu haqda doğru rəvayətlər tapmaq mümkündür.

Buxari Ömərin (Allah ondan razı olsun) qətli haqda uzun bir rəvayət qeyd etmişdir. Rəvayətin bir hissəsində deyilir: Ömərə (Allah ondan razı olsun) dedilər: "Ey Möminlərin əmiri! Vəsiyyətini de, bir xəlifə təyin et!" Ömər (Allah ondan razı olsun) dedi: "Mən bu iş üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölərkən razı qaldığı bu insanlardan başqasını məsləhət görmürəm". Sonra onların adlarını qeyd edərək dedi: "Osman, Əli, Talha, Zubeyr, Səd və Əbdürrəhman ibn Ovf".
Sonra Ömər (Allah ondan razı olsun) dedi: Abdullah ibn Ömər sizin bu işinizi yalnız müşahidə edəcəkdir. Onun rəhbər olmağa bir aidiyyatı yoxdur. Əgər rəhbərlik Sədə verilsə qoy onun da olsun. Əgər rəhbər olmasa siz onu hansısa işə təyin edə bilərsiniz. Mən onu aciz və ya xain olduğu üçün vəzifəsindən uzaqlaşdırmamışdım.
Bundan sonra deyilən səhabələr (Allah onlardan razı olsun) bir yerə toplaşıb məşvərə etdilər. Əbdürrəhman dedi: Gəlin aramızdan üç nəfər bu işi istədiyinə həvalə etsin.
Zubeyr dedi: Mən yerimi Əliyə verirəm[1].
Talha dedi: Mən də yerimi Osmana verirəm.
Səd dedi: Mən isə yerimi Əbdürrəhman ibn Ovfə verirəm.
Beləliklə üç nəfər işi digərinə həvalə etdi və şurada üç nəfər: Osman ibn Əffan, Əli ibn Əbu Talib və Əbdürrəhman ibn Ovf - qaldı.
Əbdürrəhman dedi: Sizin ikinizdən biriniz bu işdən imtina etsə elə ona da xəlifəliyi verəcəyik. Öz nəfsinizə baxın və hansınız daha üstündürsə Allahını, dinini düşünüb qərar versin. Belə dedikdə Osman və Əlidən bir səs çıxmadı.
Əbdürrəhman ibn Ovf dedi: Siz icazə versəniz mən ikinizdən birini seçərəm. Allaha and olsun! Mən daha üstün olanınızdan yan keçməyəcəyəm.
Hər ikisi buna razılıq verdilər. Əbdürrəhman, Əlinin əlindən tutub dedi: Sənin Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qohumluğun var, İslamı ilk qəbul edənlərdənsən. Səni Allaha and verirəm! Xilafəti sənə həvalə etsəm ədalətli olacaq, Osmana həvalə etsəm onda ona itaət edəcəksən.
Sonra Osmana yaxınlaşaraq eyni sözlərlə ona müraciət etdi.
Hər ikisindən söz aldıqdan sonra dedi: Ey Osman, əlini qaldır. Osman əlini qaldırdı, ilk olaraq Əbdürrəhman, sonra Əli, sonra şura üzvləri ona beyət etdilər[2].
Bu, Buxarinin Səhih kitabında Osmanın (Allah ondan razı olsun) xəlifəliyinə dair rəvayətidir.
Bu haqda Buxarinin səhih kitabında geniş rəvayətlər də mövcuddur. Məsələn rəvayətlərin birində deyilir ki, Əbdürrəhman ibn Ovf üç gün ərzində Mühacir və Ənsarların hamısının evlərini gəzərək onlardan kimin xəlifə olmasını soruşurdu. Əbdürrəhman deyir: "Allaha and olsun! Mühacir və Ənsarların evlərini bir-bir gəzərək bu haqda soruşmuşam. Onlar, Osman olan yerdə başqasını məsləhət görmədilər"[3].
Bu onu göstərir ki, Osmana olan beyət bir gündə olmamışdır. Əbdürrəhman, Osman və Əlidən söz aldıqdan sonra üç gün bu haqda araşdırmış və fikirləşmiş sonra Osmanı seçmişdir.
