beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən “Belə-belə işlər” (Hekayə)

H
əsən kişinin dünyada nəyi var idi?

Bir kəhər atı var idi.

Nəyi yox idi?

Arvadı yox idi, uşaqları yox idi.

Həsən kişi bu dünyada nədən qorxurdu?

Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar.

Kim bilir onda yazığın günü necə keçər?

Həsən kişi bu dünyada day nədən qorxurdu?

Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar.

Kim bilir onda yazığın günü necə keçər?

Həsən kişi nə deyirdi?

Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan.

Yəni hər adamın öz balaca dünyası var.

Özü də bu dünyalar üçtərəfli-üçtərəflidi.

Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at.

Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa.

Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan.

Yox elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada öz balaca dünyanda, öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən.

Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam.

Ancaq Həsən kişinin kəhər atında çoxlarının gözü vardı.

Ancaq cavanlar Həsən kişiyə göz verib işıq vermirdilər. İllah Əfrayıl. İllah ki İsmayıl. İllah da ki İsrəfil.

Həsən kişi özü də başa düşürdü ki, kəhər at onun babı deyil.

Kəhər at yernən-göynən əlləşirdi.

Həsən kişinin yernən olsa-olsa iki metrəlik işi qalmışdı, göynən haqq-hesabı da ruhu çürüdəcəkdi.

Həsən kişi bunu başa düşə-düşə bir də nədən qorxurdu?

Bir də ondan qorxurdu ki, birdən kəhər at da bunu başa düşər. Başa düşər ki, Həsən kişi onun babı deyil, day Həsən kişini öz yəhərində saxlamaz.

...Ancaq kəhər at bunu çoxdan başa düşmüşdü.

...Ancaq kəhər atın Həsən kişiyə yazığı gəlirdi.

Həmişə səfərdən qabaq kəhər atın beli qaşınardı.

Həmişə beli qaşınanda kəhər at duyardı ki, sabah Həsən kişinin harasa səfəri var.

Və bir dəfə kəhər atın beli qaşınan axşamın sabahı dava başladı.

...Həsən kişi soruşardı ki, bu dünyada ən dəhşətli heyvan hansıdı?

Deyərdilər:

- Pələng.

Həsən kişi deyərdi:

- Yox, ağcaqanaddı. Fikirləşin ki, pələng xırdalaşıb-xırdalaşıb olub ağcaqanad boyda, kimə neyləyəcək?..

İndi də fikirləşin ki, ağcaqanad böyüyüb-böyüyüb olub pələng boyda!..

...Və deməli, kəhər atın beli qaşınan axşamın sabahı dava başladı.

Camaatı yığdılar kəndin ortasına. Sədr Şərifnən vayenkom danışırdılar.

Sədr Şərif dedi ki, camaat, qoşunumuza igid-igid cavanlar lazımdı.

Həsən kişi də lap qabaqda, camaatın arasındaydı.

Həsən kişi gözüynən axtarıb sədr Şərifin gözünü tapdı, sonra onun gözünü öz gözünün arxasınca sürüyə-sürüyə dönüb baxdı Əfrayıla, dönüb baxdı İsmayıla, dönüb baxdı İsrəfilə.

Vayenkom dedi:

- Camaat, konni armiyaya, yəni atlı qoşunumuza beldən nazik, ayaqdan qıvraq atlar lazımdı.

Sədr Şərif gözüynən axtarıb Həsən kişinin gözünü tapdı. Bütün camaat gözünü zillədi Həsən kişiyə.

Həsən kişi gözünü zillədi ayağının altına, gördü dünya ayağının altından qaçır.

Dünya Həsən kişinin ayağının altından qaça-qaça balacalaşdı, balacalaşdı, gedib durdu kəhər atın ayağının altında...

Və bir gün camaat yenə yığıldı kəndin ortasına. Əsgər gedən cavanları yola salırdılar.

