beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaqqabı seçimi necə olmali?

Tufli hər cür geyimi, hətta ən sadə paltarı belə yaraşıqlı göstərir
Ayaqqabı seçimində, hər şeydən əvvəl, onun haraya geyiləcəyi nəzərə alınmalıdır: gəzinti üçün, iş üçün, ev üçün, bayırlıq paltarla geyinmək üçün və s. Lakin geyimimiz üçün lazım olan bütün detallar kimi, ayaqqabı da zövqlə seçilməli və gözəl olmalıdır.
Məlumdur ki, gözəl tufli hər cür geyimi, hətta ən sadə paltarı belə yaraşıqlı göstərir. Lakin çox zaman unudurlar ki, ayaqqabı rahat olmadıqda yerişi ona uyğunlaşdırmaq adama əziyyət verir, hərəkəti çətinləşdirir, bir sözlə, nail olmağa çalışdığınız bütün gözəllyi məhv edir.
Keçmişdə dəbin tələbinə uyğun olaraq, qadın ayağını daraltmaq, incə göstərməyə çalışmaq üçün bütün vasitələrdən istifadə edilirdi. Uşaq yaşlarından başlayaraq, ayaq ölçülərini kiçiltmək üçün qızlara öz ayaq ölçüsündən balaca çəkmə geydirirdilər. Ayaqları sıxan belə ayaqqabılar ayaqları və xüsusən barmaqları şikəst edir, ayaq təbii formasını itirib şəkil dəyişirdi ki, bu da sonda xəstəliklə nəticələnirdi.
Orta boylu və normal kökluyü olan adamlar elə tərzdə ayaqqabı geyməlidirlər ki, ayağı kiçik göstərsin. Köndələn xətləri olan, üfüqi bantlı ayaqqabılar orta boylu adamların ayağını kiçik göstərir.
Müasir moda yaraşıqlı libasla, xüsusən axşam paltarı ilə mütləq hündürdaban ayaqqabı geyməyi tələb edir. Lakin unutmayın ki, belə ayaqqabı yalnız onu geyən adam rahat şəkildə hərəkət edə bildiyi təqdirdə gözəldir. Yerişi möhkəm olmayan qadın və ya qız hündürdaban ayaqqabı geydikdə çox vaxt gözəl görünmür. Bu zaman ayaqqabı yanlara doğru əyilir, əyri daban isə istənilən geyimin ansamblını pozur.
Nəzərə almaq lazımdır ki, idman stilli kostyuma hündürdaban ayaqqabı yaraşmaz. Həmçinin bayırlıq paltarı idman tipli ayaqqabı ilə geymək də yaraşıqlı görünməz.
Əlbəttə, ayaqqabını kostyumla eyni rəngdə geymək məsləhətdir, lakin bu mümkün olmadıqda yenə də qara ayaqqabı seçmək daha yaxşıdır. Çünki o, hər paltara yaraşır. Həmçinin ağ tufli də yayda hər cür paltarla geyilə bilər.
Modanın təsiri ilə ayaqqabı dəbi çox tez-tez dəyişir. Lakin bu dəyişmə ayaqqabının özündən çox, ona vurulan müxtəlif bəzək detallarına aiddir. Çox alçaq, enli və ya çox nazik hündürdaban, çox nazik və ya enli burunlu ayaqqabı, adətən, bir yox, bir neçə mövsüm dəbdə olur.
Elə ayaqqabı modelləri də vardır ki, demək olar, həmişə dəbdədir. Buna «qayıqvari» tufli deyirlər. Bu cür ayaqqabılar həm hündür, həm də alçaq dabanlı olmaqla, bütün paltarlara: istər bayırlıq, istərsə də ev paltarına yaraşır. Onun rahat və gözəl biçilmiş üzü, dərisinin yumşaqlığı və keyfiyyəti sadə «qayıqvari» tuflini istənilən yerə geyməyə imkan verir. İş vaxtını ayaq üstə və ya həmişə hərəkətdə keçirən adam ayaqqabı seçimində xüsusilə diqqətli olmalıdır.
Bəzən qadın ev işləri ilə çox məşğul olduqdan sonra ayaq ağrısından şikayət edir. Bunun səbəbi təkcə yorğunluq deyil, eyni zamanda onun ev işləri ilə məşğul olarkən rahat ayaqqabı geyinməməsidir. Həmişə dikdaban ayaqqabı geyməyə alışan qadın, ev başmağı və ya alçaqdaban ayaqqabı geyərsə, əvvəlcə rahatlıq hiss edir, sonra tədricən baldırlarında ağrılar başlayır ki, bu da mütləq qadının həmin tərz ayaqqabıya öyrəşməməsindən irəli gəlir. Məhz buna görə də ev və iş ayaqqabısının dabanı orta hündürlükdə və enli olmalıdır.
Yumşaq ev ayaqqabısını xalat və ya pijama ilə geymək olar. Lakin ev paltarı ilə adicə rahat tufli geyə bilərsiniz.

