beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bazar günlərinin birində

Bazar günlərinin birində, axşamüstü Molla şəhərdən kəndə gəlmək
istəyir. Kəndlilərindən səkkiz nəfəri öz eşşəklərini ona tapşırırlar ki:
– Molla, bizim eşşəkləri də apar kəndə. Biz bu gecə şəhərdə qalmalı
oluruq.
Molla sayıb görür ki, öz eşşəyi ilə bərabər doqquz eşşəkdir. Öz eşşəyinə
minir, o biri eşşəkləri də qabağına salıb düzəlir yola. Yolun bir
yarısında eşşəkləri sayıb gözdən keçirmək istəyir. Bir dəfə sayır, iki
dəfə sayır. Baxır ki, eşşək səkkizdir. Qalır məəttəl ki, bəs bunun biri
nə oldu? Çar-naçar, eşşəkdən düşüb başlayır itən eşşəyi axtarmağa.
Nə qədər axtarırsa, tapa bilmir. Axırda yorulub otlayan eşşəklərin yanına
qayıdır. Sayır, görür eşşək olub doqquz. Arxayınlayır, yenə də öz
eşşəyinə minib düzəlir yola. Bir az gedəndən sonra bir də sayır. Görür
yenə eşşək oldu səkkiz. Yenə düşür yerə, bir az o yana-bu yana baxandan
sonra bir də sayır görür, yox, doqquzdur. Lap kəndə çata-çatda
bir də sayır, görür səkkizdir. Acıqdan kişini ağlamaq tutur. Bu halda
bir uşaq çıxır onun qabağına ki:
– Molla əmi, niyə ağlayırsan?
Molla deyir:
– Ay bala, doqquz eşşəyim var idi, indi biri itib, qalıb səkkiz.
Uşaq eşşəkləri sayıb deyir:
– Ay Molla əmi, doqquzdu ki...
Molla bir də sayıb deyir:
– Hanı, səkkizdir də...
Uşaq işi başa düşüb deyir:
– Molla əmi, bəs öz mindiyini saymırsan?..
Molla ancaq indi məsələni başa düşüb deyir:
– Ədə, bu zəmanə uşaqları nə yaman olublar ey...


Tarix: 01.06.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Azeri Letifeler