beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRIN ƏN BÖYÜK MÖCÜZƏSI – ŞƏQQÜL-QƏMƏR

Şəqqül-qəmər (ərəb dilindən tərcüməsi “Ayın bölünməsi”) Həzrət Mühəmməd Peyğəmbərin (s) göstərmiş olduğu bir möcüzənin adıdır.

“Əl-Mizan” təfsirində yazılıb ki, hadisə hicrətdən 5 il əvvəl zilhiccə ayının 14-də Məkkədə baş vermişdir (hadisənin baş verdiyi tarix barədə başqa məlumatlar da mövcuddur).

Rəvayətə görə, bir gün müşriklər Həzrət Mühəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Şəqqül-qəmər hadisəsi Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur möcüzələrindən sayılır. Abdullah ibn Abbas, Ənəs ibn Malik, Abdullah ibn Məsud, Hüzeyfə ibn Yəman, Abdullah ibn Ömər və başqa səhabələrə istinadən rəvayət edilən hədislərdə əhvalat ətraflı şəkildə təsvir olunub.

Şəqqül-qəmər hadisəsinin Quranda sübutunu axtaranlar Qəmər surəsinin ilk ayələrini misal gətirirlər: “Saat yaxınlaşdı və Ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir!” – deyərlər”. Bununla belə, ayənin qiyamət gününə, yoxsa şəqqül-qəmər hadisəsinə aid olması təfsirçilər arasında mübahisə obyektinə çevrilib. “Saat yaxınlaşdı” ifadəsində qiyamətə işarə olunduğunu söyləmək məntiqə daha uyğun görünür. Amma müşriklərin möcüzə müqabilində söylədiklərindən söhbət açan ayə şəqqül-qəmər hadisəsini daha çox xatırladır.

Müsəlman alimlərin əksəriyyəti şəqqül-qəmər möcüzəsinin həqiqətini təsdiq etmişlər. Hətta Ibn Kəsir, Imam Fəxr Razi, Əllamə Təbrisi, Əllamə Təbatəbai, Səid Buti və başqaları şəqqül-qəmər hadisəsinin icma halında qəbul edildiyini və bu mövzuda hədislərin təvatür həddində olduğunu yazmışlar. Lakin bunu optik illüziya sayanlar da olub (Həsən Bəsri, Şah Vəliyullah Dehləvi, bəzi müasir alimlər). Şəqqül-qəmər hadisəsini inkar edənlərin irəli sürdükləri ən güclü irad bundan ibarətdir ki, niyə bu hadisəni Qərb dünyasında alimlər müşahidə etməyiblər, salnaməçilər qeydə almayıblar? Bu irada cavab olaraq “Təfsiri-nümunə”də yazılıb ki, hadisə Şərq yarımkürəsində Günəş batandan sonra baş vermişdi. Qərb yarımkürəsində bu an gündüz vaxtı idi və Ayı görmək sadəcə olaraq mümkün deyildi. Hadisənin davam etmə müddəti qısa olduğu üçün, Şərq dünyasında yaşayan insanların da buna diqqət yetirməməsi təbiidir. Həm də insanlar adətən, hər hansı dəhşətli səma hadisəsi baş verən zaman (məsələn, şimşək çaxması, Ay tutulub qaranlıq düşməsi və s.) göyə baxırlar; adi vaxtlarda bu, nadir hallarda baş verir.

Şəqqül-qəmər hadisəsinə bədii işarələri klassik ədəbiyyat nümunələrində də görmək olar:

Çün vücudundur, nigara, şəhriyar,

Surətü mənidə sənsən şəhriyar.

Məniyi-şəqqül-qəmər çün səndədir,

Istiva eylə cəmalın, şəhri yar.

(I.Nəsimi).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar