beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haşım Kələntərli

Haşım Səməd oğlu Kələntərli - (1899-1987), müğənni, əməkdar artist



Həyatı

Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 86 yaşında Bakıda vəfat edib.

Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər.

Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının. 1933-49-cu illərdə Azərbaycan Dövlət dram teatrının aktyor-müğənnisi olmuş, 1949-53-cü illərdə isə Azərbaycan Dövlət Filormaniyasının solisti işləmişdir. 1943-cü ildə ona Əməkdar Artist adı verilmişdir. Bəlkə də bir çoxları onu "Kor ərəb" kimi tanıyır. Axı, Haşım Kələntərli "Şeyx Sənan" tamaşasında bu obrazı olduqca böyük məharətlə oynayıb. Bundan başqa "Əsli və Kərəm"də Kərm , "Şah İsmayil"da Zəvvar, eləcə də "Qaçaq Nəbi", "Od gəlini", "Fərhad və Şirin" tamaşalarında maraqlı obrazlar yaradıb.



Xatirələrdə yaşayan səs

Unudulmaz muğam ifaçısı Haşım Kələntərli Azərbaycan milli vokal sənətinin ən parlaq nümayəndələrindən biri olub. O, xalqımızın qiymətli sərvəti olan el mahnılarını və müxtəlif muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi.

H.Kələntərli səhnəmizin və kinomuzun istedadlı aktrisası olmuş bacısı Münəvvər Kələntərli ilə birgə keçən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edərdi. Bu iki mehriban bacı və qardaşın özlərinə məxsus maraqlı və geniş mahnı repertuarları vardı. Onlar konsertlərdə muğamat və xalq mahnılarını, o cümlədən Lənkəran-talış el nəğmələrini xüsusi incəlik və məlahətlə ifa edərdilər. "Aman, nənə", "Kəşmiri şal", "Lolo" və s. onların ən çox ifa etdikləri xalq mahnılarından idi.

Münəvvər Kələntərli 30-cu illərdə radioda təşkil edilmiş vokal qrupunun solistlərindən biri idi. O, eyni zamanda, musiqi tərtibatı ilə verilən radio kompozisiyaları və səhnəciklərdə də müntəzəm iştirak edərdi.

Həmin illərdə radionun musiqi redaksiyasının ünvanına dinləyicilərdən çoxlu sifariş məktubu gələrdi. O məktublar əsasında mətnli sifariş konsertləri verilərdi. Belə konsertlərin tərtibi adətən diktorlara həvalə olunardı.

Azərbaycan radiosunda diktor işləmiş Əməkdar artist, bədii qiraət ustası Soltan Nəcəfovun şəxsi arxivində həmin illərlə bağlı xatirələrdə belə bir yazı diqqəti çəkir: "1936-cı il martın 30-da gündüz saat 11-də efirdə səslənən növbəti sifariş konserti dinləyicilərin məktubları əsasında təşkil olunmuşdu. Konsertdə Hüseynağa Hacıbababəyov, Cahan Talışinskaya, Yavər xanım, Münəvvər və Haşım Kələntərli, tarzən Qurban Pirimov, kamançaçı Qılman Salahov, qarmonçalan Teyyub Dəmirov və tütəkçilər dəstəsi iştirak edirdi. Adları çəkilən müğənnilər bu konsert proqramında el bayatılarını və muğamları məlahətli səslə ifa edirdilər. Klassik xalq melodiyalarının daha yaxşı səslənməsi üçün müğənnilər sanki bir-biri ilə yarışır, hərə öz məharətini nümayiş etdirirdi. Haşım Kələntərli "Kəsmə Şikəstə"ni belə başladı:

Qızıl gülü biçmişəm,
Üstündə and içmişəm,
Min gözəlin içində,
Bircə səni seçmişəm.

Axırda Yavər xanım şikəstəyə bu sözlərlə yekun vurdu:

Qızıl iynənin sapı,
Görünür sizin qapı,
Yarı məndən ayıran,
Dilənsin qapı-qapı.

Haşım Kələntərlinin ifasının əsas üstünlüyü oxuduğu muğamların sözlərini dinləyicilərə aydın və düzgün tərzdə çatdırmasında idi. O, Məhəmməd Füzuli və Hüseyn Cavid poeziyasının vurğunu idi. Cavidin "Şahnaz" muğamı üstündə:



Bilmədim, uydum bu məcnun könlümün fəryadinə,
Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Ruhi-məcruhim gözəllərdən vəfa bəklər yenə,
Mən hənuz, əsla cəfadən başqa bir şey görmədim -

şeirinin hər bir kəlməsini elə bir lirik tonda oxuyardı ki, dinləyicilər bu füsunkar səsdən valeh olardı."

Haşım Kələntərlinin pərəstişkarlarından olan Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əziz Mirəhmədov onun ifasına yüksək qiymət verərək xatirələrində yazırdı: "30-cu illərdə radioda səslənən konsertlərdə xanəndələrdən Xan Şuşinskinin, bir də Haşım Kələntərlinin ifası mənə daha çox xoş gələrdi. Xüsusən, "Segah" muğamının o illər ən yaxşı ifaçısı Haşım Kələntərli idi. Zil səslə məlahətli, yanıqlı oxuyan, hətta "Haşım segahı" ifadəsinin yaranmasına əsas verən bu mahir xanəndəyə ailəmiz radio dalğalarında heyranlıqla qulaq asardı".

Vaxtilə H.Kələntərlinin ifasında "Şur-Şahnaz", "Qatar" muğamları, eləcə də bir neçə Lənkəran-talış el havaları kütləvi tirayla qrammofon valına yazılıb satışa buraxılmışdı. Təəssüflə qeyd etmək lazımdır ki, bir vaxtlar efirdə tez-tez səslənən və bir çoxlarının dillər əzbəri olan bu qiymətli sənət inciləri bizə yadigar qalmayıb.


Tarix: 25.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 601 Bölmə: Bəstəkarlar Və Müğənnilər