Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadıq bəy Avşar

Həyatı
Azərbaycanın zəngin istedadlar kəhkəşanında miniatür rəssamı Sadiq bəy Əfşar ən parlaq ulduzlardan biridir. İstedadı Allah vergisi olan bir şəxsiyyət kimi Sadiq bəy Əfşar öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.

Bu qeyri-adi dərəcədə istedadlı şəxsiyyətin həyatı kəskin süjetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət edən, gah kiçik bir malikanənin təsərrüfatını idarə eləyən, gah da dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə ömrü boyu öyrənməyə can atan əbədi tələbə, həm də görkəmli sənətkar və nəhayət, şah sarayındakı kitabxana və bədii emalatxanaların rəhbəri kimi görürük.

Sadiq bəy türk-əfşar tayfasına mənsub olan əsilzadə bir ailədə dünyaya gəlmişdir. O,1533-cü ildə Təbrizdə doğulmuş və hələ uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. İyirmi yaşında ikən atasını itirən Sadıq dərviş libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzməyə çıxır. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmışdır.

Qeyri-adi fiziki və yaradıcılıq enerjisinə malik olan Sadiq bəy kiçik saraylardakı mühitdən tez bezir. Sənətkarın özü bu barədə yazır: "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil." O, öz təhsilini artırmaq fikrinə gələrək, böyük rəssam Behzadın bir qohumuna şagird durur. Öz sözlərinə görə, "hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi."

Müzəffər Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq bəy həm də Astrabad türkmənləri ilə döyüşlərdə özünün cəsurluğu və hünərvərliyi ilə şöhrət qazanır. Öz xarakterinin bu cizkilərini Sadiq bəy Azərbaycan və türkmənşəli olması ilə əlaqələndirirdi. Həmişə deyərmiş ki, "türklüyümü gözə çarpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm. "

Səkkiz illik təhsil müddəti havayı keçmir. Müasirlərinin yazdığına görə, Sadiq bəy "nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir. O, minlərlə portret işləmişdir". Sadiq bəyi saraya dəvət edirlər. II Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir, Şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında isə həmin məşhur kitabxananın rəhbəri olur və bu münasibətlə özünü "Sadiq-Kitabdar" adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə onun başında dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd durmuşdu. Bu kitabxana əsl "İncəsənət Akademiyası" idi. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, ornamentalist (nəqqaş), qızıl suyuna çəkmə (müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mücəllid) üzrə kadrlar hazırlanırdı.

Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır. Sonralar onu istedadlı xəttat və daha istedadlı saray xadimi və elə buna görə də "Şah Nəvaz" ("şahın nəvazişçisi") adlandırılan Əlirza Təbrizi əvəz edir. İskəndər Münşinin "Tarixi -aləmarayi-Abbasi" əsərində yazdığı kimi, Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılırdı: " …Sadiq ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir. " Böyük sənətkar 80 yaşında vəfat edir.


Tarix: 21.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 123 Bölmə: Azərbaycanlı sülalələr
loading...