Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kələm Dolması sevənlərə

Kələm Dolması

Qeyd: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.

4-5 pay üçün

Içi Üçün:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan – xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü – yaxşıca yuyub suyunu süzün
yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot


1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat) Qeyd: yay vaxtı tomatla bərabər bir ədəd iri yetişmiş pomidor da əlavə edə bilərsiniz. Bunun üçün pomidoru soyun, xırda-xırda doğrayın. Tomatın miqdarını bir qədər azalda bilərsiniz.
1 stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı

Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.

Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin). Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.

Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.

Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.

Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.


Tarix: 12.12.2012 / 11:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 507 Bölmə: Dolmalar
loading...