beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan ?
Qardaşmı olacaq, yadmı olacaq ?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən

Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Çox sevinirdin-çünki ilk dəfə idi sənə “gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, paltarını dəyişdin.
Mən isə qışqırdım: “Tez ol! Yoxsa çəkməyəcəm”. Bu sevinci də sənə çox gördüm. Gözlərin doldu. Vecimə də olmadı. Şəklini çəkdim. Sən bilmədin niyə. Sadəcə gülümsədin-axı şəkil çəkəndə hamı gülümsəyir.
Necə mənasızdır. Fotoaparatı qurdalamaq üçün çəkdiyim o şəklin surətini çıxartdırıb gətirincə min dəfə yalvartdım səni...

yazıq baxışlarla baxan ərindən yarımayan qadınKülək əsir. Evə getmək istəmirəm. Səndən daha çox vaxt ayırdığım, uğrunda sağa-sola pul xərclədiklərimi də daha görmək istəmirəm, başımın tacı...
Başımın tacı?! Görəsən bunu son dəfə nə vaxt demişəm sənə?
Deyəsən heç vaxt...
Bunu demək üçün ölmənimi gözlədim?! Amma sən çox dedin...

Səni həmişə ən axırıncı yerə qoydum. Məndən “böyüklərə” deyə bilmədiklərimi sənə dedim, üzünə tüpürmək istədiyim əclaflara vura bilmədiyim şillələri sənə vurdum, bütün günü süni təbəssümlə, hamıya xoş gəlim deyə üzümə taxdığım “mədəni insan” maskasını təkcə sənin önündə çıxartdım.
Düçar olduğum uğursuzluqların acığını səndən çıxdım, adını “kişini kişi eləyən arvadıdır” qoydum.
Həmkarlarımın ayağımın altını qazımasının, vəzifəsi məndən üstün olanların təhqir və hədələrini udub-udub evdə sənin üstünə qusdum.

Adını “ərkim çatır” qoydum. Kişiliyimi təkcə sənə sübut etməyə çalışdım. Vuran əlimin, deyən dilimin olduğunu qüdrətli, ağıllı, sözükeçən olduğumu təkcə sənin yanında göstərə bildim.
Sənə gözəl sözlər deməyi çoxdan tərgitdim, adını “bu, əttökənlikdir” qoydum. Amma internetdə, işdə, orda-burda qadınlara bol-bol xoş söz dedim.
Nömrəsini oğlan adı ilə qeyd etdiklərimə gecə tualetə girib, romantik sms-lər yazdım. Sonra onların başqalarının maşınından boylanan başlarını gördüm. Adını “xəyanət” qoydum. Məndən əvvəl üzü onlarla üz görmüşlərdən vəfa umdum. İçdim, içdim...
Evə gələndə sənin mehriban üzünü gördüm. Ürəyim birtəhər oldu. Varlığına şükr etdim-gizlincə. Səhəri gün isə unutdum.

Ehtiyaclarını qorxa-qorxa dedin. Hər şeyə deyindim. Göz yaşların yanaqlarını islatmağa başlayanda “bayquş, yenə də başladın” dedim. Əl qaldırdım sənə. Hönkür-hönkür ağlatdım səni.
Ağlamağı da çox gördüm. “Başımı yeyən” bu qadını qarşıma çıxartdığı üçün Allaha üsyan etdim.

Evə getmək istəmirəm... En böyük qəbirstanlıq evimizdədir. O evin hər şeyi sən imişsən. Qabları yumaq-faciə imiş. Oğlumuzun çoxlu suallarına cavab verməkkk... Əzizimmmm...

Mən isə elə bilirdim təkcə çörək qazanan əziyyət çəkir!! Evə gələndə mənim yorğunluğumu sən çıxarırdın, bəs sənin qayğına kim qaldı, ay yazıq??!!