Ayaqqabı ayağınızı sıxırsa…
Ayaqqabı seçmək, hansı formada və ölçüdə olması, materialının yumşaqlığı və ya sərtliyi öz əlimizdədir. Materialı sərt və dabanı hündür olan ayaqqabılar narahatlıq törətdiyi üçün ayağın bir nömrəli düşmənidir. Buna görə də ayaqlar üçün elastik və yumşaq ayaqqabılar daha münasibdir. Sağlamlığa ziyanlı olan rezin ayaqqabılar ayağı tərlədir, göbələk və digər dəri xəstəlikləri əmələ gətirir. Buna mütləq diqqət yetirmək lazımdır. Yayda ayaqlar daha çox qulluq tələb edir. Sağlamlığımızın qayğısına qalmaq istəyiriksə, ayaqlarımızın da qayğısına qalmalıyıq. Ona görə də aşağıdakılara əməl etməyimiz daha məqsədəuyğundur:

– Gün ərzində sağlam dabanlı və yumşaq ayaqqabılar geymək lazımdır;
- Ayağin ölçüsündən kiçik ayaqqabilar geyməyin. Hətta ayağinizi çox az sixsa belə…
- Ayaqqabi almaq üçün ən münasib vaxt günortadan sonradir. Çünki gün boyunca ayaq şişir;
- Ayaqlari hər gün iliq suda, mümkünsə, nəmləndirici sabunla yaxalayin;
- Çalişin, dirnaqlari düz kəsəsiniz.

Dar ayaqqabı geyınməyin!
Əsasən işləyən adamlarda ayaq dırnağının batması hallarına daha çox rast gəlinir.
Dırnaq batması dırnağın iti ucunun ayaq barmağı ətinin içinə doğru böyüməsi nəticəsində ortaya çıxır və xüsusən ayağın baş barmağında meydana gəlir. Bu çatışmazlıq ayaqların sağlamlığına mənfi təsir göstərir.

Dırnaq batmasına səbəb olan faktlar hansılardır?
1. Ayaq dırnaqlarını bir-birinin üzərinə mindirən ayaqqabıların geyilməsi.
2. Dırnaqların çox qısa kəsilməsi.
3. Dırnaqda zədələnmə.
4. Dırnaqların normal inkişaf etməməsi.
5. Dırnaqların qalınlaşması.

Ayaq dırnaqlarının batması nə zaman ehtimal olunur?
1. Dırnağın bir və ya iki tərəfində ağrı və həssaslıq duyduqda.
2. Ayaq dırnağının ətrafında qızartı, şişkinlik olduqda.
3. Dırnağın ətrafındakı toxumaya infeksiya keçdikdə.

Bu bəladan necə qurtarmaq olar?
Dırnaqları küt kəsin. Əgər ayaqlarınızda qan dövranının yayılmasında problem varsa, hər üç aydan bir müalicə üçün həkimə müraciət edin. Dırnaqları ayaq barmaqlarınızla eyni boyda kəsin. Qısa kəssəniz, bu, dırnağın ətə batmasına səbəb olacaq. Dar ayaqqabılardan istifadə etsəniz, yenə də eyni mənzərə ilə qarşılaşacaqsınız. Odur ki, ayaqqabı seçərkən diqqətli olun. Elə edin ki, aldığınız ayaqqabı barmaqlarınıza təzyiq göstərməsin və dırnaqlarınız ayaq ətini zədələməsin. Ayağınızın sağlamlığı üçün dar olmayan, rahat ayaqqabılar geyinin


Tarix: 26.12.2012 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1019 Bölmə: Geyim/Moda/Deb