beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağlı Dəri :(

Yağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Yağlı dəriyə yalnız qüsur kimi baxmaq ədalətsizlik olardı. Unutmayın ki, yağlı dəri çox gec qocalır. Məsələ bundadır ki, qoruyucu lipid qatı ətraf mühitin istənilən təsirinin qarşısını alır və dərinin nəmliyini qoruyur. Buna görə də yağlı dəri maksimal müddətə hamar və elastik qalır. Belə dəridə ilk qırışlar 45 yaşdan sonra əmələ gəlməyə başlayır. Yağlı dərinin başqa bir üstün cəhəti onun müvəqqəti xarakter daşımasındadır. Əksər halda dəridə yağlılıq yetkinlik dövründə başlayır, 25-27 yaşda isə başa çatır. Yağlı dəri yalnız 10 faiz insanlarda axıradək qalır.
Öz gözəlliyinin üstündə əsən gənclər seboreyin (dəri yağlılığı) əmələ gəlməsindən çox əziyyət çəkirlər. Dəri qüsurlarının ən çox əmələ gəldiyi hissə alın, burunun kənarları, çənə, kürək və sinədir. Dəri vəzisinin həddən artıq yağ ifraz etməsi üzdəki məsamələri genişləndirir, məsamələrə dolan toz və çirk isə orada civizələr əmələ gətirir.
Beləliklə, yağlı dəridə eyni zamanda həm genişlənmiş məsamələr, həm də qara və qırmızı rəngli civizələr olur. Bundan başqa, çoxlarında yağlı dəridə ölü hüceyrələr toplaşaraq qalın, xoşagəlməz epidermis əmələ gətirir. Nəticədə əmələ gələn görünüş, təbii ki, ürəkaçan olmur. Belə qüsurlar gənclərdə hətta sinir depresiyaları doğurur. Adətən, gənclər səbirsizliklə ani nəticə gözləyirlər. Təəssüf ki, bir göz qırpımında uzunmüddətli effekt əldə etmək o qədər də asan deyil. Yağlı dərini gözəlləşdirməyə ən azı bir neçə ay vaxt lazımdır. Bütün sirr ardıcıl qulluqdadır. Əgər görünüşünüzü dəyişdirmək istəyirsinizsə, onda səbirli olun.
Hər şeydən əvvəl pəhrizdən başlamaq lazımdır. Qızardılmış, istiotlu, yağlı və şirin yeməklərdən imtina etmək vacibdir. Şokalad və başqa şirniyyatlardan da mütləq uzaq olmaq, vitaminlərin qəbulunu isə bir qədər intensivləşdirmək lazımdır. Bu cür qidalanma təkcə üzün dərisinə deyil, ümumiyyətlə, bütün orqanizmə öz müsbət təsirini göstərəcək.
Uğurun başqa bir zəmanəti epidermisin gündəlik təmizlənməsindədir. Üzü səhər və axşam, imkan varsa, hətta günorta da təmizləmək lazımdır. Bunun üçün xüsusi köpük, gel və musslardan istifadə etmək lazımdır. Dərini dezinfeksiya edən, qoruyan bu məhsulları indi istənilən qiymətə əldə etmək olar.
Üzü nə ilə yumaqdan əlavə, necə yumaq da az əhəmiyyət daşımır. İsti sudan istifadə etmək qəti qadağandır. İsti su piyin əmələ gəlməsini bir az da sürətləndirir. Üzü azacıq ilıq su ilə yumaq və sərin su ilə yaxalamaq lazımdır.
Bundan başqa, üzün xüsusi vasitələrlə pilinqi də vacibdir. Pilinqi soyuqdəyməli, qırmızı səpkilər olan üzdə etmək məsləhət deyil. Təmizləyici maskalar pilinqin bir hissəsidir. Lakin onlardan gündəlik istifadə edəndə üzün dərisi quruyur. Buna görə də daimi pilinqlə yağlı dəridən qurtulmaq tamamilə mümkünsüzdür. Pilinqi həftədə ən çox üç dəfə etmək olar. Qaşov maskanı nəm dəriyə çəkmək lazımdır. Bundan sonra onu yumşaq, dairəvi hərəkətlərlə, 2-3 dəqiqədən artıq olmayaraq sürtmək lazımdır. Kəskin hərəkətlər dəridə mikro travmalar əmələ gətirə bilər. Vasitə kimi üz üçün olan şotkalardan da istifadə etmək olar. Üzünüzə istənilən təmizləyici maddəni çəkib belə şotka ilə sürtdükdən sonra üz hamar və təmiz olur. Mütəxəssislər pilinqi axşam etməyi məsləhət görürlər.
Qaşov maddələrindən başqa da təmizləyici maskalar var. Şəffaf konsentrasiyaya malik bu maskalar üzdə quruduqdan sonra nazik qabıq şəklini alır. Həm yumşaq, həm də xoş olan bu üsül pilinq qədər effektlidir. Belə maskaların tərkibinə müalicə otları da daxil edilir. Bu maskaları iki həftədən artıq etmək olmaz.
Həftədə bir dəfə palçıq və ya gil maskaları da etmək mümkündür. Soyuqdəyməsi olan dəridə bu maskalardan istifadə etmək olmaz. Üzün yağlılığı yalnız parıltı və qara civizələrlə özünü büruzə verirsə, onda palçıq maskaları əvəzsiz vasitədir.
Həssas dəri üçün ağ və çəhrayı gel xeyirlidir. Ancaq bu maskaların effekti müvəqqətidir.
Üzü yuduqdan sonra silərkən diqqətli olun. Dəsmalı üzə sıxıb sürtmək məsləhət deyil. Ən yaxşısı dərini yüngül döyəcləyərək qurulamaqdır. Hər gün səhər üzünüzü yağlı dəri üçün olan lasyon və ya toniklə silmək lazımdır. Bu vasitələr yağlılığı aparır və məsamələri sıxır.
Təmizlənmiş dəriyə krem çəkin. Bunun da öz xüsusiyyətləri var. Mütəxəssislər yağlı dərili insanlara yağlı kremlərdən istifadə etməyi məsləhət görmürlər. Yumşaldıcı və nəmləndirici vasitə kimi tərkibində yağ olmayan hidrogel və emulsiyalardan istifadə etməyi lazım bilirlər. Bu vasitələr bir qayda olaraq, duru konsentrasiyaya malikdir, həmin an da dəriyə hopur və yağlı parıltı əmələ gətirmir.
Üzü tamamilə təmizlədikdən sonra dekorativ kosmetikadan istifadə etmək olar. Tonal krem seçərkən onun yağlı dəriyə uyğun gəlib-gəlmədiyinə diqqət yetirin. Yağlı dərilər üçün kirşan vacib vasitədir. Məhz kirşan üzün yağlı parıltısını gizlədir və dəriyə sağlam görünüş verir. Çox nadir hallarda müalicəvi xarakterə malik tibbi kirşanlardan da istifadə etmək olar.
Bütün kosmetoloqlar əmindirlər ki, yağlı dəri ən problemli və ən «qədirbilməz» dəridir. Bu tip dərilər çox qulluq, diqqət və nəzarət tələb edir. Bir balaca nəzarətdən kənarda qalan kimi bütün «pisliklərini» büruzə verirlər. Lakin təəssüflənmək lazım deyil. İndiki kosmetikaların çeşidi o qədər genişdir ki, hər kəs öz dərisinə və cibinə uyğun vasitə tapa bilər.