Çox kədərli haldır ki, səhabələrin həyatları haqda danışan müasir tarix yazarları Buxarinin rəvayətindən üz çevirir, Təbərinin tarix kitabında Əbu Mixnəf adlı rəvayətçinin uydurma rəvayətini götürürlər. Həmin rəvayətdə deyilir:
Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) xəsarət yetirildikdə ona dedilər: Ey Möminlərin əmiri özündən sonra xəlifə təyin et!
Ömər dedi: "Kimi təyin edim? Əgər Əbu Ubeydə ibn əl-Cərrah sağ olsaydı onu xəlifə təyin edərdim. Əgər rəbbim məndən (nə üçün Əbu Ubeydəni seçdin deyə) soruşsa deyəcəm: Sənin Peyğəmbərinin belə dediyini eşitmişəm ki, o bu ümmətin əminidir. Həmçinin Səlim mövlə Əbu Huzeyfə də sağ olsaydı onu təyin edərdim. Əgər rəbbim məndən (nə üçün Səlimi seçdin deyə) soruşsa deyəcəm: Sənin Peyğəmbərinin belə dediyini eşitmişəm ki, Səlim Allahı çox sevirdi". Bu zaman bir nəfər dedi: mən bilirəm kimi, Abdullah ibn Öməri təyin etməlisən. Ömər dedi: "Allah səni öldürsün, mən belə qərarla Allahın qarşısına çıxmaq istəmirəm. Vay sənin halına, arvadını boşamaqda acizlik çəkən insanı necə xəlifə təyin edim. Bizim sizin işlərinizə bir qarışacağımız yoxdur. Mən bu işin tərifəlayiq olduğunu deməmişəm ki, indi də ailəmdən kimisə xəlifə təyin edim. Əgər bu xeyirli olubsa bizim ailə artıq bunu görmüşdür. Yox əgər şər olubsa o da bizdən uzaqdır. Ömərin ailəsindən bir nəfərin Məhəmməd ümməti haqda mühakimə edilməsi artıq yetərlidir. Mən ailəmdən məhrum olub, gecə-gündüz çalışmışam. Əgər mən hesabımı başabaş bitirsəm xöşbəxtlərdən olaram. Əgər mən xəlifə təyin etsəm məndən xeyirli olan (yəni, Əbu Bəkr) artıq xəlifə təyin etmişdi. Yox əgər təyin etməsəm məndən xeyirli olan (yəni, Peyğəmbər) da xəlifə təyin etməmişdi. Allah öz dinini başsız qoyan deyildir!".
Onlar oradan çıxıb getdilər və sonra qayıdıb dedilər: Ey möminlərin əmiri heç olmasa kiməsə bir əhd ver.
Ömər dedi: Mən sizinlə keçən söhbətimi etdikdən sonra, sizi doğru yolda apara biləcək bir nəfəri (Əliyə işarə etdi) təyin etməyi düşünürdüm. Bu anda huşumu itirdim və gördüm ki, bir nəfər özü əkdiyi bağçaya daxil oldu. Əlinə keçən yetişən-yetişməyən meyvələri dərib yığırdı. Bundan sonra bildim ki, Ömər də vəfat edir və Allah artıq bu iş (yəni, kimin xəlifəliyə layiq olduğu) haqda Öz hökmünü vermişdir. Ona görə mən nə sağ olanda nə də öləndən sonra bu işin məsuliyyətini daşımaq istəmirəm. Mən sizə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cənnətlə müjdələdiyi bu dəstəni tövsiyə edirəm. Mən onlardan deyiləm amma Səid ibn Zeyd ibn Amr ibn Nufeyl isə onlardandır. Digər altı nəfər isə bunlardır: İbn Əbd Manaf oğulları olan Əli və Osman, Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) dayıları Əbdürrəhman və Səd, köməkçisi və bibisi oğlu Zubeyr ibn əl-Əvvam, Talhatul xeyr kimi tanınan Talha ibn Ubeydullah. Onlar bir nəfəri seçsinlər. Əgər kimisə seçsələr siz də ona dayaq olun. Sizlərdən kiməsə bir iş tapşırsa onu layiqincə yerinə yetirsin.
