beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün olmayan tərbiyə, ananın səhvi yoxsa... yalnızlıq?

Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür , ele hey düşünürdü. Bu yaşa gəlmiş , amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə , yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi. Yoxsa , mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey vermirdi ona, növbəti faydasız saatlar demək idi.İndi ona fərq etmirdi mənasızdı , ya mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul, üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı. Amma qısmət olmadı. O dövrdə olmazın acılarını çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış (ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı məsafə elə də uzaq deyildi. Oğlanları isə , böyük oğlu İqbal , Namiq, Babək və Sadiq - hər biri ailə sahibi idilər . Onu nəticə sahibi də etmişdilər. Amma nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları , nə qızları ona nəyinki baş çəkmir , heç telefonla da əlaqə saxlamırdılar. Onu soruşan onunla maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü günahlandırırdı. Yəqin düzgün tərbiyə edə bilməmiş, valideyn haqqı , övlad haqqını onlara aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?

Kiçik övladı Sadiq ilə yaşayırdı. Oğlu laqeyd idi .Belə baxanda da ki, övladlarının hamısı laqeyd idilər. Qızı Məryəm Ruiyada artıq 30 ildir ki, yaşayır . Bu 30 ildə bir dəfə telefon zəngi də etməmişdi. Heç bilirmi ki, o , ölüb , ya qalıb?

Sadiqin yoldaşı ilə də münasibəti elə ürək açan deyildi. Gəlini ona cavab qaytarar, bir stəkan çay qoymazdı qarşısına. Hamı da onları qınayardı :” Bir arvada baxa bilmirsiniz” – deyirdilər. Ən çox dllənən də böyük oğlu idi. Axırda da ki, oğlu bezib onu elə böyük oğlu İqbalın evinə gətirmişdi. “ Mən baxa bilmirəm , sən bax, sənin də anandı” – demişdi. Diğər oğlu Namiq gələrdi, hamıya ağıl öyrədərdi, anasından da 10 man. 20 man alıb çıxıb gedərdi. Guya neytraldı, amma öz xeyrini güdürdü ancaq. “Ay ana. Sənə baxardım, amma bilirsən də evdə ailəm də böyükdü, oğlum, gəlinim bizlə qalır,nəvələr səs – küy salır, sənə yaramaz bizdə, hələ bir qızlarım da ara bir gəlir , qalırlar , evimiz olur dəlixana , sən dözə bilməzsən , yenə İqbalın oğlanları ayrı qalırlar , bir özüvüzsüz də . nolacaq, mən oğul , o oğul fərqi nədir...? Maa pensiyavı almamısan? Əlimdə pul yoxdur. Sən canı borc eee... bir 10 manat , çox lazım deyil “ . Böyük gəlin də fısıldaya – fısıldaya bu tərəfə keçir :” Buna bax, üz var ee bunlarda, atıblar üstümə, hələ gəlib bir soyurlar da. Qoyun pul özünə, dava – dərmanına qismət olsun da. Gərək mənim cibimdən çıxsın? İmkan vermirlər yaşayasan”.

Qarı bütün bunları görürdü , duyurdu , amma nə olsun, reallıq bu idi. O heç kimə lazım deyildi. Gəlini ona daralırdı , onun varlığı onlara yük idi. Əcəl də gəlmirdi ki, camaatın canı qurtara, özünün də.

Axşam oğlu işdən gələn kimi, gəlin qaş- qabaqla o tərəfə keçir bu tərəfə. “Ay arvad, bir zəhər gətir zəhərlənək, sonra de dərdin nədi” – oğlu əsəbiləşərdi, “ Yaxşı hambal tapdınız da özüvüzə, canım çıxsa da , deyəssiniz ki, dur çay – çörək ver sonra ölərsən”- deyə gəlini ərinə cavab qaytarardı.

Aman Allah, bütün bunlar onun gözü qarşısında baş verirdi, onun qulaqları bunları eşidirdi. Təzə -təzə özünə gəlirdi :” Yox, böyük oğlum elə deyil, o , naxələf çıxmadı” – deyə, yeni –yeni üzü gülürdü “O , mənə sahib durdu, İqbalım başqadı “. Amma yox , gəlin narazı qalmışdı. Düzdü paltarını yuyur, yeməyini verir, həkimə aparmış, onu ayağa qaldırmışdılar. Artıq iki ay idi onlarla yaşayırdı. Görünür , gəlinin səbri tükənirdi. Açıq –açıq bildirirdi ki, daha dözə bilmir.

Babək isə nə ət, nə balıq idi. Bütün baş verənlərin xaricində idi. Nə danışır , nə dinir . elə bil bunlar qonşunun anasının başına gəlmişdi. Bilmək olmurdu ki, nə fikirləşir.

Sadiq isə, bu iki ay ərzində anası ilə maraqlanmırdı. Hər gün evə içkili gəlir, yatır , səhər də durub heç bilən yox idi hara gedir.

