Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badimcan dolmasi

Badımcan dolması yay, payız fəslində Azərbaycan ailələrində ən çox hazırlanan milli xörəkdir. Bu dolma hazırlanan zaman pomidordan və bolqar bibərindən istifadə edilir. Bunlar dolmanın keyfiyyətini və ləzzətini daha da artırır.

Dolma belə hazırlanır: Mümkün qədər yağlı qoyun, olmadıqda mal ətinin yumşaq yerindən xırda-xırda doğrayıb, ət maşınını xırda gözündən keçirmək lazımdır. Bir az su və duz tökülmüş qazana salınır, qaynamağa qoyulur. Qaynadıqca kəfi alınır, qarışdırılır. Bu zaman bir qaba baş soğan xırda-xırda doğranıb hazır saxlanır. Ətin suyu çəkilib yağa düşdükdə həmin soğan qazana tökülür, yağı azdırsa əlavə yağ salınır. Tez-tez qarışdırılır. Soğan və ət yağın içərisində bir az qovrulur, azca qızaranda götürülür. Belə qovrulmuş ətə qiymə deyilir. Bir kilo ətin qiyməsinə 100-120 qram düyü tökülür, 1 dəstə reyhan yarpağı doğranıb qarışdırılır. Qiymə ocaqda qovrulanda dolma üçün badımcan, pomidor və bibar aşağıdakı kimi hazırlanır:

1kq ətə 20 ədəd qara, nazik badımcan götürülüb yuyulur. Sonra başı kəsilir, ortası yarılır. Əgər badımcan iridirsə, qabığı soyulur, qaynayan suya salınır, 1-2 dəqiqə isti suda pörtlənir, bir az yumşalan kimi isti sudan çıxarılıb soyuq suya salınır, içərisindəki tumlar və başqa hissə atılır. Soyuq suda təmiz yuyulub sıxılir, bir qaba yığılır, içərisinə ədviyyatlardan, sarıkök, duz istiot barmaqla çəkilir. Belə hazırlanmış badımcanın içərisinə düyülü qiymə doldurulur və qazanın dibindən yığılmağa başlanır. Yaxşı olar ki, badımcan yuyulub sıxıldıqdan sonra yağda hər iki tərəfi bir azca qızardılsin. Bu zaman dolma daha dadlı olur. Qiymə qoyulmuş badımcanlar qazana yığıldıqdan sonra 10-12 ədəd yumru pomidorun saplaq tərəfi 0,5 sm kəsilir, içi çıxarılır, ədviyyat və duz vurulur, içərisinə qiymə doldurulur, kəsilmiş qapaq ağzına qoyulub badımcanın üstündən qazana yığılır. Bibərin də saplaq tərəfi kəsilir, içi çıxarılıb duzlanır, içərisinə qiymə doldurulub qazana pomidorun arasına doldurulur. Badımcanın üstünə çımamaq şərtilə qazana bir azca su tökülür, ağzına təmiz ağ salınır, qapağı örtülüb bişmək üçün qoyulub yavaş-yavaş qaynamalıdır. Çünki bərk qaynasa qiymələr badımcanın içərisindən çıxıb qazana tökülə bilər. Bütün xörəklər bişirilərkən yavaş qaynamalıdır. Badımcan dolmasına pomidor, bibər ailənin istəyinə görə az və ya çox qoyula bilər. Bu dolmanı çox ehtiyatla boşqablara çəkmək lazımdır ki süfrəyə əzilməmiş halda verilə bilsin. Badımcan xörəkləri sarımsaqlı qatıqla yeyilir.


Tarix: 20.12.2012 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 563 Bölmə: Dolmalar
loading...