beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlıların kökü, mənşəyi

Azərbaycan qədimdən türklərin ölkəsidir»
(İbn Hişam)

Azərbaycan ölkə adının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, quzey və doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır, lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir, halbuki az//as haqqındakı bəlgələr böyük bir monoqrafiya üçün kifayət qədər məlumat verir. Görünür, başqa millətlərin alimləri üçün o qədər də əhəmiyət kəsb etməyən bu problemin çözülməsi üçün xalqımızın və ölkəmizin adının yaranmasında mühüm yer tutan bu boyların tarixini özü­müz öyrənməliyik.

Bəllidir ki, hər hansı bir boyun adı onun daxil olduğu xalqın içində uzun müddət soyadı (etnonim) kimi yaşayır. Bu baxımdan, özbək, altay, qaraqalpaq və sair türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi işlənən az//as etnoniminə (4, 11, 19-20; 14, 240-247) və Göy-Türk yazılarında az budun (az xalqı) və az-kişi (az adamı) adına, Kuban epiqrafiyasında eren az ayırıltım (az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur.

Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az//as komponentini yaşadan etnonimlər böyük maraq kəsb edir. Məsələn, başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A.Vamberinin as boyunu qeyd etməsi (3, 302), qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması azların türklüyünə şübhə yeri qoymur. Lakin az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi təd­qiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur.

Belə ki, V.V.Bartold türkeşləri az və tuxsi boylarının birləşməsi hesab etmiş (1, 585), Külteqin abidəsindəki azları (az budun) isə Yenisey ostyaklarıilə eyniləşdirmişdir (1, 43). Z.V.Toğan bir yerdə asları saqaların tərkibində türk boyu kimi verirsə də (2, 39), digər yerdə onları qədimdən türklərə qarışmış bir iran qövmü, yaxud saqa və hunların içində əriyən bir irani tayfa adlandırır (2, 53, 422). Az//as boylarını hay-erməni (Qr.Kapansyan, S.Petrosyan), osetin (V.İ.Abayev) və digər xalqlarla eyniləşdirənlər də vardır. Halbuki, bir-iki söz oxşarlığına əsaslanıb, belə ciddi elmi fikir söyləmək doğru deyil. Əgər oxşarlıq varsa, ən azı bu oxşarlıq həmin xalqın dilində və onomastikasında da sistem təşkil etməlidir.

Göründüyü kimi, az//as boyu təkcə azər türklərinin deyil, bir sıra digər türk boyları sistemində də mühüm yer tutur. Bundan başqa, soyadı qədim türk antroponimikasının xüsusiyəti kimi şəxs adlarına da qoşulur, onun hansı soydan olduğunu bildirir. Məsələn, XVII əsrdə farsca yazılmış «Dastur al-mulk» əsərində sadalanan bir sıra şəxsin adında as boyadı vardır:
Qaib Nazar bəy atalık as,
Xurrəm bəy hacı pərvanəçi as,
Məhəmməd hakim bəy mirzə as,
Mahmud bəy katağan as (4, 20).

Buradakı ad-titul-soyadı düzümü qanunauyğun haldır. B.X.Karmışeva göstərir ki, «Şaybani-namə» (XVI əsr) abidəsində as soyadı nayman, durman, kuşçu boyları ilə yanaşı xatırlanır və Orta Asiya türklərində as-nayman, as-saray, caman-as soybirləşmələri forması da tarixi faktdır (4, 19). Sadalanan onomastik vahidlərin türklərə aid olmasını izah etməyə ehtiyac yoxdur. Bu sıraya Klavdi Ptolemeyin (II əsr) Quzey Qafqazda göstərdiyi asturikan (as-turikan) boyunu (23, 149), Təbərinin (VIII əsr) qeyd etdiyi Astarxan (as-tarkan) adını, «Kartlis-Tsxovreba» gürcü abidəsində Baqatur Asparux (as-paruk) adını, M.Kaşqarinin oğuz bəylərindən birinin adı kimi verdiyi Azaq adını (I, 66) və vaxtilə indiki Qaraçay-Çərkəz ölkəsində Əmir Teymura qarşı döyüşən Buri-berdi adlı şəxsin başçısı olduğu as boyunu (24, 215) da tarixi faktlar kimi əlavə etmək olar. Bu da bəllidir ki, soyadı çox vaxt həmin soyun yaşadığı bölgədə toponim kimi də yayılır; Orta Asiyada As, Assa, Sırdərya ətrafında Asa, Asnas, Asar, Ural və Volqa-Kama bölgələrində Assı, Asılı, Ası, Aşa, Krımda Ass, Böyük-Ass, Temes-Ass, Assı-Corakçı, Kiçik-As və s. Əski və yeni erməni mənbələri türk boyları yaşayan Anadolu-İran-Qafqaz bölgələrində az//as soyadını əks etdirən xeyli dağ, çay, kənd, oba adı - toponim qeyd etmişdir;