Bütün bunları xatırlayır. Elə bil ürəyini deşirdilər. Böyük oğlu işlə əlaqədar Gəncəyə getməli olur: Oğlanları da orada yaşayırdılar.” Ana, səni aparım bacımgilə, uzaq yola çıxmaq olmaz sənə, yoxsa aparardım. Gedim gəlim bir on günlük işim var orda. Gəlib aparacam səni”. O gedən olmuşdu. Artıq ay yarım idi gəlmirdi. Heç zəng də eləmirdi. Arada gəlib evinə baş çəkir, yenə Gəncəyə qayıdırdı. Evinə baş çəkəndə , ona dəymirdi.Qızı :” Ana , İqbala zəng eləmişdim, dedi gəlin xəstələnib, sistem qoyurlar, bir az qalacaqlar oğlugildə, nə bilim elə dedi” . Sonra səs – soraq gəlmədi. Məsələ aydın idi. İqbal da Sadiqin etdiyini etmişdi. Sadəcə bir az yumşaq formada. Sadiq İqbalın üstünə, İqbal da qızının üstünə atmışdı onu. İndi də dalınca gələn yox idi. Qarı özünə yazığı gəldi. Ağlamğa başladı . Qəhər onu boğurdu. Heç əcəl də gəlmir, ona da lazım deyil. Axı niyə hamı ondan bezib?

Səhər düşündü- daşındı qızına dedi:” Nə qədər kürəkən qapısında yaşamaq olar? Mən getməliyəm. Gedim Sadiqin yanına , necə olsa ər evimdi- öz ayrı otağıma , heç onlarla üz –üzə gəlmərəm. Heç biri ilə danışmayacam. Tək yaşayacam. Öz otağım , öz televizorum, öz yeməyim, öz içməyim. Heç birinizə əziyyətim dəyməsin”.

Indi də dediyi kimi, tək idi, tək yaşayırdı. O , təkliyə məhkum idi. Heç kim, heç bir övladı onu dayandırmadı, o təkliyi seçəndə heç biri dillənmədi. Bu taleyin hökmü idimi, onun səhvi idimi... bilmirdi. Gözlərini boşluqdan çəkdi. Pəncərəyə yaxınlaşdı. Artıq yaz gəlirdi. Novruz yaxınlaşırdı. O soyuq , sərt fevral çıxmışdı. Amma onun taleyində hələ də fevral ayı idi. Günəş onu isitmirdi. Bahar onun qapısını döymürdü. əslində onu sıxan təkliyi deyildi. Övladlarının onu atması idi. Atılmaq , unudulmaq, hər kəsə yük olmaq... bax bunlar dəhşət idi. Bir vaxtlar cavan idi. Canı sulu idi. O . hər kəsə lazım idi. O bişirməsə, yedirməsə ailəsi ac qalırdı, o yumasa , yığışdırmasa aləm dəyirdi bir –birinə, övladlarını oxşamasa, sevməsə kim öpərdi, əzizlərdi onları ... heç kim... Bəs niyə indi o lazımsız, köhnə mebel kimidir?

Övladlarını böyütdü, evləndirdi, qızlarını köçürdü... necə xoşbəxt idi onda. Hələ onlar doğulanda , ilk ana hisləri , necə də gözəl idi o duyğular. Indi isə hər şey məhv olub. O günlərini xatırlayanda sanki başqasını anırdı, başqa qadını. Sonra da nəvələri doğulanda, həyatın dadını hiss edirdi o anda. Nəvələri “Nənə” –deyib üstünə cumanda , Ay Allah , necə də şirindi o günlər. Amma indi hər şey bitdi. Nə bitdi? O günlərmi? O , yoxsa ömür? Yox ömür bitmədi, bitsəydi o , ölməli idi. Bəs niyə ölmür? Bu günləri yaşamaq üçünmü ölmür? O günləri yana –yana xatırlayıb sızlamaq üçünmü ? Niyə? Yaşadığın hər gündə, hər anda bir hikmət var... Bəs burda nə hikmət var? Lazımlıdan lazımsıza çevrilməkdə nə hikmət ola bilər?

Gözlərini yumdu. Üzü bütün qırışmışdı. Əllərində nəsə quruluq hiss etdi, onlara baxdı. Bu əllərlə nəvələrini bələyirdi. Gəlin doğuşdan sonra naxoşlamışdı, o da sevə -sevə gedib ona kömək edərdi. Namiqin balalarını çox istəyirdi. Onları yadına salanda üzünə təbəssüm qondu. Heç nə olmaz. Təklik də pis deyil, darıxdırıcıdır, amma əsas o, kimisə darıxdırmasın. Otağına göz gəzdirdi , köhnə mebellərinə baxdı. Bayaq o da özünü köhnə mebelə bənzətmişdi. Onun cavanlığını xatırladan, xoşbəxt günlərinin yadiğarı – köhnə mebellər. Yox o, onları atmayacaq. Indi ona əziz olan, yaxın olan məhz bu köhnə taxta parçalarıdır. Onu təkliyindən xilas edən bu mebellərdir. Onlarla hələ çox danışacaq, birgə xatırlayacaq, birgə dərdləşəcək... söhbətləşəcəkdi...

Bunları düşünə -düşünə bayaqdan qarşısında dayandığı pəncərəni açdı. Həyat davam edirdi. Ağaclar tumurcuqlayırdı. Yaz nəfəsi duyulurdu. Uşaqlar həyətdə oynayır... kimlərsə işə tələsir...hər şey öz axarında idi.


Tarix: 01.12.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Maraqli Hekayeler