Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İranlı rejissorun çəkə bilmədiyi filmi

İranlı rejissor Cəfər Pənahinin “Bu bir film deyil” adlı sənədli filmini izlədim. 75 dəqiqəlik filmdə İran rejimi tərəfindən siyasi səbəblərə görə həbsolunan Pənahinin həbs olunmadan öncəki bir günü anladılır.

Pənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırılır. Çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Məhkəmə ərəfəsinin olduğu günlərdə Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.

Dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və: “bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki?” — deyib dayanır.

Bundan sonra artıq köhnə filmlərini açıb, hiss etdiklərini danışır. Sonra köhnə qapıçılarının yerinə gələn sənət fakültəsi tələbəsi olan gənc oğlanla tanış olur və dostu Mirtəhmasibin qoyduğu kameranı götürüb, onu çəkməyə başlayır. Oğlan dediyi “məni ən çox incidən universiteti bitirəndən sonra işimi görə bilməyəcəyimdir” cümləsi, rejimin Pənahinin simasında insanları, sənəti saldığı durumu ifadə edirdi. Pənahi evində, yapışqan kağızla otağı çərçivələyib filmini və qəhrəmanını anladırdı. Ancaq o, həm də bizi, sistemin bizi saldığı durumu izah edirdi əslində. Hansımız həyatımızı yapışqan kağızla çərçivələnmiş yerdə yaşamırıqmı? Bizə verilən çərçivədə yaşayırıq. Hə, sistemin bizi saldığı çərçivədə, onun istəyinə görə davranırıq.



***


Dalğalı, qəhvəyi saçları var. Orta boylu deyə bilməyəcəyim qədər qısadır boyu. Üz cizgiləri köhnə filmlərdəki zərif qadınların üz cizgiləri kimi, daha dəqiq desəm solğun üzü, gözləri, dodaq, burnu, qulaqları, incə qaşları ayrı-ayrılıqda bir işə yaramayacaq qədər gözəl və kəskindir. Saçları üzünə və dik burnuna çox gözəl yaraşır. Əntiq əşyalara bənzəyirdi – zərif, incə, dolu, bir az da yarımçıq. Ruhu belə idi. Mavi termosu var. Yayda özü ilə gətirirdi və onun balaca, qırmızı qapağında “26” yazılan külqabısından sonra sevdiyim ikinci əşyasıdır. Yay aylarında dərslər çox olduğundan universitetə termosu da gətirirdi. Dərs aralarında oturub termosdakı çaydan içirdik – beləcə tələbə tədarükü görürdük.

Deyim ki, çayı çox ləziz alınırdı. Ümumiyyətlə hamının həyatında gözəl çay hazırlamağı bacaran adamlar olmalıdır. Bir də çay içə-içə səni valeh edən söhbətlər etməyi bacaran adam. O da mənim üçün belələrindəndi. Onun həmişə maddi sıxıntıları olurdu. Bu maddi sıxıntılar adi tələbənin yaşadığı maddi sıxıntılar deyildi. Əvvəldən belə olub. Qız çox əzmli adamdır. Bir gün söhbət edirdik. Mənə dedi ki, keçən il mən evlərə təmizliyə gedirdim. Eləcə durdum. Əzminə olan heyranlığım ona nəsə deməyimə icazə vermədi.

Bir çox yazıçı, tanınmış adam var. İndi sevilir, tanınırlar. Onlara baxanda adama elə gəlir ki, onlar elə indi olduqları kimi gəliblər dünyaya. Ya da hardan hara gəldiklərini düşünürsən. Rəfiqəm də öz sahəsində çox uğurlu biri olacaq. O, min əziyyətlə həyatını qurmağa, gələcəyinin istədiyi kimi olması üçün çalışır. Tənbəl deyil, əzmli, çalışqandır.

İndi o, sistemin onu saldığı çərçivədə yaşayır, hamımız kimi. Həyatımız boyu heç vaxt çərçivədən çıxa bilməyəcəyik, hamımız sistemin əsiriyik, sadəcə çalışaraq çərçivəmizin coğrafiyasını genişləndirəcəyik. Ancaq bilirik, bilirik ki, bir gün yapışqan çərçivəmizdən azad olacağıq. Bəlkə də hamımız Nilgün Marmaranın dediyi kimi keçiririk içimizdən: “Həyatımı bir gün köhnə əşya alan satıcılara verəcəm – o gün, zərrələrim hər yana dağılıb torpağın, suyun ölümsüzlüyünə birləşəcək və mən azad olacağam”.


Tarix: 28.11.2014 / 11:27 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Filimler
loading...