beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II f ə s i l

ƏMƏK MƏZUNİYYƏTİ

Maddə 5. Əmək məzuniyyəti anlayışı
Əmək məzuniyyəti işverənlə əmək münasibətlərində olan işçinin əməyinin və istehsalın xarakterinə görə normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.
Əmək məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas üzrə əmək vəzifələrini yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə görə verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Maddə 6. Əsas məzuniyyət və onun müddətləri
Əsas məzuniyyət işçinin əmək müqaviləsində (bağlaşmasında) göstərilmiş vəzifəsi, peşəsi, ixtisası üzrə minimum müddəti bu Qanunla müəyyən edilmiş məzuniyyətdir.
Mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
Əmək stajından asılı olaraq əsas məzuniyyətlər bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan miqdarda artırılır.
Aşağıdakı işçilərə əsas Məzuniyyət 30 təqvim günü müddətində verilməlidir : .
kənd təsərrüfatı istehsalında çalışan işçilərə;
müəssisələrin, idarələrin və təşkilatların rəhbər işçilərinə və mütəxəssislərinə;
xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə;
tədris müəssisələrinin metodistlərinə, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
elmi dərəcəsi olmayan elmi işçilərə;
həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
Bu maddənin dördüncü hissəsinin ikinci abzasında göstərilən işçilərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti heç bir məhdudiyyət qoyulmadan yerinə yetirdikləri işə və ya çalışdıqları vəzifəyə uyğun müddətdə verilir.
Dövlət qulluqçularının əsas məzuniyyətinin müddəti dövlət qulluqçularının statusunu tənzimləyən qanunvericilik aktı ilə müəyyən edilir.
Maddə 7. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətləri
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərin əmək məzuniyyətləri bu maddədə nəzərdə tutulan müddətdə verilir:
tədris müəssisələrinin rəhbər işçilərinə və illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan inzibati-tədris heyəti işçilərinə; xüsusi rejimli tədris müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə, təlimatçılarına; bütün ixtisaslardan və adlardan olan müəllimlərə, uşaq birliyi təşkilatının rəhbərlərinə, magistrlərinə, hərbi rəhbərlərinə, əmək təlimi ustalarına və təlimatçılarına; sosial təminat orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə — 56 təqvim günü;
uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə; tədris müəssisələrinin tərbiyəçilərinə, dərnək və musiqi rəhbərlərinə; metodika kabinetlərinin və mərkəzlərinin metodistlərinə və təlimatçılarına — 42 təqvim günü;
elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru (doktor) elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə; müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə—56 təqvim günü; sadalanan işçilərin elmlər namizədi (magistr) elmi dərəcəsi olduqda isə 42 təqvim günü.
Maddə 8. Teatr-tamaşa və digər müəssisələrin bəzi kateqoriyalardan olan işçilərinin məzuniyyətlərinin tənzimlənməsi
Teatr-tamaşa müəssisələrinin bədii rəhbər və artist heyətinin, bilavasitə səhnəyə xidmət edən işçilərinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii rəhbər və artist heyətinin, habelə Azərbaycan Respublikasının dövlət müəssisələrinin və birgə müəssisələrinin xarici ölkələrdə olan işçilərinin əmək məzuniyyətlərinin müddətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Maddə 9. İşçilərin fizioloji keyfiyyətlərinə görə verilən əsas məzuniyyətlər və onların müddətləri
Yaşı 16-dan az olan işçilərə əsas məzuniyyət — 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 36 təqvim günü müddətində verilir.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq (Çernobıl AES-də baş verilmiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib əlil olan şəxslərdən başqa) bütün işləyən əlillərə əsas məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir. .
Maddə 10. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan şəxslərə, o cümlədən Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına və “İstiqlal” ordeni ilə təltif olunmuş şəxslərə məzuniyyət 42 təqvim günündən az olmayaraq verilir.
Maddə 11. Əməyin şəraitinə və xarakterinə görə əlavə məzuniyyətlər
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçilərə onların sağlamlığının qorunması məqsədilə əsas məzuniyyətlərindən savayı əlavə məzuniyyətlər verilir.
Əlavə məzuniyyət hüququ verən, əmək şəraiti zərərli və ağır olan istehsalatların, iş yerlərinin, peşə və vəzifələrin siyahısı, həmin Məzuniyyətlərin minimum müddəti göstərilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalatda, iş yerində, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Tam müddətli əlavə məzuniyyət hüququ işçi həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Əmək fəaliyyəti yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə, səhhətə mənfi təsir göstərən digər amillərlə bağlı olan işçilərə işin xüsusi xarakterinə görə əlavə məzuniyyətlər verilir.
İşin xüsusi xarakterinə görə əlavə məzuniyyətin minimum müddəti iş növləri və işçi kateqoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.
Bu maddədə göstərilmiş iş yerlərində çalışan işçilərə kollektiv müqavilələrlə (sazişlərlə) qanunvericilikdə müəyyən edilmiş əlavə məzuniyyətin minimum müddətindən artıq əlavə məzuniyyətin verilməsi nəzərdə tutula bilər. Belə əlavə məzuniyyət həmçinin işçi işə götürülərkən bağlanan əmək müqaviləsi (bağlaşması) ilə də müəyyən edilə bilər.
Maddə 12. Əmək stajına görə və uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər
Əmək stajından asılı olaraq işçilərə: .
beş ildən çox əmək stajı olduqda — 3 təqvim günü;
on ildən çox əmək stajı olduqda — 6 təqvim günü;
on beş ildən çox əmək stajı olduqda — 9 təqvim günü müddətində əlavə məzuniyyətlər verilir.
Əmək stajına görə əlavə məzuniyyətin müddətinin müəyyən edilməsindən ötrü ümumi əmək stajı pensiyaların təyin edilməsi üçün müəyyənləşdirilmiş qaydada hesablanır.
Əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Bu maddənin üçüncü hissəsində göstərilən əlavə məzuniyyət hüququ uşaqlarını təkbaşına böyüdən atalara, həmçinin uşaqları övladlığa götürmüş şəxslərə də şamil edilir.


Tarix: 06.07.2014 / 12:45 Müəllif: ADMIN Baxılıb: 333 Bölmə: Məzuniyyətlər haqqında qanun