Az, Aza, Azalı, Azalu, Azax, Azai-şen, Aşağı Aza, Verin (yuxarı) Aza, Azanlı, Azarəhmədli, Azaklar, Azbuğa//Asbuğa, Aziar (Azər!), Az-kala, Azmana, Az-pinar (Az bulağı), Asilar, Aslı, Askara, Asman, Asnı, Aspakan, Aspek, Asiatspor (as çuxuru), Asiatsor (as dərəsi), Aştarak və s. (5; 17, 335-339).

Göründüyü kimi, az boyları türk onomastikasında möhkəm bir sistem təşkil edir. Ona görə də, müasir türk xalqları daxilində as soyunun izini axtaran türkoloqlar yanılmamışlar. M.Z.Zəkiyev Volqaboyu türklərdə (7, 178), R.Q.Kuzeyev başqortlarda (6, 228-230), L.S.Tolstova özbəklərdə (4, 11) as boylarını tədqiq etmiş, İ.M.Miziyev qonşu xalqların, xüsusilə irandilli osetinlərin balkar türklərini ası, asiaq, qaraçay türklərini isə Stur-Asiaq (böyük aslar) adlandırması səbəbini araşdırmış (8, 78), C.Cəfərov asların Azərbaycandakı damğalarından bəhs etmişdir (9, 29-36). Bu mövzuya biz də müxtəlif yazılarımızda toxunmuş, az, azər, Azərbaycan, xəzər, kaspi adlarının eyni mənşədən törədiyini yazmışdıq (10, 115-116; 11, 271; 12, 102). Lakin sadalanan bu araşdırmaların heç biri as boyu haqqında tam təsəvvür yaratmır, çünki həmin yazılar as məsələsinin yalnız bəzi cəhətlərinə toxunur, problemi hərtərəfli işıqlandırmır.

Bəzi tarixi mənbələrdə az//as etnonimi yaz//haz formaları ilə də işlənmişdir. Həmin formaları y, h səsartımı kimi düşünmək olardı, lakin bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da var. Məsələn, Azaq dənizi az boyadını əks etdirdiyi kimi, Orxon çayının quzey-batısında Kasoqol (Kas gölü) və Xəzər dənizinin adı da Kas//Xəz-ər boylarının adını bildirir. Bu halda nə səsartımından, nə də səsdüşümündən söhbət gedə bilməz. Burada bütün mövcud formaların yaranmasını izah edə biləcək yozuma yalnız larinqal nəzəriyə kömək edə bilər. Yəni proto-türk dialektləri formalaşan çağlarda as soyadında boğaz tutulması ilə tələffüz olunan larinqal 'a saitinin tutulma hissəsi bir dialektdə təmizlənmiş, digər dialektdə k, x, h samitinə çevrilmişdir (11, 122-124):

Qədim Azərbaycanda formalaşan az boyları Kür-Araz mədəniyətindən sonrakı çağlarda qəribə tale yaşamışlar. Onların bir qismi Azərbaycan - Kiçik Asiya - Avropa boyunca İslandiyaya qədər gedib çıxmış, digər qismi Quzey Qafqaz və Türküstana köç etmişdir. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. Quzey Qafqaz və Orta Asiyada az boylarının qoyduğu izlərə yuxarıda toxunduq, bir neçə söz də Ata yurdda qalan və Avropaya gedən as//az boyları haqqında deyək.
Urartu çarı I Arqiştinin vaxtında (m.ö.VIII əsr) urartular Van gölü hövzəsindən çıxıb Arazı keçirlər və Aza ölkəsini (İrəvan çuxurunu) zəbt edirlər. Əvvəllər urartu yazılarında «düşmən ölkə» kimi verilən Aza ölkəsini tutandan sonra I Arqişti Araz çayının sol sahilində, indiki Sərdarabad (Armavir) kəndi ərazisində Arqiştixinili qalasını tikir, Aza ölkəsinə kanallar çəkir (13, 32-33). Mütəxəsislər Aza adının urartu yazısında etno-toponim olduğunu qeyd edirlər (22, 303-304). Aza ölkəsinin batı sınırına aid bir məntəqənin də adı romalıların yol xəritəsində 'Aza şəklində yazıl­mışdır ki, bunu da Aza və Haza şəklində oxumaq olar (21, 45). Lakin Strabonun vaxtında Aza ölkəsi artıq Azar (Azər) formasını almışdı. O yazır ki, Araz çayı «Azar yanından axır... Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3). Bu tarixi məlumatlardan görünür ki, qərbi Azərbaycanın İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, daha qədim Aza forması da işlək olmuşdur. Naxçıvanda bu gün də Yuxarı Aza adlı kənd vardır.

