Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilmeli

Bu defe de letifelerde baş qehraman Hacı Dayıdır

Bir gün Hacı dayı ovdan qayıdır. Qonşular ondan xəbər alırlar:
-Ovun bərəkətti olsun. Necə doşan vurmusan?
Hacı dayı deyir:
-Ov, nə ov… Heç əl-ayağını yığıb yığışdırmaq olmurdu. Biri burdan qaçırdı, biri ordan qaçırdı. A gözözu yiyim, birinə gözüyumulu atdım, gülləm düz qulağının dibinnən ötüb keçdi. İkincisini allah qorudu, atəşim boşa çıxdı, bir də gördüm budu ha, üçüncüsü kolun dibinnən çıxıb bir qaçır, bir qaçır. O da çox uzaqdaydım. Gülləyə heyfim gəldi…
Dinləyənlər dözməyim kişinin sözünü kəsirlər:
-Müxtəsər elə, neçəsini vurdun?
Hacı dayı kefini pozmadan cavab verir:
-Ə, altı aylıq-zad döyüsüz ki, Fikrimi çaşdırmayın. Hayındı üçünnən danışdımmı? Yeddisini də vursaydım, neçə eliyacahdı?

Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.

Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır. Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz.
Soruşurlar:
-Hansılardır o şərtlər?
Cavab verir:
-Ayağını isti saxla,
Başını sərin.
Yeməyi unutma,
Düşünmə dərin.

Belə söyləyirlər ki, Hacı dayının lap cavan vaxtlarıymış. Bir dağ kəndinə qonaq gedir. Görür ki, düşdüyü evin sakinləri yasa batıblar. Həmişə onu görəndə eyinləri açılan adamların elə bil dəryada gəmiləri batmışdı.
Hacı soruşur ki, xeyir ola, hayındı dünyanın axırıdı?
Ev sahibi deyir:
-İstilər düşəndən camaatın qara günləri başlayıb, ay Hacı. Bir üçbaşlı dev oturub Kiş çayının mənbəyində. Su üzünə həsrət qalmışıq. Daa kələyimiz kəsilməsin deyən ona ayda bir qız veririk. O qızı yeyəndə təpə boyda arxasını bir az tərpədir, aradan keçən su bizə tərəf gəlir, ayın axırınacan ehtiyatımızı götürürük. Yığılıb püşk atmışıq. Hər ay bir ailədən qız qurban veririk. İndi növbə çatıb bizim aman-zaman balamıza. Sabah aparıb onu diri-gözlü devin ağzına atmalıyam.
Hacı təəccüblənib deyir:
-Allah sizə insaf versin, a kişi, hayındı öydə qurbannıx qoyun-zad bəsləmirsiniz ki! Gül kimi qıza heyfiniz gəlmir? Bu yaşa çatdırıb bir mənim kimi halal süd əmmişin evinə köçürmək əvəzinə, öz əlinizlə aparıb devə niyə verirsoz?
-Bəs onda nağarax, o boyda devlə vuruşax deyirsən?
-Siz durun, bir qəşəng piti hazırlayın, kəmərimi yaxşı-yaxşı bərkidim. Sabah ağır günüm olacaq, o devin işini özüm həll edərəm.
Səhər Hacı kişi ilə dağa qalxır, gethaget çayın mənbəyini axtarırlar. Neçə qaya adlayırlar. Axır Hacının kələyi kəsilir. Onların qarşısına elə hündür, qapqara təpə çıxır ki, Hacı hövsələsini basa bilməyib deyir:
-A kişi, sən məni bu dağlara, daşlara nə çox dırmaşdırırsan? O qara təpəni də o üzə adlasam, devlə hesablaşmağa heyim qalmayacaq.
Kişi deyir:
-Elə o qara təpə devin özüdü də. «Mənəm-mənəm» deyib sinənə çox döyürdün. Get, hünərini göstər.
Hacı bir aşağıdan yuxarı devə baxır, bir özünə baxır, ağlı nə kəsdiyinin biruzə vermir. Görür ki, dev azacıq tərpənəndə hələ yeli ağacları kökündən qopardır. Amma iş işdən keçmişdi. O boyda gövdəni əldən buraxmaq da insafdan deyildi. Kişiyə deyir:
-Hayındı o devdisə, mən də Hacıyam. Sən düş aşağı, kəndə xəbər elə. O dev dev olub məni yesə, bir az qurcuxar, bir aylıh suyunuz olar. Amma Allah qoluma, belimə qüvvət versə, o devin təpələrini dağıdacağam. Onda camaata de, qorunsun. Sel gələcək.
Kişi qorxusunnan özünü yuxarıdan aşağıya diyirlədir. Kənd əhlinə hal-qəziyyəni danışır. Deyirlər, Hacı hara, dev hara? O, yə‘qin səninlə zarafatlaşıb. Sel təhlükəsi ola bilməz.

