beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xalqı və erməni tarixçilərinin fantaziyası

Erməni tarixçiləri bildirirlər ki, guya Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə "qələm çalması" əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, "yeni yaradılmış" xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır?

Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barədə qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər. Erməni "intellektualları"nın məntiqinə görə belə çıxır ki, bu iki nəsil etnik baxımdan müxtəlif millətlərə aiddir, çünki görün ha, yaşlılar azərbaycanlı hesab edilmək üçün kifayət qədər gənc deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin "bioloji" əcdadlarının minillik irsi ilə mənəvi və mədəni-tarixi əlaqəyə layiq görülmək üçün kifayət qədər qoca deyillər? Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın çoxəsrlik tarixi dayanır və "sahibsiz" olur, başqa bir xalqın tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki "sərhəd" nəsli arasında əlaqə, hətta indi artıq "müxtəlif" sayılan millətlər arasında əlaqə də qırılır.

Hələ orta əsrlərin ərəb müəllifləri Qafqaz Albaniyasının ərazisini çox vaxt "Azərbaycan", "Yuxarı Azərbaycan" adlandırırdılar. Məsələn, Əl-Kufi Azərbaycan hökmdarının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-Cərraha "Azərbaycanda dayanmağı" əmr etmiş, "Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) çatmış", "Azərbaycan ölkəsinə yola düşmüş və Baylakanda düşərgə salmış...", "Azərbaycan ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır" .

1864-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyəti üçün memorandumda yazırdı: "Farsların Azərbaycan kimi tanıdığı ölkə onlarla [İran ilə] Rusiya arasında bölünmüşdür. [Azərbaycanın] ərazisi təqribən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsi qədərdir. Bu ərazinin 5/8 hissəsi Rusiyaya məxsusdur; beləliklə, 50.000 kvadrat mili Rusiyaya və 30.000 kvadrat mili İrana məxsusdur. [Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimalşərqdən Xəzər sahilində Bakı ətrafına qədər uzanıb gedən Qafqaz dağları ilə həmsərhəddir. Qərbdə ona hazırda Rusiyaya məxsus olan İmeretiya, Minqreliya, Quriya və Axıska əyalətləri; şərqdə Xəzər dənizi, cənubda isə sərhəd Muğan düzündən Talış mahalına qədər Arass (Araz) və kiçik Astura (Astara) çayı ilə qeyd edilmişdir. Bu vilayətə aşağıdakı ərazilər daxildir: Kaxetiya, Kartli, Somexeti və Qazaxdan ibarət olan Qruziya və ya Gürcüstan; müsəlman vilayətləri İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Salyan və Talışın bir hissəsi"


Tarix: 08.01.2015 / 00:58 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Erməni tarixşünaslığında revizionist nəzəriyyə