beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müharibəyə yox deyənlər!!!

Müharibə sevən insan varmı görəsən?
Fikirləşdim bir anlıq - niyə sevsin axı kimsə müharibəni?
Təsəvvür et ki, ölən insanlar, parça-parça olan cəsədlər, balaca uşaqlar, göz yaşları, yetişən nifrət ki, növbəti faciələrə səbəb olur və..
Təsəvvür et ki, məhz bu cümlələri oxuduğun an dünyada daha bir neçə insan öldü.
Təsəvvür et ki, ölən sənin anan, bacın, atan, dostun, qardaşın, uşağındır.. Etdin?!
İndi təsəvvür et ki, dünyaya sülh çökdü. Buna kim sevinər?
Təsəvvür et ki, nə dövlətlər və onları ayıran sərhədlər var, nə millətlər və onların arasında yaradılan düşmənçilik var, nə millətçi egoizmi və snobizmi, nə Afrikada aclıq problemi olacaq, nə də ki, Avropadakılar bolluqdan əziyyət çəkəcək, nə dövlətlər arasında mübarizə və bu mübarizələrin qulları olan qara millət olacaq – heç nə!
Aramızda fərq qalmasa, siyasətçilər hara yox olacaq?
Müharibələr olub, var və olacaq – deməli bu kiməsə lazımdır. Sual - kimə?!
Heç birinə inanmıram! Nə BMT və orda oturan boşboğazlara, nə TV`nin ekranından söz verən yalançılara, nə hər şeyin yaxşı olduğu barədə zəmanət verən axmaqlara, nə deyilənlərə ümid edənlərə, nə də ki, ümid edənlərə ümid edib, rahatlayanlara.. Heç birinə!
Ölən uşaqlara yazığım gəlir.. İçimi boğan hıçqırtı ilə bəsdi deyirəm!
Müharibələrinizi, agitasiyanızı və nifrətinizi özünüzə saxlayın – bizi isə rahat buraxın!
müharibə dəhşətləri
dəhşətli müharibə,dava kimə lazımdır?
Vyetnam müharibəsi,amerikanların dəhşətli terroru
Afrikada vətəndaş müharibəsinin qurbanları
körpə uşağın günahı nə?
günahsız qurbanlar müharibədə
uşaqların hərb davasında günahı nədir?
Yeniyetmə maksimalizmi - öyrəşdiyimiz kimi. Mövcud olan problemə obyektiv yanaşaq.
Onlar insanları sevir, sevə-sevə öldürür. Ən sadə xəbərlərdən başlayacam.. Ya da başlamayacam. Tullayın xəbərçiləri qırağa. "İnək beşbaşlı, qanadlı dəvə doğdu" tipli xəbərlərlə ələ salırlar bizi. Məhlədə dükan işlədən day-daydan tutmuş, məktəbdə peraşkinin içində kartoşka axtaran uşağa kimi - hamı siyasətçi olub! Həyatımızı müharibələrin, siyasət oyunlarının, ölülərin, dirilə bilməyənlərin müzakirəsi zamanı itiririk. Müharibələrin meymunların televiziya şousundan heç bir fərqi yoxdur. Siz onlara baxdıqca, onlar sizə göstərəcəklər. Siz onlara ağladıqca, onlar sizin ölkənizə və evinizə ölülər göndərəcəklər.
Nəticəsində isə pisliyi çəkən və zədə alan kiçik dünyalar, ailələr, insanlar olur. Həmişə. Hansı ki, əlinə silahı verib, "sən ailəni qorumalısan!" deyirlər bizə. İnanın mənim ailəm heç kimin toyuğuna "kışt" deməyib. Fikirləşmək, yoxsa qanımıza və beynimizə işləmiş "vətən sevgisi"? Bəziləri üçün vətən - parçalanmış torpaq hissələridir. Bu ərazini, torpağı, dünyanı kim bölüb axı, mən ona səcdə edim!? Hər şey çox sadədir. 2 qüvvənin müharibəsində həmişə 3`cü tərəfin marağı olub. Var. Olacaq. Başa düşmək istəmirik ki, çoxlarının səsinə arxalanmaq yox, güclülərin səsinə səs vermək erasında yaşayırıq.

"Müqəddəs" torpağın müqəddəs qəhrəman övladları. Ölü qəhrəman kimin nəyinə lazımdır, qardaşım?! Bu müharibə adlı tamaşaların heç kimə lazım olmayan baş rolları. Ölülər və ya əsgərlər, 18-20 yaşlı uşaqlar - sənin və mənim kimi. Biz baş roldayıq. Halbuki filmlərdə baş rollar heç vaxt ölmür..
Biz sadəcə balaca qarışqalarıq ki, həyatımız boyu görməyəcəyimiz sonu axtarırıq. Sülhə tərəf çağırışlar və əmin–amanlıq arzusu – boş söz yığını!
Humanist çağırışlar sadəcə çağırış kimi qalır. Vəssalam.
Vədlər dalınca verilən vədlər. Ətrafa bax: həyatın boyu sülh üçün mübarizə aparan kiçik nöqtəsən! Müharibələrin pis olduğu haqda yaza bilərdim, amma bir insanın milyonların fikrini dəyişməsi gülüncdür. Halbuki, hamı müharibənin pis olduğunu bilir.. epiloq əvəzi. Bəziləri anlayacaq, bəziləri yozacaq, bəziləri baş açmayacaq, ya da açmaq istəməyəcək, bəziləri isə oxuyub, unudacaq.


Tarix: 01.12.2014 / 13:58 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqli Hekayeler