beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Luis Bunyuel

İki dahinin tanışlığı
Luis Bunyuel İspaniyanın Aşağı Araqon vilayətində çoxuşaqlı varlı mülkədar ailəsində doğulub.
Saraqosda yezuit kollecində təhsil alan Bunyuelin hələ yeniyetməlik dövründə dinə ilk şübhələri yaranır. Bu şübhələr sonralar o, Madrid universitetində oxuyanda ateizmə çevrilir. Bunyuelin formalaşmasında "1898-ci il nəsli" adlandırılan F.Lorka, R.Alberti, X.Gilyenlə tanışlğı da təsirsiz ötüşmür.
Onun rejissorluq peşəsini seçməsində isə 1920-ci illərdə Parisdə yaşadığı dövr böyük rol oynayır. Burada sürrealist rəssamların ictimai proqramı ilə tanış olan Luis Bunyuelin dahi rəssam Salvador Dali ilə işbirliyi başlayır.

"Əndəlus köpəyi" - Dalinin və Bunyelin yuxuları
Luis Bunyuelİki dahinin birgə çəkdiyi sürrealist "Əndəlus köpəyi" filmi elə səs-küyə səbəb olur ki, prokatda gözlənildiyindən çox - 8 ay qalır. Filmdə orta yaşlı kişi ülgücü itiləyərək gənc qızın gözünü kəsir. Filmin əsasında Dalinin və Bunyuelin yuxuları dayanır. Film haqda səslənən müxtəlif interpretasiyaları rədd edən Bunyuel öz xatirlərində qeyd edir ki, filmin yeganə niyyəti rasional izahı olan bütün ideyalara və obrazlara etirazdır. Bundan başqa, filmdə nəyisə simvolizə edən kadrlar yoxdur.
"Əndəlus köpəyi"nin premyerası zamanı Bunyuel cibini daşlarla doldurur. O bununla da əsəbiləşə bilən tamaşaçılardan qorunmağı düşünür. Amma gözlədiyinin əksinə olaraq, ciddi nəsə baş vermir.

Nümayişi 50 il qadağan olunan film
Onların növbəti "Qızıl əsr" filmi daha böyük səs-küy yaratdı. 1930-cu ildə çəkilən filmin nümayişi düz 50 il qadağan edildi. "Qızıl əsr"i pornoqrafik adlandıran "Le Figaro" qəzeti onu bolşevizm üçün məşq adlandırdı.
Filmdəki seks məqamları və insanın təbii vəziyyəti qızğın mübahisələr doğurdu. "Qızıl əsi"i mənəviyyatsızlıqda ittiham edən mühafizəkar təşkilatlar Dalini və Bunyueli təhqir edirdilər. Vəziyyət o həddə çatdı ki, filmin nümayişinə qadağa qoyuldu.


Növbəti qadağa - bu dəfə 16 il
1936-cı ildə İspaniyanın mədəniyyət üzrə attaşesi işləyən rejissor antifaşist və antifrankoçu sənədli filmlərin çəkilməsində iştirak edir. Tezliklə ölkədə Franko diktarurası bərqərar olur və rejissor İspaniyadan qovulur. İkinci Dünya müharibəsi ərəfəsində o, Amerikaya mühacirət edir və Hollivudda montajçı işləyir. Bunyuel rejissorluğa bir də 47 yaşında qayıdır. Meksikaya köçəndən sonra. O burada "Böyük kazino" filmini ekranlaşdırır.
Ötən əsrin ortalarında Fransaya dönən rejissor "Gündüz gözəli", "Tristana", "Burjuaziyanın təvazökar cazibəsi" və başqa dahiyanə filmlərini çəkir.
Uzun fasilədən sonra vətənində "Viridiana" dramını ekranlaşdırır. Kann festivalında baş mükafat alan "Viridiana" Franko İspaniyasında qapalı qalan mövzulara - intihara, zorakığa, küfrə toxunduğuna görə 16 il - diktatura rejimi süqut edənə qədər qadağan olunur.

"Mənim son nəfəsim"
İxtiyar yaşlarında rejissor əvvəlcə eşitmə, sonra görmə qabiliyyəini itirir. Ölümündən bir il əvvəl Bunyuelin "Mənim son nəfəsim" adlı xatirələr kitabı çap olunur. Ömrünün sonunda rejissordan onun hələ də ateist olub-olmadığını soruşanda o, maraqlı cavab vermişdi: "Allaha şükür ki, mən hələ də ateistəm".