Dünən ən sevdiyim köynəyimi yumaq istədim. Nə qədər əzyiyyət çəkdim, ləkəsi getmədi. Ütü isə lap zülm imiş. Heç vaxt sənin səliqəylə ütülədiyin köynəkləri geyinəndə minnətdar olmadım.
Onlara başqa qadınların ətirini, kirşanını hopduranda vicdanım sızlamadı, sadəcə beynimdə növbəti yalanın mətnini düşündüm. Sən bunu bildin, amma üzümə vurmadın...

Sevdiyim yeməkləri bişirməkdən heç yorulmadın. Mənsə təşəkkür etməyi ağlımdan belə keçirmədim. Həmişə yedim, doydum və sadəcə gəyirdim. Əllərinə qurban olum, həyatımın dəyəri! Kaş sağ olaydın, bir quru çörəyi gətirib qoyardın qabağıma. Milyon dəfə əllərindən öpüb “çox sağ ol” deyərdim....

bir kişi kimi yoldaşımı xoşbəxt etmədim.Allah cəzamı verdiYatağıma girmək istəmirəm gecələr. O yataq sənə qadınlığını unutdurdu. Həmişə təkcə özümün nə istədiyim mənim üçün vacib oldu. Sənin nə hiss etdiyi heç ağlıma da gətirmədim. Ya arxamı çevirib yatdım, ya da “başım ağrıdı”.
Mən səninlə bəyənmədənmi evlənmişdim? Yoxxx. Oğlumuzu dünyaya gətirəndən sonra sallanan qarnından diksinənə qədər səni bəyəndim. Sən gündüzləri ayaqlarını divanın altına keçirib, yerdə uzanaraq idman etdin ki, formaya düşəsən, xoşuma gələsən. Mən isə səni ələ salıb, mənliyini qırdım.
Sən diqqətimi çəkmək üçün tv-dəki qadın proqramlarından öyrəndiklərini etdin, mən səni lağa qoydum. Sən bunlara necə dözdünnn?? Niyə dözdün?

İt kimi peşmanam. Kaş indi olaydın yanımda. Yerdə diz üstə çöküb oğlumuzu bətnində daşıyarkən damarları partlamış o ayaqlarından öpərdim. Mənə övlad bəxş etdiyin üçün milyon dəfə sənə təşəkkür edərdim...

Oğlumuz...Onun hər əziyyətini sən çəkdin. Əlində işlərin bir-birinə qarışanda, yemək ocaqda yananda, uşaq durmadan ağlayanda ancaq qışqırmağı bildim.
Sənə kömək etməyi, qızarmış kotleti tavada çevirməyi, ya da balamızın qusub-batırdığı köynəyini dəyişməyi yaxınıma belə buraxmadım.
Adını qoydum “mən kişiyəm”. Gecələri səhərə qədər oğlumuz ağladı, sən yatmadın, mən isə “kəs də o ...... səsini” dedim. Amma başqa vaxt ağız dolusu “Mənim oğlum!” dedim.

Çiyinlərimdə oturub günahlarımı yazan mələk ağırlıq edir, torpağa basılır... Kaş torpağa girəydim elə indi. Sənin yanında uzanaydım, illərlə sığal çəkmədiyim saçlarını tumarlayardım.

Aman Allah, yəni bu, doğurdan mümkün deyil?!!! Bu saniyə səni görməsəm, dəli olacam!
Kaş bu, bir yuxu olaydı, sən sağ çıxaydın o dəhşətli qəzadan. Niyə mən düşünmədim ki, yoxluğun bu boyda boşluq yaradar həyatımda?
Bəlkə də varlığının doldurduğu yerin böyüklüyü hiss etmədiyim üçün. Kaş sağlığında bunları dərk edəydim...

İndi çox gecdir. İçimdə- vicdansız ürəyimin boşluğunda külək uluyur…
Və mən yetim qalmışam-qadından yetim...


Tarix: 28.11.2014 / 12:56 Müəllif: Aziza Baxılıb: 144 Bölmə: Kişiler haqqında