Onlar Ömərin yanından çıxdıqda Abbas Əliyə dedi: Sən onlarla bir vaxtda daxil olma.
Əli dedi: Mən ixtilaf xoşlamıram.
Abbas dedi: O zaman xoşlamadığınla rastlaşacaqsan.
Səhərisi gün Ömər, Əlini, Osmanı, Sədi, Əbdürrəhman ibn Ovfi, Zubeyr ibn əl-Əvvamı yanına çağırıb dedi: Mən sizi camaatın rəhbəri və idarəçisi görüb sizi seçdim və bu idarəçilik də yalnız sizdə qalmalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə sizdən razı idi. Əgər siz doğru yol seçsəniz insanlardan sizə bir təhlükə gözləmirəm. Lakin mən qorxuram ki, siz öz aranızda ixtilaf edərsiniz və camaat da ixtilafa düşər. Gedin Aişədən icazə alın və onun evində müşavirə edin və aranızdan bir nəfəri seçin.
Daha sonra Ömər: Aişənin evinə girməyin sadəcə evin yaxınında dayanın - deyib başını yatağına qoydu və artıq yarasının qanaxması başlamışdı.
Onlar evə daxil olub münaqişə etdilər və səsləri yüksəldi. Əbdürrəhman ibn Ömər dedi: Sübhənəllah, möminlərin əmiri hələ ölməyib, onu dinləyin. Ömər dedi: Bu işdən əl çəkin. Mən öləndən sonra üç gün məşvərət edin, dördüncü gün isə mütləq bir nəfəri əmir təyin etməlisiniz. Bu müddət ərzində camaata namazı Suheyb qıldırsın. Abdullah ibn Ömər sizin məşvərətinizi müşahidə etsin. Lakin onun əmirlikdə payı yoxdur. Talha da sizin bu işinizə şərikdir. Əgər üç gün ərzində camaat ona üstünlük verərsə əmirliyi də ona verin. Əgər üç gün ərzində Talha gəlib çatmasa siz öz əmirinizi seçin. Talhanı razı salmağa kim zamin durar? Səd ibn Əbu Vaqqas dedi: Mən zaminəm, inşəllah narazı qalmaz. Ömər dedi: Mən də ümid edirəm ki, narazı qalmaz. Mənə elə gəlir bu iş Əli və Osmandan yan keçən deyildir.
Əgər Osman olsa, o nisbətən mülayim insandır. Əli olsa, o gülərüz insandır və camaatı doğru yolda aparmağa qadirdir. Əgər bu iş Sədə verilsə o bunu bacarar. Əgər onu seçməsələr xəlifə ondan istifadə etsin. Çünki mən onu xəyanətə və ya zəifliyə görə işdən azad etməmişəm. Əbdürrəhman ibn Ovf necə də gözəl rəy sahibidir. O Allah tərəfindən qorunan dərrakəli insandır. Onun sözünü dinləyin.
Daha sonra Ömər, Əbu Talha əl-Ənsariyə dedi: Ey Əbu Talha, Allah artıq sizinlə İslam dinini izzətləndirmişdir. Sən Ənsarlardan əlli nəfər seç və bu dəstəni aralarından bir nəfər əmir seçməyi tələb et.
Sonra Miqdad ibn əl-Əsvədə dedi: Məni qəbrimə qoyduqda o dəstəni yığ, qoy aralarından bir əmir seçsinlər.
