beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: Səhabələrin (Allah onlardan razı olsun) ədalətli olmalar

Səhabənin dil baxımından tərifi: Bu söz, yoldaş (sahib) sözündən götürülmüşdür. Bu söz, davamçı və ardıcıl mənaları əsasında bir neçə məna kəsb edir[1].
Səhabə şəriət baxımından tərifi: İman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən[2]. Bu haqda digər təriflər də mövcuddur.
Səhabələr, Peyğəmbərlə yoldaşlıqlarına, uca və pak Allah yanında olan dərəcələrinə görə biri-birlərindən fərqlənirlər.

Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[3].
Bu ayədə uca və pak Allah Özünün, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edən möminlərdən razı qaldığını bəyan edir. Allah onların ürəklərində olan imanı, sədaqəti bildiyi üçün o zaman onlara öz dərgahından arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi. Bu, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rizvan beyəti edənlərin imanlarında sadiq olmalarına dair, Allah təalə tərəfindən bir şahidlikdir.
Səhih hədislərin birində Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Ağac altında beyət edənlədən, yalnız qırmızı dəvə sahibi istisna olmaqla, heç biri cəhənnəmə daxil olmayacaqdır"[4].
Deyilən qırmızı dəvə sahibi, Peyğəmbərlə yola çıxan, əl-Cədd ibn Qeys adlı bir münafiq idi. Ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edənlərin sayı 1400 nəfər, bəzi rəvayətlərə görə isə 1500 nəfər idi. Allah bu kəslərin imanına şahidlik etdi və qəlblərinin, zahiri əməllərinə uyğun olduğunu təsdiqlədi. Onların arasında yalnız bir nəfər münafiq olduğunu isbatlamışdır. Bu adam haqqında da Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdi. Həmin adam orada olsa da Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət etməmişdi. Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!"[5]
Bu ayədə Allah təala fəthdən öncə malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Fəthdən sonra da, malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Deyilənlərin təsdiqi Allah təalanın bu ayəsindədir: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar. Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər"[6].
Bu isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), istər fəthdən öncə, istərsə də fəthdən sonra iman gətirib malını Allah yolunda xərcləyən bütün səhabələrinə, Allah təalanın ikinci şahidliyidir. Uca və pak Allah qənimətin məsrəflərini qeyd edərək buyurur: "(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!"[7]
Ayədə deyilən "Allahdan mərhəmət və riza diləyən" sözləri, onların qəlbi əməllərindən xəbər verən sözlərdir. Allah təala da onların bu işdə sadiqliyini təsdiqləmişdir. Digər bir ayədə isə Allah təala buyurur: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!"[8]
Başqa bir ayədə Allah təala Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümməti haqqında deyir: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır"[9].
Allahın, insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz deyərək vəsf etdiyi bir ümmət, bəzi zəlalət təriqətlərinin bu ümmətə verdikləri vəsf ilə uyğun gəlmir. Demək onlar deyirlər ki, üç nəfərdən başqa, bütün mühacir və ənsarlar mürtəd olmuşdur[10]. Halbuki, Allah təalanın, üç nəfərdən başqa, hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir.
Hədislərin birində, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mənim səhabələrimi söyməyin. Nəfsim əlində olana and olsun ki, əgər sizlərdən biri Uhud dağı mislində qızıl xərcləsə, onların xərclədiklərinin nəinki bir ovucuna, heç yarısına da çatmaz"[11].
Başqa bir rəvayətdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: Qiyamət günü Nuh peyğəmbər çağrıldıqda deyəcəkdir: Ey Rəbbim, Sənin çağırışına səs verirəm, hüzurunda hazıram.
Allah təala deyəcək: Sənə verilən şəriəti insanlara çatdırdınmı?
Nuh deyəcək: Bəli.
Nuhun ümmətinə deyiləcək: O sizə şəriəti çatdırıbmı?
Onlar deyəcəklər: Bizə heç bir xəbərdar edən elçi gəlməmişdir.
Allah təala Nuha deyəcək: Sənin şəriəti çatdırdığına dair kim şahidlik edə bilər?
Nuh deyəcəkdir: Məhəmməd və ümməti. Sonra onlar Nuh (aleyhis salatu vəs salam) üçün şahidlik edəcəklər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), bu hərəkəti Qurandan bir ayəinin nümunəsi kimi dəyərləndirmiş və bu ayəni oxumuşdur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun..."[12]
Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəyə təfsir verərək dedi: "Orta, ədalətli deməkdir"[13]. Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün ayəyə verdiyi təfsirdir. Orta olmaq, ədalətli olmaqdır. Allah təala bununla bir daha isbat edir ki, bu ümmət Onun şahidliyi ilə ədalətli ümmət sayılır.
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ümumi şəkildə ədalətli olmalarına dəlalət edən amillərdən biri, onların Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdikləri rəvayətlərin elm adamları tərəfindən yoxlanılmasıdır. Belə ki, onlar, heç bir səhabənin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından yalan danışdığına rast gəlməmişlər.
Bu da onu göstərir ki, Allah təala bu insanları seçmiş və Öz Peyğəmbərinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaş (səhabə) olaraq ixtiyar etmişdir[14].
---
[1]Lisanul Ərəb: 1, 519.
[2] əl-İsabə: 1, 10.
[3] əl-Fəth: 18.
[4] Camiut Tirmizi: Kitabul Mənaqib, Babun Fi Fadli Mən Bayəə Təhtəş Şəcərə: 2862. Hədisin əsli Müslimdədir. Kitabu Fədailus Səhabə: 1496.
[5] əl-Hədid: 10.
[6] əl-Ənbiya: 101-103.
[7] əl-Həşr: 8.
[8] əl-Həşr: 9.
[9] Ali İmran: 110.
[10] Usulul Kafi: 2, 344.
[11] Müslim: Fədailus Səhabə: 2540.
[12] əl-Bəqərə: 143.
[13] Səhih əl-Buxari: Ət-Təfsir: Bab, "Va kəzəlikə cəalnəkum ummətən vasatan", 4487.
[14] Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyir: "Allah bəndələrinin qəlblərini araşdırmış və onların içərisində Məhəmmədin qəlbini ən xeyirli olaraq seçmiş, onu Özünə Peyğəmbər götürmüş və şəriəti ilə elçi göndərmişdir. Məhəmmədin qəlbindən savayı digər bəndələrinin qəlblərinə baxmış və onların içərisində səhabələrin qəlblərini ən xeyirli bilərək onları Öz peyğəmbərinə vəzir seçmişdir" (Müsnədi Əhməd: 1, 279).


Tarix: 27.04.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Peyğəmbərlərin Həyatı