İslandiyaya qədər gedib çıxan as boyları haqqında da maraqlı tarixi məlumatlar vardır. Bir məqalə tutumunda bütün mənbələrə toxunmaq mümkün deyil, belə mənbələrdən yalnız birinə, elə islandların öz yazılı abidəsi olan «Kiçik Edda» əsərinə baxaq. İslandiyada Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saqalardan istifadə edərək qələmə aldığı bu əsərdə göstərilir ki, as boyu Troya (Tur-ova) şəhərindən çıxıb Avropanın quzeyindəki Saks ölkəsinə gəlir, sonra yerli əhali ilə qaynayıb-qarışan aslar çoxalaraq, daha quzey bölgələrə, indiki İsveç və Norveç ərazilərinə yayılırlar. Onların İslandiyaya VIII-IX əsrlərdə getməsi isə bizə Avropa tarixindən bəllidir. Yəni aslar Troyadan çıxandan min il sonra onların Quzey Avropadakı törəmələri İslandiyaya getmişlər. Qayıdaq Eddaya.
Müəllif yazır ki, yerli əhali indiyədək gördüyü insanlara bənzəməyən Asiyadan gəlmiş bu gözəl görkəmli qərib asları maraqla qarşıladı, onlara ərazi verdi. As gəncləri yerli qızlarla evləndi, asların sayı get-gedə artdı. S.Sturluson qeyd edir ki, o dövrdən çox zaman keçsə də, hələ də yazılı qaynaqlar asların Asiyadan gətirdiyi adları saxlayır. Yeri gəl­mişkən, belə adlardan bir neçəsini burada xatırladım:

Yer adı: Asqard (As məskəni, As kəndi)
Çay adları: Göl, Orun, Qöpül, Qömül, Eykin
Şəxs adları: Anar, Torkel (Türkel), Atlı, Qamlı, Yekul, Eqil, Erp,
Eyrik, Qanqleri, Buri (Börü?), Qunn, Qunlauq, Eynar, Elli, Aslauq, Asdis və s.
Həmin abidədə belə ifadə və cümlələr də var:
«Troya türk ölkəsidir» (25, 10); «türklərin ölkəsini tərk edib» (25, 11); Avropaya gələn aslar buraya türk adət-ənənəsigətirdi və «burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu» (25, 12).
Göründüyü kimi, təkcə bir İsland abidəsi 3 min il əvvəl qədim Azərbaycandan Troyaya, oradan da Avropaya gedən və özü ilə türk adlarını, türk törələrini (qanunlarını) aparan as boyu haqqında nə qədər fakt verir. Ona görə də, öz ulu babalarının izini Qobustan qayalarında axtaran məşhur norveç alimi Tur Heyerdala baxanda, azər türklərinin kökünü Monqolustan çöllərində axtaran tarixçilərimizi və türkoloqlarımızı anlamaq olmur.

Böyük köçlərin iştirakçısı olan as boyları Batıda german tayfaları içində əriyib türk dilini itirmişdir, Doğuda iran, Quzeydə fin-uqor və qafqaz tayfaları ilə qaynayıb-qarışsa da, türk dilini saxlaya bilmişdir, lakin belə qarışmalar as boyları haqqında yarımçıq məlumatı olan bəzi alimlərin yanlış fikir söyləməsinə də səbəb olmuşdur.
Beləliklə, zaman-zaman bütöv Avrasiyaya yayılan türk etnosunun içində həmişəyaşarlığı ilə seçilən, Azıx mağarasından tutmuş quzey, güney, batı Azərbaycan bölgələrində və Azov (Azaq) dənizinə qədər müxtəlif ölkələrdə izini qoyan qədim az boyunun tarixi olduqca maraqlı səhifələrlə doludur. Bu səhifələri oxumağın vaxtı isə çoxdan çatmışdır.


Tarix: 25.11.2014 / 18:15 Müəllif: Aziza Baxılıb: 219 Bölmə: Maraqlı Melumatlar