beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cövdət Hacıyev

Hacıyev Cövdət İsmayıl oğlu — azərbaycanlı bəstəkar, Bakı Musiqi Akademiyasının professoru, SSRİ Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti.

Həyatı

Cövdət Hacıyev 1917-ci ildə Azərbaycanın Şəki şəhərində anadan оlmuşdur. О, оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sоnralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil оcağının rektоru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.
Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.

Fəaliyyəti

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Filmoqrafiya
Ordenli Azərbaycan (film, 1938)
Prima (film, 1992)
Həqiqətin özü (film, 2008)
Bir ovuc torpaq (film, 2009)


Tarix: 24.01.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Bəstəkarlar Və Müğənnilər