beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xüsusi süni süd qarışıqları

Bəzi hallarda adi adaptasiya olunmuş qidalar uşaq orqanizminə uyğun gəlmir və bu halda həkim ona müalicəvi süni süd qarışığı təyin edir.
Müalicəvi süd qarışığı yalnız uşağı nəzarətdə saxlayan pediatr tərəfindən və yalnız buna ciddi göstəriş olduğu halda təyin oluna bilər. Bu zaman həkim həmçinin, müalicəvi qidanın həcmini və onun qəbul edilməsi müddətini də müəyyən edir.
- Laktoz çatışmazlığı zamanı (laktozanı parçalayan fermentin defisiti) onun ağırlıq dərəcəsindən asılı olaraq azlaktozlu və ya laktozsuz süd qarışıqlarından biri təyin olunur.
- Ana südü və ya inək südünün tərkibində olan zülala qarşı allergiya olduğu zaman, pediatr uşağa, keçi südü əsasında hazırlanan süd qarışığı təyin edə bilər. Əgər uşaqda, istənilən heyvani zülala qarşı allergiya olarsa, bu halda ona, tərkibində heyvani zülal olmayan, soya əsaslı süni süd qarışığı təyin edilir.
Uşaqda heyvanı zülallara olan allergiya zamanı xüsusi süni süd qarışıqları da istifadə olunur ki, bu qarışıqların tərkibində olan inək südü zülalları daha kiçik hissələrə parçalanmış haldadır. Uşağın immun sistemi belə parçalanmış zülalları "yad" zülallar kimi qəbul etmir. Bu səbəbdən, belə süd qarışıqları da uşaqlarda allergiyaya səbəb olmur.
- Seliakiyası olan uşaqlar üçün xüsusi qlyutensiz süd qarışıqları istehsal olunur. Seliakiya – uşaqlarda, onların doğulduğu andan etibarən mövcud olan, həzm sisitemi tərəfindən qlyuten zülalının (buğda, yulaf, çovdar və arpanın tərkibində olan zülal) tam parçalanmasını təmin edən fermentin çatışmazlığıdır.
- Uşaqlar üçün, tərkibində fenilalanin olmayan, xüsusi süni süd qarışıqları da vardır. Bu süd qarışıqları, fenilketonuriya kimi ağır xəstəlikdən əziyyət çəkən uşaqlar üçün həyati əhəmiyyətə malik olan bir qidadır. Bu xəstəlik zamanı, uşaq orqanizmində, zülal molekulunun strukturuna daxil olan "fenilalanin" adlı amin turşusunu parçalayan fermentlər istehsal olunmur. Bu xəstəliyi olan uşaqların orqanizmində maddələr mübadiləsinin normal gedişində ciddi pozulmalar baş verir. Bunun nəticəsində isə, körpənin həm fiziki, həm də psixi inkişafında xeyli dərəcədə ləngimələr olur. İndiki dövrdə bu xəstəliyə, özünün ən erkən mərhələsində diaqnoz qoymaq olur. Doğum evində doğulan bütün uşaqlar istisnasız olaraq bu xəstəliyə görə müayinə olunurlar. Doğulduqdan dərhal sonra xüsusi dietik qidalandırılmanın təyin olunması, uşağa gələcəkdə, praktik olaraq, tam dolğun şəkildə həyat sürməyə imkan verir.
- Davamlı gəyirmələr və qusmalar zamanı uşağa xüsusi "antireflyuks" süd qarışığı və ya tərkibində nişasta olan süd qarışığı təyin olunur.
- Çəkisi az olan və vaxtından qabaq doğulmuş uşaqlar üçün, tərkibində zülalların miqdarı bir qədər çox olan xüsusi süni süd qarışıqları vardır.


Tarix: 05.01.2015 / 16:20 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Körpəyə qulluq