beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi

Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi.
(Mehmed Fuad KÖPRÜLÜ, “Anadolu Selçukluları Tarihinin Yerli Kaynakları”, TTK, Belleten, C. VII, S. 27, Ankara 1943, ss. 456-483.)

Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu. 1188-ci ildə həcc ziyarəti üçün yola çıxan Burhanəddin Anəvi əmir Seyfəddinin elçisi olaraq Bağdadda Abbasi xəlifəsi Nasir Lidinillahla görüşmüşdü. 1207-ci ildə Əxlatşah əmirliyi ləğv edilərək ərazisi Əyyubilər dövlətinə birləşdirilmişdi. Bu hadisədən sonra Konyaya gedən Burhanəddin Anəvi Anadolu Səlcuqlu sultanı İzzəddin I Keykavusun (1211-1220) xidmətinə daxil olmuşdu.
(KÖPRÜLÜ, həmin məqalə.)

Malatya şəhəri qaziliyinə təyin olunan Burhanəddin Əbu Nəsr Anəvi “Ənisü’l-Qülub” adlı farsca əsərini yazıb sultan İzzəddinə təqdim etmişdi. Bu əsərin son qismi “Nəsihətnamə” adlanır. Müəllif burada Burhan təxəllüsü ilə gənc hökmdar İzzəddin I Keykavusa nəsihət və öyüd mahiyyətində şerlər yazmışdı. “Ənisü’l-Qülub” İslam tarixi və əxlaqa dair əsər olsa da bu əsərdə Azərbaycan, Arran və Anadoluda yaşayan oğuzlar haqqında dəyərli tarixi məlumatlar var.
( KÖPRÜLÜ, həmin məqalə.)

“Ənisü’l-Qülub” Anadoludakı farsdilli ədəbiyyatın qiymətli nümunələrindən biridir. Bu əsər Firdovsinin “Şahnamə”si tərzində qələmə alınmışdır və bir növ xəlifələrin tərənnüm edildiyi şahnamədir

(Mikayıl BAYRAM, “Selçuklular Zamanında Anadolu’da Bazı Yöreler Arasındaki Farklı Kültürel Yapılanma ve Siyasi Boyutları”, SÜTAD, S. 1, Konya 1994, ss. 79-92; Ali ÖNGÜL, “Selçuklularda Eğitim Faaliyetleri ve Yetişen İlim Adamlarına Genel Bir Bakış”, CBÜSBED, C. I, S. 2, Manisa 2003, ss. 67-78. )


Tarix: 02.05.2013 / 21:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar