beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baki....

Bakıya toxundum… əsdi ürəyim,
Toxunmaz olaydım Bakı dəyişib.
Geyinib əyninə dekolte geyim,
Burnu kiçilibdir, dodağı şişib…

Burdan milyardlarla qonaq ötürüb,
Indi öz-özünə qonaq, şəhərim.
Röyadan düzəlmə burun götürüb,
Aygündən silikon dodaq, şəhərim.
Qalıb bir sümükdə, bir də dəridə
Tarix küçə-küçə, ev-ev sürünür.
Izzətlə, Xosenin şəkilləri də
Bakıda Bakıdan böyük görünür.

Açıb yarıyacan öz sinəsini,
Biabır eləyib məni bu şəhər.
Kəsib, qayçılayıb gödəkçəsini
Geyinib əyninə mini bu şəhər.

Nədir səni belə qəfil dəyişən,
De, görüb tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…

Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.

Hər küçən ,hər evin qürbət kimidir
Hüznün, yalqızlığın paytaxtı şəhər.
Bəlkə də Bakı bir qədim gəmidir,
Dayanıb Bakını gözləyir Xəzər…

Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə…

Axır mavi-mavi bəyaz yalanlar,
Utanır, qızarır bəyaz qalanlar,
Qırmızı-qırmızı mavi olanlar,
Gündə bir boyanı yaxır şəhərə…

Bakının yəhəri özündə deyil,
Dolanır özgənin atında Bakı.
Bir günə Dubayda kökələnlərin,
Həm özü, həm cibi “göy” gələnlərin,

Dikdaban geyinmiş göydələnlərin,
Qalıb ayağının altında Bakı.

Bitib iqtidarı, qurtarıb gücü
Səsini itirimiş yalquzaq kimi.
Dilənçi uşağın pul yığmaq üçün,
Asfalta qoyduğu bir papaq kimi-
Kimdənsə mərhəmət umur bu şəhər.

Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər

Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…

Bir ömür gözünü yollara dikən,
Tənha qadınların möhnəti Bakı.
Pullu kişilərə baxıb “ah” çəkən,
Pulsuz kişilərin qisməti Bakı...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 228 Bölmə: Maraqli Hekayeler