beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O hamı kimi deyil

O Hamı kimi deyil. Nəsə qəribədir. Gözlərini yumub, qoxusunu içinə çəkəcəyim bir ətiri var, dodaqlarını azacıq sola meyl etdirən gözəl gülüşü, həyata fərqli baxışları var. Gözəl gözləri olsa da baxışlarını ancaq qəfil yaxalamaq olar. Gah yerə, gah sağa, gah da sola baxacaq. Gözlərinə bir neçə an baxa bilərsən. Onlar səni utandıracaq.

Hamı kimi deyil, sonsuz inamı var özünə. Səni heç vaxt saxlamayacam deyir. Hara getsən də qayıdacaqsan, mənə baxdığın kimi, mənə toxunduğun kimi, mənim olduğun kimi heç kimin olmayacaqsan deyir. Həmişə bir olacağıq deyir. Mənim kimiləri olmur, sənin kimiləri isə itirilmir deyir.

Hamı kimi deyil. Romantikdir. Hər anı qeyd edirmiş kimi xatırlayar, ürəyimə yol tapacaq mesajlar yazar, gecələr mənə özü kimi şirin yuxular diləyib, səhər tezdən öz zəngi ilə yuxudan oyadar. Bəzən hirsləndirər, qısqandırar, uzun-uzadı özünü müdafiə edər, məni hər şeyə peşman edər. Hər şey bitsin demək istədiyin an bir sözlə məni məndən alar.

Hamı kimi deyil, bizi birləşdirən bir şeylər var. Bu nə sevgi, nə ehtiras, nə borcluluq, nə də üzük deyil. Bizi birləşdirən bir-birimizə bəxş etdiyimiz xəyallarımız və bəxş edə biləcəyimiz arzularımız var. Bizi bu qədər ayrılıqdan sonra birləşdirən bir şeylər var.

O hamı kimi deyil. Daim yanımda olmasını istədiyim, qollarımda sığınıb yatdığını, səhərlər bəzənməmiş, yuxulu gözləriylə üzümə baxıb gülümsədiyi an, onun bu dünyada ən gözəl qadın olduğunu düşünmək istədiyim, hər kəs məndən üz döndərsə belə onun mənlə qalacağını bildiyimdir.

O hamı kimi deyil,o mənimdir!


Tarix: 03.12.2014 / 18:41 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Burcler haqqinda çox şey