Suheybə isə dedi: Bu üç gün ərzində insanlara namazı sən qıldır. Əlini, Osmanı, Zubeyri, Sədi, Əbdürrəhmanı və səfərdən gəlsə Talhanı da bir yerə topla. Abdullah ibn Öməri də oraya gətir lakin ona əmirlik vermə. Onların başı üstündə dayan qoy bir nəfəri seçsinlər. Əgər beşi bir nəfərin əmir olmasına razı olub biri narazı olsa onun başını dağıt, yaxud başını qılıncla üz. Əgər dördü bir nəfərin əmir olmasına razı olub ikisi narazı olsalar onların başlarını qılıncla üz. Əgər üçü bir nəfərin, digər üçü isə bir nəfərin əmirliyini desələr onda qoy Abdullah ibn Ömər onlara hakim olsun. O hansı dəstəni seçsə onlardan biri əmir olsun. Əgər digər dəstə Abdullah ibn Ömərin dediyi ilə razı olmasalar onda Əbdürrəhman ibn Ovf olan dəstəni seçin. Camaatla razılaşmayan dəstəni isə öldürün[4].
Deyirəm sübhənəllah! Necə ola bilər ki, Ömər (Allah ondan razı olsun), Osman, Əli, Talha, Zubeyr, Əbdürrəhman ibn Ovf və Səd ibn Əbu Vaqqas kimi şərəfli səhabələrin qətlini halal görsün. Axı Ömər özü deyirdi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öləndə bu adamlardan razı idi. Elə bu məqam rəvayətin yalanını üzə çıxarır. Sonra kim cürət edib belə bir əmri yerinə yetirər?! Bu onu göstərir ki, rəvayət uydurmalarla bəzədilmişdir.
İndi isə Buxarinin rəvayət etdiyi səhih rəvayətə qayıdaq.
Camaat Osmanı seçib ona beyət etdilər. O, Əbu Bəkr və Ömərdən sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən əfzəl səhabəsi idi. İbn Ömər (Allah ondan razı olsun) rəvayətində deyir: "Biz səhabələr, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra birinci Əbu Bəkrlə, ikinci Ömərlə sonra isə Osmanla heç bir kimsəni tay tutmurduq. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər səhabələri arasında isə fərq qoymurduq"[5].
Təbəraninin nəql etdiyi rəvayətdə İbn Ömər deyir: "Peyğəmbər bizim belə dediyimizi eşidir və buna etiraz etmirdi"[6].
Abdullah ibn Məsud, Osmana edilən beyət haqda deyir: "Biz aramızda ən yüksəyimizi əmir seçdik"[7].
Əyyub ibn Təmim əs-Sixtiyani, Əhməd ibn Hənbəl və Darəqutni kimi alimlər deyərdilər: "Kim Əlinin Osmandan üstün olduğunu deyərsə mühacir və ənsarları təhqir edər". Alimlərə bu sözü deməyə əsas verən amil Əbdürrəhman ibn Ovfin bu sözləridir: "... Mühacir və Ənsarların evlərini bir-bir gəzərək bu haqda soruşmuşam. Onlar, Osman olan yerdə başqasını məsləhət görmədilər. Hamı Osmanın (Allah ondan razı olsun) bu işə daha layiqli olmasını deyirdi".
Osmana hamılıqla beyət edildi. İmam Əhməd ibn Hənbəl deyir: "Camaat arasında Osman qədər səs toplayan ikinci bir şəxs yox idi. Hamı onun xəlifəliyinə razı idi"[8].
Onun adı və soyu:
Osman ibn Əffan ibn Əbul-As ibn Umeyyə ibn Əbdi Şəms ibn Əbdi Mənaf. Onun soyu Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbdi Mənaf adlı babasında birləşir. Onun anası Urva bint Kureyz ibn Rabiə, nənəsi isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bibisi olan Ummu Həkim bint Əbdülmüttalib idi[9].
O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ruqeyyə və Ummu Kilsum adlı iki qızı ilə evləndiyi üçün Zinnureyn ləqəbi ilə tanınırdı[10].
Təxəllüsü Əbu Abdullah və Əbu Ömər idi. O, Əbu Bəkrin əli ilə İslamı ilk qəbul edənlərdən idi[11]. İlk dəfə Həbəşistana daha sonra isə Mədinəyə hicrət etmişdir.