Üzünüzün dərisinə qulluq etmək üçün əsas vasitələrdən biri, qeyd etdiyimiz kimi, maskalardır. Maskaları hazır almaq və ya ev şəraitində də hazırlamaq olar. İndi sizə ev şəraitində hazırlana biləcək bir neçə maska resepti təklif edirik.
Qabıq verən dəri üçün maska: 1 yumurta sarısını 1 çay qaşığı bal ilə çalın. Sonra bura 3-4 damcı bitki yağı, 10 damcı limon şirəsi əlavə edib yenə tam qarışana qədər çalın. Alınan bircinsli məhlula 1 çay qaşığı un şəklinə salınmış yulaf və yaxud kəpək əlavə edin. Maskanı üzdə 20-25 dəqiqə saxladıqdan sonra yuyun.
Yağlı dəri üçün maska: 2 yumurta sarısına 1 çay qaşığı badam yağı əlavə edin. Tam qarışdırdıqdan sonra məhlula 1 xörək qaşığı bal, 5-6 damcı limon şirəsi və 1 xörək qaşığı kəpək əlavə edin. Maskanı üzdə 25 dəqiqə saxlayın, ilıq su ilə yuyun və sonra soyuq su ilə yaxalayın.
Ağardıcı maska: 1 xörək qaşığı su süngərini (badyaqa) 1 çay qaşığı 3 faizli hidrogen peroksidlə qarışdırıb üzünüzə çəkin. Maskanı 20 dəqiqə saxladıqdan sonra ilıq su və pambıqla çıxarın. Maskadan sonra üzünüz bir müddət dalansa da, effekti həmin anda hiss edəcəksiniz. Bu maska professional təmizləmədən sonra qalan ləkələri də aparır. Su süngərini istənilən aptekdən çox ucuz qiymətə əldə edə bilərsiniz.


Tarix: 09.06.2013 / 18:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri