Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfəs - kitablar kitabı

Nəfəs - kitablar kitabı — Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı. 2006-cı ildə "Qanun" nəşriyyatı tərəfindən çap olunmuşdur. "Nəfəs - kitablar kitabı" əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü". İlk üç kitab nəzm, dördüncü-nəsr, beşinci esselərdən ibarətdit. Beləliklə - bir damın altında beş otaq, bir cildin içində beş kitab.

"Nəfəs -kitablar kitabı" 2008-ci ildə qısaldılmış variantda Bengü nəşriyyatı tərəfindən Türkiyədə də nəşr olundu. Kitaba daxil olan əsərlərin bir qismi ingilis, fransız, alman, ispan, polyak, bolqar, rus, ukrayna və s. dillərə tərcümə olunmuşdur.Mündəricat
1 Şeirlər
2 Digər əsərlər
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçidlər


Şeirlər

SEVGİ MƏKTUBU KİMİ

Dağlar arasında dərə –
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.

Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi məktubu kimi.

Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə,
sevgi məktubu kimi.

…Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi…

Torpaq örtdü hər şeyi;
yollar, izlər örtüldü.
Axtarıb-axtarıb tapammadığım,
Tapanda doyunca öpəmmədiyim
ala gözlər, qara gözlər örtüldü.
Şairlərin neçəsini azdırıb,
Cavanını, qocasını azdırıb,
dünyada tək mənim şair bəxtimə
düşən sözlər örtüldü, –
torpaq örtdü hər şeyi.

Bu nə torpaqdı, Allah?!
Ürəyimin başından
qabardı-qalxdı, Allah.
Bir ah çəkdim, ahımdan səpələndi,
qəbir kimi təpələndi üstümdə.
Uddu, uddu, uddu bu torpaq məni;
Nə vətəndə, nə qürbətdə,
Nə şəhərdə, nə kənddə,
Uzaqda yox, yaxında, lap yaxında,
Ürəyimin torpAHında
basdırdı Allah məni, –
Torpaq… torpaq… torpaq örtdü hər şeyi…

Digər əsərlər

"Ömür keçdi…"

Qəribədi ki, bu duyğu adama ən çox cavanlıqda rahatlıq vermir. 30-35 yaşımacan mən az qala hər gecə bu duyğudan diksinib yuxuda dik atılmışam; ötüb-keçən günlərin diş kimi, dırnaq kimi məndən necə qopduğunu ətimlə-canımla hiss eləmişəm.

Dünyanın bütün saatları çıqqıldaya-çıqqıldaya mənim ömrümü çırtlayıb.

O saatların hərəsi öz vaxtıyla işləyib; Bakı vaxtı, Paris vaxtı, Bombey vaxtı… Amma o cürbəcür vaxtların hamısını məndən ötrü bir yerə cəmləyən bir vaxt ölçüsü də olub; mənim ömrümün vaxtı… Və mən haçansa o Vaxt deyilən şeylə haqq-hesabımı çürüdüb bu dünyadan gedəndə, bəlkə Bakıda səhər olacaq, Parisdə günorta, Bombeydə axşam (ya da ki, tərsinə), amma o səhəri, günortanı, axşamı məndən ötrü bir yerə cəmləyən heç bir vaxt ölçüsü olmayacaq; çünki bu dünyada Mən olmayacam.

Yer üzündə hər adamın öz sir-sifəti, öz boy-buxunu olduğu kimi, öz vaxtı da var. Hər doğulan adamın birinci çığırtısıyla onun ciyərlərinə təkcə hava yox, həm də Vaxt dolur; o adamın Öz Vaxtı.

Mənim vaxtım – mənim nəfəsimdi.

Vaxt təkcə mənim çölümdə deyil, həm də, içimdədi.

Çölümdəki vaxtın məndən asılacağı yoxdu, o vaxt öz gedişindədi; dünən qurduğunu bu gün uçura-uçura, dünən alqışladığını bu gün qarğışlaya-qarğışlaya…

Amma içimdəki Vaxt mənim öz ixtiyarımdadı, o Vaxtın yiyəsi mənəm.

Zülmün, haqsızlığın, alçaqlığın baş alıb getdiyi ən mundar zamanlarda da, öz içindəki Vaxtın saflığını qoruyub-saxlayan, öz nəfəsini satmayan güclü adamlar həmişə olub. O adamların arasında şairlər də var. Amma şair güclü adam deyil. Şairlik – insanın gücü yox, zəifliyidi.

Lev Tolstoy "bədii təxəyyül xəstə təxəyyüldü" deyirdi.

Bu mənada, bəxtinə "Allah vergisi" düşən şairlərin hamısı "xəstədi" bu dünyanın adamı deyil və bəlkə də, əsil şairlik elə bu dünyada o "ilahi xəstəliyin" qulu olmaqdı. Hər dəqiqə sağalmaqdan qorxa-qorxa, öz canındakı o xəstəliyi sevə-sevə, əzizləyə-əzizləyə bəsləyib becərməkdi.

Bu dünyanın adamı olmayıb bu dünyada baş saxlamaq müşkül məsələdi, amma şair də yaşamaq istəyir və yaşamaq istəyən şair bu dünyayla dil tapmağa, canındakı o ilahi xəstəlikdən sağalıb xilas olmağa, payına düşən o Allah vergisini xərcləyib, xırdalayıb satmağa can atır. Allahın verdiyini satan Allahın özünü satır və Allahı sata-sata bu dünyada adlar, mükafatlar alan şairlərin, öləndən sonra ən fəxri xiyabanlarda basdırılsalar da, o dünyada qır qazanında bişdiklərinə mənim heç bir şübhəm yoxdu.


Tarix: 14.03.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Kitablar elm
loading...