Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaxt var idi, qadınlar kişiləri "alırdı"

Qadın hüquqlarının müdafiəçiləri özləri qadınların hüquqlarını pozurlar
Doğrudanmı, femina (latın sözüdür, «qadın» deməkdir) lənətlənmişdir və onun hüquqları insan hüquqlarından ayrı götürülməlidir?! Yəqin ki, qadın hüquqları ilə məşğul olan təşkilatlar, gender bərabərliyi prinsipinin müdafiəçiləri bunu inkar edəcəklər. Amma diqqət etsələr, görəcəklər ki, qadın hüquqlarının insan hüquqlarından ayrı götürülməsi, əslində feminanın şüurlu surətdə insandan fərqləndirilməsi deməkdir. Qəribə təzaddır, onlar qadın hüquqlarına hörmətin artırılmasını istərkən, özləri də bilmədən qadını ümumi insan cəmiyyətindən ayırırlar. Qadının hüquqlarına ayrıca baxmağa başlayırlar. Yenə də dünyada gender hüquqlarından bəhs edilərkən, əsasən qadın hüquqları nəzərdə tutulur. Halbuki gender («cins» deməkdir) hüquqları deyiləndə burada həm kişi, həm də qadın cinsindən olan insanların hüquqları nəzərdə tutulmalıdır.

Vaxt var idi, qadınlar kişiləri "alırdı"
Qadına münasibətdə ikili yanaşma məhz tarixdə feminist hərəkatların başlanmasına səbəb olmuşdu. Tarix bizə öyrədir ki, feminizm ilk olaraq Fransada təşəkkül tapmış, böyük Fransa inqilabından sonra (1789) populyarlaşmışdı. Feminizm əsrlər boyu qadınların həyat tərzini öyrənməyi, qadınlara yanaşmanı dəyişməyi və onların durumunu təhlil etməyi qarşıya məqsəd qoymuşdu. Tarix, sosiologiya, kulturalogiya həmişə birtərəfli təhlil edilmişdi.
Orada androkratiyaya (kişi hakimiyyəti) üstünlük verilmiş, qadının tarixdəki, sosiumdakı, kültürdəki rolu gözardı edilmişdi. Halbuki bir çox qadın tarixin müəyyən dövrlərinə öz möhürünü vurmuş, müxtəlif mədəniyyətlərin formalaşmasına həlledici təsir göstərmişdi. Feministlər qadınların tarixi rollarının tədqiqi üçün tarix elminə ciddi təsir göstərə bilmişdilər.

Kotan və dəyirman zərif tanrıları sərtləşdirdi
Qədim dünya tarixçilərinin mülahizələrinə görə, paleolit dövründə kişilər ovçuluqla məşğul olur, qadınlar isə onların ovladıqları heyvanları toplayır, qəbilənin yemək və geyim ehtiyaclarını ödəyirdilər. Bu dövrdə qadının rolu ön planda olmuşdu. Uşaqların ataları deyil, anaları bilinirdi. Ona görə də kişilər qadınların iradəsinə tabe idi. O zaman rollar tamamilə dəyişikdi. Cütləşmə zamanı qadınlar kişiləri seçirdilər- kişilər qadınları deyil. Miladdan 10 min il əvvəl radikal iqlim dəyişmələri nəticəsində neolit inqilabı baş verdi. Nəticədə qadınlar əkinçiliyi, heyvan tükündən, sonra isə bitki liflərindən paltar toxumağı kəşf etdilər. Qohumluq əlaqələri qadınlar vasitəsilə davam etdirilirdi. Təsadüfi deyildi ki, qədim zamanlarda insanların sitayiş etdikləri bütün tanrılar qadına bənzədilirdi.
Güneyli yazar həmkarımız Güntay Gəncalp çox gözəl ifadə etmişdi ki, sonralar - kişilərin iradəsi öz rolunu ifa etməyə başlayanda, Allahlar əvvəlki kimi zəriflik rəmzini deyil, güclülük rəmzini ifadə edəcəkdi. Sonrakı minilliklərdə baş verən texniki inqilablar, enerji qaynaqlarının ortaya çıxması, dəyirmanların, yelkənli gəmilərin, xışın meydana gəlməsi kişilərin ictimai mövqeyinə dərin təsir göstərdi. Artıq ibtidai texnika kişinin fiziki gücünə arxalanırdı. Odur ki, qadınların ictimai missiyası kişilərə keçdi. Şəhərlərin meydana gəlməsi isə müxtəlif təbəqələşməni, mənafelərin toqquşmasını ortaya çıxardı. Nəticədə qadınlar alınıb-satıla, dəyişdirilə, hədiyyə verilə bilən əşya kimi təsəvvür olunmağa başladı. Feodalların mülkiyyətində olan kənizlər, qulluqçu qadın dəstələri yarandı. Onlar heç bir hüququ olmayan əşyalar kimi alınıb satılmağa başladılar.

