beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akira Kurosava

Akira Kurosava 1910-cu ildə Yaponiyada anadan olub. Uşaq yaşlarından rəssamlığa meyl edib. 1928-ci ildə çəkdiyi “Seybutsu” adlı rəsm əsəri Tokioda keçirilən “Nika-ten” festivalında mükafat alıb. Rəssamlıq kollecinə daxil olmaq istəsə də, buna nail olmur və kino ilə məşğul olmağa başlayır. 20 yaşında rejissor Kadziro Yamamotonun assistenti işləməyə başlayır.
Yeddi ildən sonra o artıq müstəqil rejissor kimi fəaliyyət göstərirdi. “Dahi cüdoçu” onun ilk filmi olur. Film XİX əsrin axırlarında Yaponiyada cüdonun inkişafından bəhs edir. Kurosava 1950-ci ildə çəkdiyi “Rasömon” filmi ilə dünya şöhrəti qazanır. Filmdə baş rolun ifaçısı Tosiro Mifunedir. Bu aktyor Kurosavanın digər filmlərində də baş rolları oynayır. Sonrakı illərdə Akira Kurosava bir birinin ardınca “Sərxoş mələk”, “Cüdo ustası-2”, “Suqata san”, “Səssiz duel”, “Yaşamaq” və digər filmləri çəkir. “Sərxoş mələk” və “Rasömon” filmləri Vyana kinofestivalında “Qran pri”yə, Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülür.
Akira KurosavaKurosava yaradıcılıgından danışarkən yapon və dünya kinosunun incilərindən sayılan “Yeddi samuray”dan söhbət açmamaq olmaz. Filmi bəzən Amerika vestern filmlərinə bənzədirlər. Bu janrda film çəkən rejissorlardan Con Fordun Kurosavaya böyük təsiri olub. Film bir kəndin əhalisini quldurlardan qoruyan yeddi samuraydan bəhs edir. 1960-cı ildə Amerikada bu filmin əsasında “Yeddi cəsur” vesterni çəkilib.
Kurosava tez-tez dünya yazıçılarının əsərlərinə müraciət edib. Daha çox iki yazıçının — Maksim Qorki və Vilyam Şekspirin əsərlərini ekranlaşdırıb. 1957-ci ildə “Maqbet” pyesinin motivləri əsasında çəkdiyi “Qan içindəki taxt” filmi Kurosavanın ən yaxşı filmlərindən sayılır. Film orta əsr Yaponiyasını bütün çalarları ilə təsvir edir. Qorkinin “Həyatın dibində” əsərinin müasir variantı onun eyniadlı filmində daha dolğun verilib. Filmi maraqlı edən digər bir cəhət isə onun psixolojı obraz və nüanslarla zəngin olmasıdır. Şekspirin “Hamlet” pyesi əsasında çəkilən “Pislər sakit yatır” filmində öz biznesmen atasının düşmənlərindən qisas alan gənc oglanın həyatı təsvir olunub.

Kurosava yaradıcılığında rus ədəbiyyatından çox bəhrələnib. 1951-ci ildə Dostoyevskinin «İdiot» əsərinin motivləri əsasında eyniadlı film çəkib. Rejissor bu film haqqında deyirdi: «Mən tamaşaçılardan çoxlu məktublar alıram. Onların çoxu məhz bu film haqqındadır. Uşaq yaşlarımdan mən rus ədəbiyyatını sevmişəm. Ancaq Dostoyevski daha çox xoşuma gəlirdi. O yeganə yazıçıdır ki, insan barəsində həqiqəti yazır».
1980-cı ildən başlayaraq Akira Kurosava yenidən samuray mövzusuna qayıdır və «Döyüşçünün kölgəsi», «Ran», «Yuxular» və s. filmlərini çəkir. 1993-cü ildə Kurosava özünün son ekran əsərini — «Hələ yox» filmini ekranlaşdırır. Film İkinci Dünya müharibəsi dövründə ali məktəb müəllimi və onun tələbələri arasındakı mənəvi bağlılıqdan bəhs edir. Kurosava kinoda Şərqlə Qərb ənənələrini birləşdirib və özündən sonra böyük bir irs qoyub gedib. O, 1998-ci il sentyabrın 6-da 88 yaşında Tokioda vəfat edib.


Tarix: 28.11.2014 / 11:27 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Filimler