Budu ha, bir də görürlər yuxarıda bir gurultu, nərilti qopdu, bir həngamə baş verdi ki, gəl görəsən, yer-göy titrəyir. Elə bil iki dağ aralanıb, sonra təzədən kəllə-kəlləyə dəyir. Elə ki, bir də geri qanrılır, sinələri ilə qoruduqları suyun qabağından çəkilib ağzı aşağı buraxırlar.
Adamlar ancaq canlarını götürüb selin qabağından qaça bilir.
Sel kəndin bütün evlərini yuyub aparır. Bir də görürlər ki, div də suyun üzündə aşağı diyirlənir. Hacı da minib belinə, onun hər kəlləsinə bir yumruq ilişdirir. Gəlib adamların yanından keçəndə camaatın qulağına Hacının səsi dəyir.
O, bağıra-bağıra devə deyir:
-Ə, köpək oğlu, bu üç başı gəzdirirməklə neçə vaxtı camaatın abır-həyasını tökmüsən, kənddə-kəsəkdə day nişannı qız qoymamısan, belə arxalısansa, bəs sənin iki dalın hanı? Bir saatdı vurnuxuram, ancaq üç başını, bir də bir arxanı tapammışam. Hayındı o iki arxanın da yerini nişan verməyincə, təpələrini beləcə dağıdacam.
Ha bu sözü demişdi ki, sel onları bir göz qırpımda aparıb Trud düzündəki dərələrin birinə tulladı.
Deyirlər, dev sonralar özü də allahın bu işinə təəccüb qalır. Üç boynunu döndərib arxasına baxır, elə hey fikirləşir ki, gərəsən, iki dalını harda itirib? Ona görə də xəcalətindən dərədən çıxmır. Bir daha suyun qabağını kəsib-eləmir.

Hacı dayı «Dostluq» restoranında doyunca yeyib-içib, durur ayağa. Yıxıla-yıxıla çıxır küçəyə, başlayır taksi gözləməyə. Kec olduğu üçün taksi görünmür. Bunu uzaqdan tini düz görən birisi ürəyində deyir ki, yaxşı düşüb əlimə, gecə qara, cücə qara, ayaq üstə gücnən durur, bir təhər sürüyə-sürüyə aparım evlərinə, bəlkə cibində bir şey oldu. Gəlib girir kişinin qoluna. Deyir:
-A canoo yiyim, ölməmişəm ki… Gə, səni öyoza aparım.
Dalda yerdə əlini salıb onun cibindən bir qızıl onluq götürür. Qapısından içəri buraxıb sevinə-sevinə geri qayıdır.
Aradan bir müddət keçir. Hacı dayı yenə həmən yerdə tinini düzəldib yola çıxır. Taksi gözləyəndə o adam hardansa peyda olub deyir:
-Gə, səni öyoza aparım.
Hacı dayı qolunu dartıb dillənir:
-Ə sən baha aparırsan. Taksi sərfəlidi, bir maata minif gedərəm.

Hacı dayı, adəti üzrə, eşşəyinə minib yolun ortasıyla rayona gedirdi. Arxadan maşınla gələn rayon prokuroru ona sataşmaq istədi, siqnal verib qara «Qaz-21»ni düz eşşəyin quyruğuna dayayıb, saxladı. Pəncərədən başını çıxardıb səsləndi:
-Ə, eşşək qardaş, yoldan çıxsana!..
Hacı dayı heç halını pozmadı. Ayağını aşırıb, eşşəyin belindən yerə endi. Yüyəni əlindən buraxıb kənara çəkdi. Eşşək də belinin yüngülləşməyindən tənbəllik eləməyib bir az da rahatlanmaq istəyir, yolu tamam batırırı. Yaş təzək sıçrayıb par-par parıldayan «Qaz-21»-in qabaq hissəsinə qəribə naxışlar vurur.
Prokuror səsinin yoğun yerinə salıb deyir:
-Ə, sa dimədim, yoldan çəkil?
Hacı dayı gülməyini zorla saxlayıb dillənir:
-Hayındı, mən yolun qırağındayam. Zəhmət çək, qardaşını özün yoldan kənarlaşdır.

Hacı dayı nəvəsi ilə heyvanxanaya gedir. Meymun, zürafə, tovuzquşu ilə əylənir. Elə ki, şir, bəbir, canavar, timsah saxlanan qəfəslərin qarşısına çatırlar, uşaq mısmırığını sallayır. Hacı dayı ona dondurma, şirini alır, amma nəvəsinin qaş-qabağı açılmır ki, açılmır. Kişi dözməyib soruşur.
-Saa azar-zad dəyitdi?
-Yo, baba, habırda ilişib qalmaxdan qorxuram. Yolu tanımıram, öyümüzə nə təhər gedicəm?
-Baban ölmüyütdü, aparicihdi.
-Öyün pulları yeşirindin, nənəm diyirdi: kişimi şirə-zada rast sal, aparıb yisin, habı pullarla biz ağ günə çıxaq. Hayındı səni o şir yisə, mən evə necə gedicəm?


Tarix: 31.05.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Azeri Letifeler
loading...