Əfrayılın anası Əfrayılın boynunu qucaqlayıb ağlayırdı.

İsmayılın anası İsmayılın boynunu qucaqlayıb ağlayırdı.

İsrəfilin boynunu gün yandırırdı.

Atlı qoşuna göndərilən atları da bir tərəfdə hörükləmişdilər.

Hər at gedən evdən bir cavan da gedirdi və camaat hamısı yığılmışdı cavanların başına.

Atların arasında təkcə Həsən kişinin başı görükürdü...


...Kəhər atı yola salandan sonra Həsən kişi lap adamayövuşmaz oldu.

Hamı əsgər gedən cavanlardan məktub gözləyirdi. Həsən kişidən savayı.

Ancaq Həsən kişiyə bir-birinin dalınca üç məktub gəldi.

Əfrayıldan məktub gəldi: Həsən kişi, atlı orduya düşmüşəm. Məlumun olsun ki, sənin kəhər atın da burda çıxıb mənim rastıma.

İndi kəhər atın belindəyəm.

Sağlıq olsun, bir yerdə qayıdıb gələcəyik.

İsmayıldan məktub gəldi: Həsən kişi, atlı qoşuna düşmüşəm.

Desəm inanmazsan, burda rastıma bir at çıxıb, eynən sənin kəhər atındır.

Sağlıq olsun, bir yerdə qayıdıb gələcəyik.

İsrəfildən məktub gəldi: Həsən kişi, qonnı armiyaya düşmüşəm. Allahın göstərişiynən sənin kəhər atın da burda çıxıb mənim urcahıma.

İndi kəhər at mənim altımdadı.

İnşallah, Allah deyən olsa, bir yerdə qayıdıb gələrik.

Həsən kişi ha gözlədi, kəhər atdan məktub gəlmədi.

...Sonra Əfrayıldan qara kağız gəldi.

...Sonra İsmayıldan qara kağız gəldi.

...Sonra İsrəfildən qara kağız gəldi.

Təkcə kəhər atın qara kağızı gəlmədi.

Və bir gecə Həsən kişi yuxuda eşitdi ki, kimsə onu çağırır. Qapını açıb həyətə çıxdı, dedi:

- A məni çağıran, kimsən?

Böyürdən səs gəldi ki, qorxma, Həsən kişi bizik...

Həsən kişi dönüb gördü ki, Əfrayıldı. Əfrayıldan beş addım o yana İsmayıl dayanmışdı, İsmayıldan beş addım o yana İsrəfil.

Həsən kişi ha boylandı, kəhər atı görmədi.

Həsən kişi dedi:

- Balalarım, həyətdə niyə dayanmısız, evə keçin.

Sonra birdən yadına düşdü ki, axı bunların qara kağızı gəlib, axı bunlar ölüblər. Və Həsən kişi qorxdu.

Həsən kişi dedi:

- Balalarım, mənim günahım nədi, niyə mənə belə baxırsız?

İsrəfil dedi:

- Həsən kişi, günahkarın böyüyü elə sənsən. Vaxtında yüz yol dedik ki, kəhər at sənin babın deyil.

Allah da götürmədi ki, kəhər kimi at sənə qismət olsun. Bunlar hamısı Allahın sənə göndərdiyi cəzalardı.

Əgər vaxtında kəhər atı birimizə satsaydın, nə dava olardı, nə biz gedərdik, nə də kəhər at.

Sözün bu yerində Həsən kişini ağlamaq tutdu. Əlinin dalıynan gözünün yaşını silib baxdı ki, nə Əfrayıl var, nə İsmayıl var, nə də İsrəfil.

Fikirləşdi ki, əgər bu yuxudu mən görürəmsə, bəs həyətin ortasında neynirəm?

Yox, əgər yuxu deyilsə, bəs bunlar nə oldular?..