Əhli sünnə və camaatın əqidəsinə əsasən kim Əlini, Əbu Bəkr və Ömərdən üstün tutarsa o adam yolunu azandır, bidətçidir. Amma kim Əlini Osmandan üstün sayarsa o xəta edir və beləsinə bidətçi və ya zəlalətçi deyilmir. Bir çox alimlərin: "Səhabələr yekdilliklə Osmanı xəlifə seçdikləri halda kimsə Əlini Osmandan üstün tutarsa artıq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin əmanətə xəyanət etməsini demiş olar" – deməsiylə, Əlini Osmandan üstün tutanlara qarşı sərt danışmasına baxmayaraq əhli sünnə və camaatın əqidəsi budur[12].
Osmanın xilafət dövrü fəthlərlə zəngin idi. Bu vəziyyət on il davam etdi. Bu illər ən gözəl illərdən sayılırdı. Bu vaxt ərzində İslam dövlətinin sərhədləri çox genişlənmişdi. Həmin dövrdə Müaviyə Kipr adalarını fəth etmişdi. Ömər dəniz yolu ilə fəthləri qadağan edir, Osman isə buna icazə verirdi. Həmçinin bu ərəfədə Azərbaycan, Ermənistan, Kabul, Sicistan və bir çox ölkələr fəth edildi. Həmçinin onun xilafəti dövründə Zətussəvari adlı böyük döyüş olmuşdu.
Osman, Məscidül Həramı və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidini genişləndirdi. Raşidi xəlifələrin zamanında bu iki məscidi genişləndirmək üçün ən böyük layihənin icrası Osmanın (Allah ondan razı olsun) xilafətində olmuşdur.
1. Əbdürrəhman ibn Səmura deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əl-Usra ordusunu hazırlayarkən Osman ibn Əffan paltarının ətəyinə min dinar yığıb onun yanına gəldi və dinarları Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) evinə tökdükdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinarları ovuclayaraq bu sözləri təkrar edirdi: "Bu gündən sonra edəcəyi heç bir iş İbn Əffana zərər verməz!"[13].
2. Əbu Musa əl-Əşari deyir: Osman Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qapısını döyüb icazə aldı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Qapını aç və baş verəcək bəlaya görə onu cənnətlə müjdələ"[14] (Buxari və Mülsim).
3. Ənəs ibn Malik (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əbu Bəkr, Ömər və Osman Uhud dağının üzərinə çıxdıqları zaman dağ titrədi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Ey Uhud! Sakitləş! Sənin üzərində bir Peyğəmbər, bir siddiq, iki şəhid vardır"[15].
4. İbn Ömər (Allah ondan razı olsun) deyir: Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim yanımıza gələrək dedi: "Bir az əvvəl yuxuda məqalid və tərəziləri gördüm. Məqalid açarlardır. Mən tərəzinin bir gözünə qoyuldum, ümmətim isə digərinə qoyuldu və mənin qoyulduğum tərəf ağır gəldi. Sonra Əbu Bəkri gətirdilər o da ağır gəldi, sonra Öməri gətirdilər o da ağır gəldi, sonra Osmanı gətirdilər o da ağır gəldi. Sonra tərəzi qaldırıldı". Bir nəfər kişi dedi: Bəs biz harada olacayıq?. Cavabında dedi: "Siz (əməllərinizlə) özünüzü harada etsəniz orada da olacaqsınız"[16].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Osmanın (Allah ondan razı olsun) başına gələcək hadisələr haqda xəbər verməsi onun həqiqətən Allah elçisi olmasının sübutudur.
Murra ibn Kəəb (Allah ondan razı olsun) deyir: Bir gün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitnələr haqda danışdığını və onun yaxınlaşdığını eşitdim. Bu zaman bir nəfər paltarına bürünmüş halda oradan keçdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Həmin gün bu insan haqq üzərində olacaqdır". Murra ibn Kəəb deyir: Mən ona yaxınlaşdıqda onun Osman olduğunu gördüm[17].
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Ey Osman! Bir gün Allah sənə bu işi (xilafəti) nəsib etsə və münafiqlər Allahın sənə geyindirdiyi libası əynindən çıxarmaq istəsələr sən o libası əynindən çıxarma"[18].