İlk feminist filosof İslam dünyasından çıxıb
Güntay Gəncalpın fikrincə, tarixdə ilk feminist filosof musəlman şərqində olub. XII əsrdə qadınların haqqını müdafiə edən böyuk fikir adamı, filosof Əbül Valid Məhəmməd ibn Əhməd ibn Rüşd İslam dünyasının xilasını qadına olan münasibətlərin dəyişməsi ilə bağlayırdı. Kordovalı ibn Rüşd qadının yaranışını fəlsəfi baxımdan təhlil edərək göstərirdi ki, fiziki güc nəzərə alınarsa, zahirən kişinin qadından üstün olduğu görünər. Lakin bir neçə sahədə, özəlliklə də, sənət və musiqidə kişilər qadınların fitri istedadları səviyyəsinə çata bilməzlər. İbn Rüşd yaazırdı: "İslam ölkələri o zaman inkişaf edəcəkdir ki, qadının istedad qanadlarını bağlayan bağlar qırılacaqdır. Qadın azadlığı müsəlman ölkələrinin tərəqqisinə imkan yaradacaqdır.
Qadın "ləzzət mənbəyi olan ət yığını"ndan ibarət deyildir. Bizim dar dünyagörüşümüz qadınların zəngin dünyalarını dərk etməyə imkan vermir. Sanki qadin iki iş üçün yaranıb: biri uşaq doğmaq, digəri isə uşaq böyütmək. Qadınları qul səviyyəsinə endirməmiz bizi bir çox gözəlliklərdən, zərifliklərdən məhrum edib. Bu vəziyyət eyni zamanda qadınların əqli imkanlarının təhrif olunmasına yol açmışdır. Bu üzdən də yüksək fəzilətli, zəkalı qadınlara rastlanmırıq. Qadınların həyatı bitkilərin, alaqların həyatı kimi sona çatır. Ancaq qadın bitki deyil, insandır. Ağlı, zəkası və yaradıcılıq qabiliyyəti olan insandır. Qadınların insan kimi yaşamamaları onları kişilərin yükü və qulu etmişdir. Bu da cəmiyyətin bədbəxtliyinə səbəb olur. Çünki cəmiyyətin yarısından çoxu qadınlardan ibarətdir.
Ancaq onlar öz zəruri və ilkin ehtiyaclarını təmin etməkdən məhrumdur. Qadınlar heyvanlar kimi erkəklər tərəfindən bəslənir. Bununla da qadınlar nə fikir, nə də maddi sahələrdə heç bir şey istehsal edə bilmədən, yalnız istehlak edən bioloji məxluqlar ve heyvanlar sürüsü halına gəlmişlər. Qadınlar bu əsarətdən qurtulmalıdırlar."



Orta əsrlərdə qadının kilsəyə girmə, hətta İncilə toxunma haqqı yox idi. Bu səbəbdən də, qadınların azad feminist hərəkatlarının təməlində kilsəyə qarşı durmaq dayanırdı. Elə 1920-ci illərdə Azərbaycanda başlanan və Şərqə doğru inkişaf edən qadınların çadra azadlıqları mübarizəsi də əslində dinin gətirdiyi köləliyə qarşı etiraz idi. Cəfər Cabbarlının Sevili, Almazı əslində yeni dövr ədəbiyyatında feminizmin təzahürləri sayıla bilərdi. 1789-ci il Fransa inqilabından təsirlənən Meri Uolstonkraft (feminist yazıçı Meri Şellinin anasıdır) 1792-ci ildə feminist bir kitab yazdı.
Bu, «Qadın hüquqlarının müdafiəsi» (Vindication of the rights of women) adlanırdı. Burada deyilirdi: «Qadınların öz haqları uğrunda inqilab etməsinin vaxtıdır». Uolstonkraft özü anasını atasının işgəncələrindən qorumaq üçün gecələr yatağını anasının yatdığı otağın qapısı ağzında açarmış. XIX əsrdə feministlər müxtəlif təhsil qurumlarına girməyə nail oldular. Edinburg universitesinin tibb fakültəsinə qızların qəbulu küçə etirazlarına səbəb oldu. XIX əsr feministləri dünya qadınlarının sülh naminə birləşməsini istəyirdilər. 1888-ci ildə Vaşinqtonda Beynəlxalq Qadınlar Şurasının qurultayı oldu.
Onlar qadın-kişi bərabərliyini təməl prinsip kimi götürmüşdülər. 1910-cu ildə Kopenhagendə düzənlənən İşləyən Qadınların 2-ci Beynəlxalq Konfransında Almaniya sosial-demokratlarının qadın qrupunun lideri Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması ideyasını irəli sürdü. Zetkin bu günü 1857-ci ilin 8 martında Nyu-Yorkun toxucu qadınlarının «boş qazanlar marş»ının şərəfinə qadınların öz hüquqları uğrunda mübarizəsi günü kimi təqdim etdi.
Birinci Dünya Müharibəsindən sonra qadınların səsvermə haqqı 21 ölkədə tanındı. 1918-ci ildə qurulmuş ADR-də qadına ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl, Şərqdə ilk olaraq seçib-seçilmək hüququ, siyasətdə, təhsil prosesində və ictimai həyatda fəal olma haqqı verilmişdi.


Tarix: 25.11.2012 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...