beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

V f ə s i l

MƏZUNİYYƏT VAXTI ƏMƏK HAQQININ ÖDƏNİLMƏSİ

Maddə 26. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir.
Maddə 27. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hansı iş ili üçün verilməsindən asılı olmayaraq Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyənləşdirilir.
Müəssisədə, idarədə, təşkilatda 12 təqvim ayından az işləyib məzuniyyətə çıxmaq istəyən şəxslərin orta aylıq əmək haqqı faktik işlənmiş tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-Yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına—30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği əmək məzuniyyətinin təqvim günlərinin sayına vurulur.
Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başlanandan sonra ödənilmişdirsə, məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik ödənildiyi gündən hesablanmalıdır.
Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır.
Maddə 28. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri
Büdcədən maliyyələşdirilən idarələrdə və təşkilatlarda əmək məzuniyyətlərinin haqqı, onların maliyyələşdirilməsinə çəkilən xərclərin smetasında əmək haqqı üçün nəzərdə tutulan vəsait hesabına, təsərrüfat hesablı, özəl müəssisələrdə, ictimai təşkilatlarda (birliklərdə) və digər müəssisələrdə isə əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.


Tarix: 06.07.2014 / 12:40 Müəllif: ADMIN Baxılıb: 178 Bölmə: Məzuniyyətlər haqqında qanun