Osman (Allah ondan razı olsun), Ömər ibn əl-Xəttabdan sonra on iki il xəlifəlik etdi. O xəlifə olanda yetmiş yaşı var idi. Səksən iki yaşında isə onu qətlə yetirdilər. Fitnə onun həyatının sonunda oldu. Allah ondan razı olsun.
Bir çox iftiraçıların, zəlalətçilərin və cahillərin ləkələmək istədiklərinə baxmayaraq həqiqətdə Osman ibn Əffanın xəlifəliyi, raşidi xəlifəlik dövrünün qızıl çağları hesab olunur. Onun vaxtında İslam dövləti çox genişləndi. Hətta Şimali Afrika, İskəndəriyyə, Azərbaycan, Ermənistan, Fars vilayətləri fəth edildi və ilk İslam dəniz donanması yaradıldı. Onun xilafətində əminamanlıq, bolluq və sədəqə verənlər artdı. Bu naz-nemət və fəthlər on iki il, Osmanın xilafəti dövründə davam etdi. Sonra hicrətin otuz beşinci ilində fitnə baş verdi. Bir dəstə zalım və cinayətkar adam onun evinə daxil olub oruclu halda Quran oxuyarkən onu qətlə yetirdilər.


Afrikanın fəthi
(Hicrətin 27-ci ili)[19].

Zətus Səvari döyüşü
(Hicrətin 31-ci ili).
Rumlu Heraklın oğlu Konstantin Barbarlarla birgə Abdullah ibn Əbussərhə qarşı birləşərək misli görünməyən bir qoşun topladılar. Onların qoşununda beş yüz süvari var idi. Onlar məğrib vilayətlərində olan Abdullah ibn Əbussərhə və onun qoşununa tərəf getdilər. Hər iki qoşun qarşılaşdıqda rumlular xaç çəkir, müsəlmanlar isə namaz qılır və Quran oxuyurdular. Səhər açılanda Abdullah ibn Əbussərh qoşununu düzdü və onlara Allahı zikr etməyi, Quran oxumağı əmr etdi.
Külək rumluların və barbarların xeyrinə əsirdi. Sonra külək dayandı və müsəlmanlar onlara dedilər: İstəyirsinizsə gəmilərdən yerə enək. Rumlular bu təklifi qəbul etmədilər. Müsəlmanlar gəmilərlə onlara yaxınlaşdılar və döyüş qızışdı. Sonra Allah müsəlmanlara qələbə verdi və Konstantin öz ordusu ilə qaçdı. Abdullah ibn Əbussərh bir neçə gün Zərussəvari adlı yerdə dayanıb düşmən gözlədikdən sonra qələbəylə qayıtdı.


Barbar və Cərcirlərin müsəlmanlarla döyüşü
Müsəlmanlar Abdullah ibn Əbussərhin başçılığı altında iyirmi minlik qoşunla Afrikaya hücum etdikdə, Barbarların padşahı Cərcir yüz iyirmi minlik, başqa rəvayətə görə iki yüz minlik qoşunla onların qarşısına çıxdı. Müsəlmanların qoşununda Abdullah ibn Ömər, Abdullah ibn əz-Zubeyr kimi görkəmli səhabələr vardı. Qoşunlar üzləşdikdə Cərcir öz qoşununa müsəlmanları mühasirəyə almağı əmr etdi. Belə olduğu halda müsəlmanlar strateji baxımdan ən pis mövqedəydilər. Bu mövqe çox təhlükəli idi. Abdullah ibn əz-Zubeyr deyir: Mən Cərcirin qoşunun arxasında yük atının üzərində dayandığını[20] və iki kənizin onu tovuzquşu lələyi ilə kölgələndirirdiyini gördüm. Gedib Abdullah ibn Səəd ibn Əbussərhə dedim: Mənə bir neçə nəfər gözətçi ver padşaha hücum çəkim. O da bir neçə nəfər cəsarətli döyüşçü seçib onlara məni qorumağı əmr etdi. Mən irəli atılıb qoşun sıralarını yararaq padşaha yaxınlaşdım. Hamı elə düşünürdü ki, mən padşaha məktub aparan elçiyəm. Padşah isə mənim pisniyyətliliyimi başa düşüb atına minib qaçdı[21]. Mən ona çatıb nizə ilə onu vurdum və qılıncım ilə başını kəsib nizəmin ucuna taxaraq Allahu Əkbər deyib haray çəkdim. Barbarlar bunu gördükdə parçalanıb toyuq kimi qaçmağa başladılar. Müsəlmanlar isə onların arxasına düşüb öldürəni öldürür qalanları əsir alırdılar. Bu döyüşdə müsəlmanlar bol-bol qənimət, mal-dövlət və əsir ələ keçirdilər. Bu hadisə, Qeyrəvan vilayətindən iki günlük yol məsafəsində Subeytələ adlı yerdə baş vermişdir. Bu, Abdullah ibn əz-Zubeyrin yadda qalan ilk qəhrəmanlıq nümunəsi idi. Allah ondan, atasından və bütün dostlarından razı olsun!


