beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arsax toponimi barədə

Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur. Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: "Bu yerin erməni adı – Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir".

Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan "yeri gəlmişkən" təkcə albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun erməni toponimi olmasını təsdiqləməmişdir!

Başabəla erməni alim və siyasətçilərinin saxtalaşdırma metodları insanı mat qoyur: onlar əvvəlcə hurritdilli urartuluları hind-Avropa haylarına çevirir və onların irsini mənimsəyir, sonra isə Arsaxın "erməni" adı olmasını bəyan edirlər. Özü də yalnız ona görə ki, baxın ha, təzə peyda olmuş "hay" II Sarduri Arsaxın adını çəkmişdir. Halbuki dünya tarixşünaslığında müəyyən edilmiş konsensusa görə, bugünkü ermənilərin (haylar) istər Arsax toponiminə, istər Urartu sivilizasiyasına, istərsə də əsası I Arqişti tərəfindən qoyulmuş şəhərə heç bir aidiyyəti yoxdur. Mənbələrdə Sünik, Utik, Paytakaran kimi Arsax-Xaçen də Qafqaz Albaniyasının tarixi vilayəti kimi göstərilir. Tarixi inkişafın qısa bir dövründə ərazisi genişlənmiş Erməni çarlığının siyasi təsiri bu vilayətə aid ola bilərdi. Axı bir sıra başqa imperiyalar, xilafətlər, çarlıqlar da genişlənmiş və kiçilmiş, tərəqqi və tənəzzül dövrlərini yaşamışlar. Bunun nəticəsində onların nəzarət etdikləri ərazilərin heç də bütün əhalisi, deyək ki, latın, yunan, ərəb, fars, monqol, osmanlı, ingilis, fransız və s. olmamışdır. İşğal edilmiş ərazilərdə yerli xalqlar yaşamaqda davam edirdi.

Kür çayının sağ sahilinin, o cümlədən Arsaxın, Paytakaranın, Utikin, Sünikin alban əhalisi barədə hətta Raffi, B.İşxanyan, İ.Orbeli, R.Suni kimi erməni tarixçilərinin özləri də yazırdılar. Dünyada onlarca digər nüfuzlu tarixçilər də bu fikirdədir. Məsələn, münaqişənin lap əvvəlində, 1988-ci ildə ABŞ-ın Miçiqan Universitetində işləyən erməni tarixçisi Ronald Suni bugünkü Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanlarının dövlətinin mövcud olmasını qeyd edirdi: "Orta əsrlərdə türk xalqları Orta Asiyadan buraya köçənə qədər Zaqafqaziya Qafqaz Albaniyası kimi tanınmışdır. Qafqaz albanlarının Balkan albanlarına heç bir aidiyyəti olmamışdır, o, ermənilərə yaxın olan xristian xalqı idi. XI əsrdə səlcuqlar buraya gələndən sonra dağlıq hissədə, yəni Qarabağdan başlamış tarixi Ermənistanla sərhədə qədər ərazidə yaşayan albanlar xristian kimi qalmış və nəticədə ermənilərlə qaynayıb qarışmışlar. Şərq hissədə – ovalıqdan Xəzərə qədər olan ərazidə albanlar isə türk əhali ilə qaynayıb qarışmış və müsəlman olmuşlar" .

Bir qədər sonra, hərbi əməliyyatların qızğın çağında o, "Ararat tərəfə baxış" kitabında yazırdı: "Ən qədim dövrlərdə və orta əsrlərdə Qarabağ Qafqaz albanları knyazlığının bir hissəsi olmuşdur. Müasir dövrümüzdə artıq mövcud olmayan bu müstəqil etnodini qrup IV əsrdə xristianlığı qəbul etmiş və Erməni kilsəsi ilə yaxınlaşmışdı. Sonralar Alban elitasının yüksək təbəqəsi erməniləşmişdir. XI əsrdə səlcuqlar Cənubi Qafqaza girəndən sonra islamlaşdırma prosesi başlanmış və nəticədə Qarabağın aran hissəsinin əhalisi müsəlman dinini qəbul etmişdir. İndiki azərbaycanlıların birbaşa əcdadı sayılan bu xalq türk dilində danışır və islamın qonşu İranda yayılmış şiə məzhəbini qəbul etmişdir. Dağlıq hissədə isə əsasən, xristianlıq qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə qaynayıb qarışmışlar. Alban kilsəsinin mərkəzi Qanzasar Erməni kilsəsinin yepiskopluğundan birinə çevrilmişdir. Bir zamanlar müstəqil milli kilsənin izləri katolikos adlanan yerli arxiyepiskop statusunda qalmışdır" .

Digər erməni müəllifi B.İşxanyan yazırdı ki, "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi"

Erməni alimləri Qafqaz Albaniyası haqqında "Qafqaz mədəniyyəti aləmindən Ermənistan və Gürcüstanla eyni əhəmiyyətli" (İ.A.Orbeli) dövlət kimi, alban incəsənəti və memarlığı barədə isə Qafqaz mədəniyyəti tarixində ayrıca mövzu kimi (İ.A.Orbeli, S.T.Yeremyan və başqaları) yazırdılar. Erməni tarixçisi İosif Orbelinin fikrincə, Albaniyanın tərkibinə daxil olan Xaçen knyazlığının yüksəlişi və çiçəklənməsi XII-XIII əsrlərə təsadüf edir .

Həmin Orbeli erməni feodallarının müasir Dağlıq Qarabağın vilayətlərini zəbt etməsi və müstəmləkəyə çevirməsindən yazırdı .

Erməni akademiki S.T.Yeremyan yazırdı: "Əksər hissəsi ərəb işğalından əvvəlki dövrlərə təsadüf edilən xristian abidələrinin çoxu qədim Albaniyanın erməniləşmiş hissəsində və hazırda, əsasən, erməni əhalisinin yaşadığı qədim Alban vilayətləri olan Arsax və Utikdə qorunub saxlanılmışdır"

Əgər Arsaxın Albaniyanın vilayəti olması, indiki erməni rəhbərliyinin iddia etdiyi kimi, yalan, uydurma və "Azərbaycan təbliğatı"nın məhsuludursa, onda erməni müəllifləri bu barədə həqiqəti niyə yazırdılar? Əgər Arsaxın Albaniya ilə heç bir əlaqəsi yox idisə, Gəncəsar monastırı sırf "erməni" monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş knyaz Həsən Cəlal tikilinin üstündə "mənim alban xalqım" üçün ucaldılmış "Albaniya paytaxt məbədi" yazdırmışdı?

Maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl erməni tarixçiləri Arsaxın Qafqaz Albaniyasının tərkibinə daxil olmasını və bu vilayətin əhalisinin alban olması barədə mübahisə etmirdilər.


Tarix: 08.01.2015 / 01:04 Müəllif: Feriska Baxılıb: 121 Bölmə: Erməni tarixşünaslığında revizionist nəzəriyyə