Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III f əs i l

ƏMƏK MƏZUNİYYƏTİ HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI

Maddə 13. Əmək məzuniyyətlərinin verilməsi qaydası
İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə əmək müqaviləsinin (bağlaşmasının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.
İşin ikinci və sonrakı illəri üçün məzuniyyətlər iş ilinin müvafiq vaxtında məzuniyyətlərin verilməsi növbəsində nəzərdə tutulmuş vaxtda verilə bilər.
Aşağıdakı şəxslərin işə götürüldüyü vaxt nəzərə alınmadan işin birinci ili üçün məzuniyyətdən istifadə etmək hüququ vardır:
qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
on səkkiz yaşına çatmamış işçilərin;
müddətli hərbi xidmətdən buraxıldıqdan üç ay keçənədək işə götürülən işçilərin;
əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; hərbi qulluqçu arvadının (ərinin);
təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
qanunvericilikdə nəzərdə tutulan hallarda müəssisədən sərbəstləşdirilmiş işçilərin;
əlillərin.
Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq məzuniyyətlər yay tətili dövründə verilir.
Maddə 14. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
Məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir.
iş yerinin və qanunvericilikdə nəzərdə tutulan hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin əmək haqqı ödənilməli olan məcburi işburaxma dövrü;
sosial sığorta üzrə müavinət verilməklə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
qanunsuz və əsassız həbs edilməklə və ya ittiham edilərək azadlıqdan məhrum edilməklə və yaxud azadlıqdan məHrum edilmədən qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edilməklə işdən kənarlaşdırılan və müəyyən edilmiş qaydada tam bəraət alaraq işə bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.
Uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Maddə 15. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
İşçilərə əmək məzuniyyətləri istehsalın və işin normal gedişinə xələl gətirilməməsi, məzuniyyətlərin uçotunun düzgün aparılması üçün müəyyənləşdirilmiş növbə ilə verilməlidir.
Məzuniyyətlərin verilmə növbəsi hər il yanvar ayının sonunadək həmkarlar ittifaqı ilk təşkilatının rəyi öyrənilməklə işverən tərəfindən təsdiq edilir.
Məzuniyyətlər təsdiq edilmiş növbə ilə müəyyənləşdirilmiş vaxtda verilməlidir.
Yalnız bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan hallarda məzuniyyətin verilməsi başqa vaxta keçirilə bilər. Bu zaman məzuniyyətlərin verilmə növbəsində əsaslandırılmaq şərti ilə müvafiq dəyişikliklər edilməlidir.
Aşağıdakı işçilərə məzuniyyət özlərinin arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilməlidir:
14 yaşınadək iki və daha çox uşağı və ya 16 yaşınadək əlil uşağı olan qadınlara;
16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
hərbi qulluqçu arvadına (ərinə);
əlillərə;
döyüşən ordunun tərkibində olmuş bütün müharibə iştirakçılarına;
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalmış və ya şüa xəstəliyinə tutulmuş şəxslərə;
on səkkiz yaşına çatmamış işçilərə;
istehsalatdan ayrılmadan təhsil alan işçilərə;
bu Qanunun 10-cu maddəsində göstərilmiş şəxslərə.
Maddə 16. Məzuniyyətin başqa vaxta keçirilməsi şərtləri və qaydası
Əmək məzuniyyətlərinin verilmə növbəsində nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı həm işverənin, həm də işçinin təşəbbüsü ilə əsaslandırılmış qaydada yalnız bu maddədə göstərilən hallarda başqa vaxta keçirilə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:
əmək qabiliyyəti müvəqqəti itirildikdə;
əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
dövlət və ya ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
İşçiyə məzuniyyətin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın normal gedişinə xələl gətirə biləcəyi hallarda işverənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər. Bu zaman işverən işçinin və həmkarlar ittifaqı ilk təşkilatının razılığını almalıdır.
Məzuniyyətin başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı ilk təşkilatı əsaslandırılmış qərarı ilə imtina edə bilər.
Məzuniyyətin başqa vaxta keçirilməsi işverənin əsaslandırılmış əmri (sərəncamı və ya qərarı) ilə rəsmiləşdirilməli və bununla işçi imzası qoyulmaqla tanış edilməlidir. Əmrdə (sərəncamda, qərarda) məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə veriləcəyi vaxt göstərilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin istifadə edilməyən hissəsi növbəti iş ili üçün verilən məzuniyyətlə birləş-dirilə bilər.
Maddə 17. Məzuniyyətlərin verilməməsinin və başqa vaxta keçirilməsinin qadağan edildiyi hallar
Əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağan edilir.
On səkkiz yaşına çatmamış, habelə zərərli, təhlükəli və ağır əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olan işçilərin əmək məzuniyyətlərinin hər iş ili verilməməsi və ya başqa iş ilinə keçirilməsi qadağan edilir.
Maddə 18. Əsas və əlavə məzuniyyətlərin cəmlənmə qaydası
İşçinin arzusu ilə əsas məzuniyyət (bu Qanunun 6-cı maddəsi) əlavə məzuniyyəti ilə (bu Qanunun 11-ci və 12-ci maddələri) cəmlənərək birlikdə, yaxud ayrılıqda verilməlidir.
İşçinin eyni vaxtda bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Maddə 19. Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən biri 14 təqvim günündən az olmasın.
Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə müəssisənin fəaliyyətinin, istehsalın gedişinin təmin edilməsi üçün təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda məzuniyyətdə olan işçi ancaq öz razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan qaydada əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.
Məzuniyyətdən geri çağırılan işçiyə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda yenidən verilərkən bu Qanunun 27-ci maddəsində nəzərdə tutulan qaydada məzuniyyət pulu yenidən hesablanıb ödənilməlidir.
Maddə 20. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
Əmək, sosial və ödənişsiz məzuniyyətlərin verilməsi işverənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi, verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı və qurtardığı il, ay, gün göstərilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı on gün qalmış verilir və işçi onunla tanış olub imza atır.
Əmr (sərəncam, qərar) verilərkən müəssisədə təsdiq edilmiş məzuniyyətlərin verilmə növbəliliyi və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik aktları və ya lokal aktlar (əmək bağlaşması, kollektiv müqavilə, saziş əsas götürülür.
İşçi bu Qanunun 15-ci maddəsində göstərilən növbə üzrə müəyyən edilmiş vaxtda əmək məzuniyyətindən istifadə etməkdən müəyyən səbəblərdən imtina edərsə, onun əsaslandırılmış ərizəsi əsasında müvafiq əmr (sərəncam, qərar) verilir.
İşçinin, iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina etməsi barədə verilən əmr (sərəncam, qərar) etibarsız sayılır.
Müəssisədə məzuniyyətlərin verilməsinin dəqiq uçotu aparılmalıdır. Məzuniyyətlərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formada işçilərin şəxsi uçot vərəqələrində aparılır. həmin uçot vərəqələrində işçilərə verilən bütün növ məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.
İşverən məzuniyyətlərin uçotunu dürüst və vaxtında aparmağa borcludur.


Tarix: 06.07.2014 / 13:44 Müəllif: ADMIN Baxılıb: 368 Bölmə: Məzuniyyətlər haqqında qanun
loading...