"Borxesə hörmət etmirəm"
Bunyuelin maraqlı fikirlərindən bəzisini diqqətinizə çatdırırıq.
- Əgər kimsə mənə bu an sübut eləsə ki, Allah mövcuddur, bu mənim davranışımın bir aspektini belə dəyişməyəcək.
- Əksər karlar kimi, mən də korları sevmirəm. Bəzən özümə sual verirəm: doğrudanmi kor kardan daha xoşbəxtdir? Düşünmürəm. Dünyada olan bütün korlar arasında o qədər də sevmədyim birisi var - bu, Xorxe Luis Borxesdir. O, çox yaxşı yazıçıdır, bu aydındır. Amma dünyada yaxşı yazıçılar çoxdur. Bir də ki mən kiməsə yalnız yaxşı yazdığına görə hörmət edə bilmərəm. Bunun üçün başqa məziyyətlər də lazımdır. İki-üç dəfə rastlaşdığım Borxes özünəvurğun və təkəbbürlü adam təsiri bağışlayıb. Onun bütün nitqlərində mən nəsihətamizlik, ibarəlilik duyuram. Əksər korlar kimi yaxşı danışmağı bacaran Borxes Nobel mükafatı almaq arzusu ilə alışıb yanır. Tamamilə aydındır ki, o bu mükafatı almaq istəyir. Mən onun davranışını Sartrın mövqeyinə qarşı qoyuram. İsveç Akademiyası tərəfindən Nobel mükafatına laureat seçilmiş Sartr bu addan və puldan imtina etdi. Bu barədə qəzetlərdə oxuyanda ona teleqrafla təbrik göndərdim. Son dərəcə mütəəssir olmuşdum.
- Qəzet fotoqrafçılarını sevmirəm. Onlardan ikisi - gəzinti zamanı məni təngə gətirdilər. Ətrafımda dingildənən fotoqrafçılar üzümdə tənha qalmaq istəyimin ifadə olunmasına baxmayaraq, kameranı işə salırdılar. Yanımda silah olmadığına görə təəssüfləndim.

"Franko ilə mübarizə aparanda biz daha yaxşı idik"
- Siyasəti sevmirəm. Artıq 40 ildir bununla bağlı heç bir illüziyam yoxdur. Siyasətə daha inanmıram. İki il əvvəl Madriddə nümayişçilərin şüarını görəndə heyrətləndim: "Franko ilə mübarizə aparanda biz daha yaxşı idik".
- Viviseksiyaya (elmi məqsəd üçün heyvanların yarılması) nifrət edirəm. Tələbə vaxtı bir dəfə qurbağanın ürəyinin necə fəaliyyət göstərdiyini görmək üçün onu çarmıxa çəkməli və ülgüclə yarmalı oldum. Tamamilə mənasız olan bu eksperiment bütün həyatım boyu məni sarsıtdı, indiyədək özümü bağışlaya bilmirəm. Mən böyük amerikalı neyrocərrah, Nobelə layiq olan qohumumu viviseksiyaya ikrahı üzündən təhqiqat işini atdığına görə təqdir edirəm. Bəzən elmi rədd etmək üçün cəsarət lazımdır.
- Banketlədən və mükafatlandırma mərasimlərindən zəhləm gedir. Bu cür mərasimər bəzən pərtliklə bitir. 1978-ci ildə Meksika mədəniyyət naziri mənə milli sənət mükafatı - qızıl medal təqdim edirdi. Medalda "Bunuelos" sözü həkk olunmuşdu. "Bunuelos" ispanca "piroq" deməkdir. Həmin gecə də səhvi düzəltdilər.

"Qəbirdən çıxıb qəzet almaq istərdim"
- Bir şeyə kədərlənirəm: məndən sonra dünyamızda nəyin baş verəcəyini bilməyəcəm. Axı mən dünyanı o hərəkət vəziyyətində olanda tərk edəcəyəm. Sanki davamı çap olunmamış romanın ortasında olduğu kimi. Mənə elə gəlir ki, əvvəllər insanlar ölümdən sonra nə baş verəcəyinə o qədər də maraq göstərmirdilər. Hər halda bu hiss güclü deyildi.
Bir şeyi də etiraf etmək istəyirəm: qəzetlərə nifrətimə baxmayaraq, hər on ildən bir qəbirdən çıxıb köşkdən bir neçə qəzet almaq istərdim. Bundan artıq nəsə istəmirəm. Qoltuğumda qəzetlər, solğun, divarlara sıxılaraq qəbirstanlığa qayıdıb orda dünyanın bədbəxtlikləri haqda oxuyardım. Bundan sonra sakitcə etibarlı qəbir daşımın altında yenidən yuxulayardım.


Tarix: 28.11.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Filimler