beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər də nəmləndirici krem istifadə etməlidir!

Yaz günəşi yay istisindən daha təhlükəlidir. Bu fikir tibbi cəhətdən də sübut edilib. Həkimlərin sözlərinə görə, yazda dərimiz yaya nisbətən daha çox zədələnir. Dərini bu cür kənar təsirlərdən qorumaq, zədələnməsinin qarşısını almaq üçün müxtəlif qoruyucu üsullardan istifadə etmək mütləqdir. Mütəxəssislərin sözlərinə görə, bunun üçün ən effektiv vasitə nəmləndirici kremlərdir.
Əziz kişilər, nəmləndirici kremlər yalnız xanımlar üçün nəzərdə tutulan cildə qulluq vasitəsi deyil. Eyni zamanda dərisinin tez qocalmasını, ləkələnməsini istəməyən bəylərimiz də bu vasitələrdən istifadə edə bilərlər.
Bəs nəmləndirici krem seçərkən əsas hansı keyfiyyətlərə fikir verməliyik? Hansı vasitələr dərimiz üçün təhlükəlidir? Əgər bu sualların cavabı sizə də maraqlıdırsa, məqaləmizi sona qədər oxumağınızı tövsiyyə edirik.
Amerikan mütəxəssislərinin sözlərinə görə, son illər ozon təbəqəsində baş verən ciddi zədələnmələr insan orqanizmi üçün zərərli hesab edilən şüaların bir neçə saniyə içərisində yer kürəsinə çatmasına şərait yaradır. Bunun üçün də daha yaxşı olar ki, gündəlk istifadə etdiyimiz kremlərdə SPF (Sun Protection Factor) 30+ olsun. Üzərində günəşdən qoruma faktoru göstərilməyən, ümumiyyətlə, belə bir xüsusiyyətə sahib olmayan kremlər dərimizdə müxtəlif ləkələrin yaranmasına səbəb ola bilər. Yəni, hər hansısa bir nəmləndirici kremdən istifadə etməyiniz hələ bütün problemlərin həlli demək deyil. Bu mövzuda xüsusilə diqqətli olmağınız mütləqdir.
Bəzilərimiz hələ də elə düşünürük ki, yalnız dəniz kənarında istirahət edərkən dərimiz gün işığından zədələnə bilər. Əslində isə hətta avtomobil idarə etdiyimiz, dayanacacaqda gözlədiyimiz zaman belə dərimiz zərərli şüaların təsirinə məruz qalır. Bu zaman xüsusən günəşlə birbaşa təmasda olan üz, boyun, əl və qollarımızı günəş işığından qorumağımız mütləqdir. Əks təqdirdə, bu zaman bizim gözümüzdə o qədər də əhəmiyyət kəsb etməyən bu zədələnmələr gələcəkdə daha böyük fəsadlar ortaya çıxara bilər.


Tarix: 07.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Metroseksual