beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarımızla intim söhbətləri nə formada etməliyik?

Az əvvəl paylaşdığım xəbərdə 13 yaşlı qızın 54 yaşlı kişi tərəfindən aldadılmasında valideynəri günahkar hesab etdiyimi qeyd etmişəm. Yəni valideynlər qızlarının qorxu içərisində böyütdüyünə görə uşaqlar da başlarına gələnləri onlara danışmağa çəkinir. Nə isə. İndi 7 yaşlı qızımı yanıma çağırıb bu mövzuda danışmaq istədim. Təbii ki, qızım lap balaca olduğundan, həm də etik qaydalara sığışmadığı üçün intim münasibətlərdən söz açmayacaqdım. Başqa cür anlatmaq istəyirdim. Aramızda bu cür dialoq alındı:

- Qızım, gəl sənə bir hadisəni danışım. Bax, 13 yaşlı qızı bir müəllim hədiyyələrlə, şirin dillə yoldan çıxarıb ki, guya qızı çox istəyir. Qız da anasına demədiyinə görə başına pis şeylər gəlib. - "Pis şeylər" deyəndə qızıma yalandan söyləyəcəkdim ki, qızı qaçırıb diləndirib-filan... Yəni əsas məqdəs heç nəyi anasından gizlətməməyi öyrətmək idi... Amma elə ağzımı açırdım diləndirmək məsələsindən danışım, qızım məni qabaqladı. Və eşitdiklərimdən şok oldum.

- Hə, ana, gör ee, o boyda kişi balaca qızı necə sevib.

- Sevib? Sən nə bilirsən sevgi nədir?

- Sinifyoldaşım Oktay da Selcanı sevir eee - utana-utana deyib gülür. - Ana, indi o müəllim qızla evlənəcək?

- Nə danışırsan nə evlənmək? O müəllim qızı aldadıb qaçırdıb ki, öldürsün. Sonra polislər tapıb gətirib. Ona görə də nə olsa gəlib anaya demək lazımdır. Uşaqları ən yaxşı ana-ataları qoruyur...

Nə isə. Ürəyimi sıxan bu söhbəti baqladım. Etiraf edim ki, övladla valideyn arasında bir "pərdə" olduğu üçün intim söhbətlər etmək olduqca çətindir. Hətta üstüörtülü də olsa... Qızımla söhbət məni heyrətləndirən 7 yaşlı uşağın düşündüyümdən daha çox bilgiyə sahib olması... Demək ki, uşaqdır, "belə şeyləri başa düşmür" deyib keçməməliyik. Bir yolla onları gələcəkdə baş verəcək bu kimi problemlərdən qorumaq üçün başa salmalıyıq.
"Qız anası olmaq çətindir" deyən atalar yəqin ki, valideynlərin çarəsiz qaldıqları bu çətinlikləri nəzərdə tutublar. Amma düşünürəm ki, çətinlik tək qızlarla bağlı deyil. Oğul övladlarınızı da qorumaq lazımdır. Məktəbdə oxuyan azyaşlı oğlanların yuxarı sinif şagirdləri tərəfindən qeyri-təbii yolla zorlanması azmı olub? Yaxud narkotikaya cəlb etmək... Bir sözlə, gəlin övladlarımıza zaman ayırıb onları bu sahədə bilgi verək, onları bütün səhvləri ilə qəbul etməyimizə inandıraq ki, başlarına nə gəlirsə gəlsin ilk olaraq qaçıb dərdini sizə söyləsin. Siz də problem dərinləşməmiş onun həlli yollarını tapasınız. Əks halda çox gec ola bilər...

İstərdim bu mövzuda müzakirə edək. Uşaqlarımızla intim söhbətləri nə formada etməliyik? Necə edk ki, həm ortadan "pərdə" götürülməsin, həm də onları bu sahədə maarfləndirməyi bacaraq?

Müellif: Aynur Qurbanqızı


Tarix: 29.12.2012 / 20:39 Müəllif: [Ram] Baxılıb: 1209 Bölmə: Maraqlı Melumatlar