[1] Bu rəvayət həqiqəti bizə açıq-aşkar göstərir ki, Zubeyr ibn əl-Əvvam (Allah ondan razı olsun) Əliyə (Allah ondan razı olsun) nifrət edən kimsələrdən deyildi. Necə ona nifrət edərdi ki, o onun Səfiyyə adlı bibisinin oğlu idi. Həmçinin rəvayətdən də görsəndiyi kimi Zubeyr (Allah ondan razı olsun) onu xəlifəliyə namizəd kimi təqdim etmişdir.
[2] Səhih əl-Buxari: Kitab fədailus səhabə, Bab qissətul beyət, ? 3700.
[3] Səhih əl-Buxari: Kitabul əhkam, Bab keyfə yubayiul imam ən-nasə, ? 7207.
[4] Tarixut Təbəri: 3, 292.
[5] Səhih əl-Buxari: Kitab fədailus səhabə, Bab mənaqib Osman, ? 3697.
[6] Mucəm ət-Təbərani əl-Kəbir: 12, ? 13132. əs-Sünnə: Xəllal, səh 398. əs-Sünnə: İbn Əbi Asim, 553. Albani hədisin sənədinin mötəbər olduğunu demişdir.
[7] əs-Sünnə: Xəllal, səh 320.
[8] əs-Sünnə: Xəllal, səh 320.
[9] Mərifətus Səhabə: 1, 235.
[10] Mərifətus Səhabə: 2, 245.
[11] əl-İsabə: 2, 455.
[12] əs-Sünnə: Xəllal, səh 378, 392.
[13] Əhməd: 5, 36. Bu rəvayətin sənədində Əbdürrəhman ibn Səmurənin köləsi olan Kəsir ibn Əbu Kəsir mövcuddur. O, tanınmayan bir rəvayətçidir. Albani Mİşkətul Məsabih adlı əsərində bu hədisin həsən olduğunu qeyd etmişdir ? 6064.
[14] Buxari: Kitab əl-Mənaqib, Bab Mənaqib Osman, ? 3695. Müslim: Kitab fədailus səhabə, ? 2403.
[15] Buxari: ? 3675.
[16] Müsnədi Əhməd: 2, 76. Hədisin sənədində Ubeydullah ibn Mərvan adlı rəvayətçinin kimliyi tanınmır. Əhməd Şakir hədisin səhih olduğunu qeyd etmişdir, ? 5469.
[17] Tirmizi Səhih sənədlə rəvayət etmişdir, ? 3704.
[18] Sünən İbn Macə, əlmuqəddimə, Bab fədail əshabun Nəbiyy ? 97.
[19] əl-Bidayə vən Nihayə: 7, 157.
[20] 21
[21] Qeyri ərəb atı. Lisanul Ərəb: 13, 51.


Tarix: 27.04.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1050 Bölmə: Peyğəmbərlərin Həyatı