Həsən kişi Allahdan qorxan adam idi. Yazığı titrətmə tutdu, titrəyə-titrəyə gedib yorğan-döşəyə girdi, o girən day yorğan-döşəkdən qalxmadı.

Aylar ötdü, Həsən kişinin qızdırması ötmədi.

Dava qurtardı, Həsən kişinin naxoşluğu qurtarmadı.

Və bir səhər gün çırtlayıb aləmi işıqlandıranda Həsən kişinin nəfəsi qaralmağa başladı...

Həsən kişi bu dünyaynan üzülüşürdü ki, qulağına at tappıltısı gəldi.

Həsən kişi o tappıltını yüz səsin içində tanıyardı. Birtəhər yorğanı itələyib qalxdı, birtəhər qapını itələyib açdı.

Kəhər at həyətin ortasında dayanmışdı.

Kəhər atın yəhərində kimsə vardı, ancaq Həsən kişinin gözündə işıq qalmamışdı, yəhərdəkini tanıya bilmədi.

Dizində hey də qalmamışdı, kəhər ata sarı bir addım da ata bilmədi.

Elə-belə, qarasına səslədi ki, Əfrayıl!..

Yəhərdəki cavab vermədi.

Yenə səslədi ki, İsmayıl!..

Yəhərdəki cavab vermədi.

Bir də səslədi ki, İsrəfil!..

Yəhərdəki yenə cavab vermədi.

Həsən kişi doluxsuna-doluxsuna dedi ki, ay insafsız, ölürəm axı, hər kimsən kəhəri yaxın sür, heç olmasa ölənə macal kəhər atın boynunu qucaqlayım...

Həsən kişi bu sözü deyəndə kəhər atın yəhərindən bir əl uzandı.

O əl həyətin ortasından düz evin qapısınacan uzandı, yavaşca Həsən kişinin biləyindən yapışdı və o əlin sahibi dedi ki, Həsən kişi, yoxsa məni tanımadın?

Mən sənin ölümünəm, səni aparmağa gəlmişəm.

Görürəm bu dünyada piyada olmaq sənə əl vermir.

O əl Həsən kişini qaldırıb kəhər atın belinə mindirdi.

Həsən kişi kəhər atın belində, öz ölümünün tərkində bu dünyadan çapıb getdi.

Və Həsən kişinin bədəni qapının ağzında üzüqoylu yerə yıxıldı.

Həsən kişinin bədənini aparıb basdırdılar.

Camaat danışırdı ki, Həsən kişini kəhər atın dərdi öldürdü, kəhər at davaya getməsəydi, bəlkə o da ölməzdi.

Ancaq Həsən kişi ölən günün səhəri sədr Şərif dedi ki, kəhər at heç davaya-zada getməmişdi.

Camaatın ağzı açıla qaldı ki, necə yəni getməmişdi?

Sədr Şərif dedi:

- Getməmişdi, vəssalam. O vaxt atları kənddən çıxarıb aparanda kəhər at yolda əlimizdən buraxılıb qaçdı.

Ha qovduq, tuta bilmədik.

Axırda dörd tərəfdən araya alıb başladıq qamçılamağa.

Zalım oğlu vayenkomun qamçısı kəhərin bir gözünü tökdü. Kor atrın davada nə işi vardı?

Kəndə də qaytara bilməzdim. Həsən kişi kəhəri o gündə görsəydi, gözümü tökərdi.

Odur ki, kəhəri yolüstü bir kəndin məktəbinə satdıq.

O biri il yolum ordan düşəndə öyrəndim ki, kəhər bütün qışı məktəbə odun daşıyıb.

Uşaqları yaza çıxarıb, özü yaza çıxmayıb...

Sədr Şərif bu sözdən sonra bir camaata baxdı, bir göyə baxdı və başını yırğalayıb dedi ki, belə-belə işlər...

1970


Tarix: 28.05.2013 / 14:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 490 Bölmə: Maraqli Hekayeler