beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayıl Xətai - Siyasi fəaliyyəti

1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir. Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[4] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.

Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[5], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar. İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.


Tarix: 21.01.2015 / 13:24 Müəllif: Feriska Baxılıb: 206 Bölmə: Azərbaycanlı sülalələr