Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərbənd qalası Tədqiqi

Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla Bab əl-Əbvab limanşəhərini belə təsvir edir: "Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tapılmışdır... Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir"

XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli "qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin" adlarını çəkir.

1971-ci ildən etibarən Dərbənd ərazisində aparılan arxeoloji qazıntılar bu qədim şəhərin iqtisadi həyatına dair narrativ mənbələrin məlumatlarını tamamlayır. Qazıntılar nəticəsində iki hissədən – içqala (kuhəndiz) və şəhərin özündən (şəhəristan) ibarət olan orta əsrlər Dərbəndinin strukturu müəyyən edilmişdir.Dərbəndin müdafıə istehkamları kompleksində Narınqala içqalası xüsusi yer tuturdu. İçqalanın mədəni təbəqələrinin ümumi qalınlığı 10 metrə çatır. Şəhərin içqalasının şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m2 olan 4 bina aşkar edilmişdir. Çoxlu ocaq və təndirlər daş özüllər üzərində yaxşı qalmış buruqvan oyma naxışlarla bəzədilmiş ağac sütunlar və bişmiş kərpicdən dekorativ oymalı kvadrat sütun üzə çıxarılmışdır. Beşinci komplekslə bağlı təbəqədən XI-XII əsrlərə aid çoxlu şirli və şirsiz keramika, memarlıq detalları, şüşə və metal məmulat, o cümlədən şüşə bilərziklər, gözəl naxışlanmış xırda sümük məmulatlar, bəzək şeyləri və silahlar, içərisində bəzi hallarda Çin möhürlərinə oxşar möhürləri olan yüksək keyfiyyətli çini fincan və piyalələr seçilən gətirilmə mallar tapılmışdır. Tapıntılar içərisində gözəl çini nimçənin alt hissəsi də vardır. Bu kompleksi XII-XIII əsrin birinci yarısına aid etməyə imkan verən seladondan hazırlanmış gətirilmə saxsı qab qırıqlarını qeyd etmək vacibdir. Göstərilən materiallar Çin və digər ölkələrlə ticarət əlaqələri saxlandığından xəbər verir. İçqalanın bu hissəsi Sasanilər dövründə və XI əsrin sonu – XII əsrdən daha intensiv şəkildə məskunlaşmışdır. Kompleksin çox böyük olması, onun içqalanı ən əlverişli yerində yerləşməsi, binanın divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş kərpicdən tikilməsi və çoxsaylı avadanlığı bu memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə eyniləşdirməyə əsas verir.

Təpənin yamacında, içqalanın altında daha iki şurfun özülü qoyulmuşdu. Birinci şurf göstərdi ki, yamacın yuxarı hissəsi yalnız XI əsrin sonundan məskunlaşmağa başlamışdır. İçqaladan başqa, şəhərin şimal və cənub divarları arasında, Cümə məscidindən 60-70 m qərbə doğru daha dörd stratiqrafik şurfun təməli qoyulmuşdu. Burada 1,9 m dərinlikdə (1-ci şurf) XI-XII əsrlərə aid su kəməri, çoxlu əsasən şirlikeramika məmulatı aşkar edilmişdir. Qazıntının mərkəz hissəsində, Cümə məscidinin qənşərində (2-3-cü şurflar) külli miqdarda keramika materialı tapılmışdır. Cənub divarının yaxınlığında XII-XIII əsrlərə aid bişmiş kərpicdən tikilmiş birotaqlı bina (eni 8,2 m, divarların qalınlığı 1,3 m, uzunluğu 19,5 m) üzə çıxarılmışdir Binada xeyli keramika, bütöv şirli və şirsiz kasalar, şüşə məmulatı parçaları tapılmışdır. Mədəni təbəqənin qalınlığı 3,5 metrdır. Şurfların üçü dərinliyi bəzən 20 metrə çatan qədim quyulardır Onların bəziləri bir-bir ilə birləşdirilmişdir və ehtimal ki, su anbarları olmuşlar.

Cümə məscidi rayonu artıq ərəblərin vaxtında, yazılı mənbələrin xəbər verdiyi kimi, Dərbənd Qafqaz böyük şəhər və Xəzər dənizində iri liman olarkən tikilmişdir.Arxeoloji qazıntı materialları göstərdi ki, XI-XIII əsrin əvvəllərində Dərbənddə qızğın şəhər həyatı olmuş, sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi.


Tarix: 08.01.2015 / 00:49 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Dərbənd qalası
loading...