beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdiqulu mirzə Qovanlı-Qacar

Həyatı
Abbas mirzənin iyirminci оğlu Mеhdiqulu mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. 1835-ci ildə Ərdəbilin hakimi оlmuşdu. 1848-ci ildə Mazandaran əyalətinə başçılıq еtmişdi. Mеhdiqulu mirzə Bab hərakatının yatırılmasında iştirak еtmişdi. 1848-ci ilin оktyabrında Tehrandan 2 min nəfər sərbazla babilərin qiyamını yatırmağa gеtmişdi. Tarixçi Nabil Zərəndi yazır: «Şahzadə Mehdiqulu mirzə qalaya hücum üçün hər cəhətdən hazırlıq görmüşdü. O, qaladakı əshabələri məhv etməkdən ötrü öz qoşununu o vaxtadək misli görünməmiş bir tərzdə düzmüşdü. Şahzadənin ixtiyarında üç piyada alayı və çoxsaylı süvari alayları vardı. O özü də əsgərləri ilə birlikdə qalanın yaxınlığındakı bir təpəyə qalxdı və əmr verdi ki, oradan qaladakı əshabələri atəşə tutsunlar. Hələ səhər açılmamışdı. Cənab Qüddus əshabələrə dedi: "Ey Tanrının döyüşçüləri, atlanın!". Sonra göstəriş verdi ki, qala qapılarını açsınlar və qaladan çıxıb Vəsəksə doğru yollandı. Cənab Molla Hüseyn də iki yüz iki nəfər igid əshabə ilə birlikdə Həzrət Qüddusun ardınca yola düşdü. Qar və palçıq yolu tutmuşdu. Hər tərəf düşmənlə dolu idi və onlar gecənin qaranlığında əshabələrə hücum edirdilər. Döyüş istehkamları da lazımi şəkildə qurulmuşdu. Lakin bunların heç biri əshabələrin öz məqsədlərini həyata kecirməsinə mane ola bilmədi. Onlar tam şücaətlə qaladan çıxıb cənab Qüddusla birlikdə irəliləyirdilər. Şahzadə Molla Hüseyni müşahidə edirdi və onun hara getdiykni bilmək istəyirdi. O, Molla Hüseynin istehkamların mərkəzinə yaxınlaşdığını görüb əshabələrin irəliləməsinin qarşısını almaq üçün atəş əmri verdi. Lakin artıq keç idi. Molla Hüseyn bütün istehkamları dağıdıb irəliləmək üçün yol açdı. Nəhayət, o, şahzadənin olduğu evə hücum çəkdi. Şahzadə həyatının təhlükə qarşısında olduğunu görüb evin arxa pəncərəsindən xəndəyə atıldı və ayaqyalın qaçıb canını qurtardı». Mehdiqulu mirzə sona qədər babilərə qarşı savaşmışdı. Tarixçi Nabil Zərəndi yazır: «Yuxarıda dedik ki, Mehdiqulu mirzə məğlub olub qaçdı, qoşunu da ətrafa səpələndi. Bundan sonra şahzadə Mehdiqulu mirzə yenidən qüvvə toplayıb qaladakı əshabələrə hücum etmək qərarına gəldi. Əshabələr bir daha böyük və güclü qoşun tərəfindən mühasirəyə alındılar. Qoşuna Abbasqulu xan Laricani və Süleyman xan Əfşar sərkərdəlik edirdilər. Bu iki nəfər piyada və süvarilərdən ibarət çoxsaylı bir qüvvə ilə gəlib şahzadə Mehdiqulu Mirzənin qoşununa qoşulmuşdular. Onlar qalanın yaxınlığında düşərgə salmışdılar və qalanın ətrafında müdafiə xətti olaraq, yeddi səngər qazmışdılar. Əgər əshabələr qaladan çıxsaydılar, bu yeddi maneəni keçmədən qoşunun mərkəzinə çata bilməzdilər. Əsgərlər hər gün hədsiz təkəbbürlə döyüş məşqləri keçirir və bu yolla da qüvvələrini mühasirədə olanlara nümayiş etdirmək istəyirdilər. Qaladakı əshabələr susuz qalıb qalanın ortasında quyu qazmağa məcbur oldular. Rəbiül-əvvəl ayının 8-də (1849-cu il fevral ayının 2-də) quyunun qazılması başa çatdı». Mehdiqulu mirzə nəhayət asilərə qalib gəldi. Nabil Zərəndi yazır: «Hicri 1264-cü il zilqədə ayının 12-dən (1848-ci il oktyabr ayının 10-dan), yəni düşmənlərin əshabələri hücum etdiyi ilk gündən cənab Molla Hüseynin vəfat etdiyi günə, yəni 1265-ci il rəbiül-əvvəl ayının 9-na (1849-cu il fevral ayının 3-nə) qədər keçən müddət ərzində Mirzə Məhəmməd Bağırın hesablamasına görə, əshabələrdən 72 nəfəri şəhid olmuşdu. Və Molla Hüseynin düşmən hücumuna məruz qaldığı ilk gündən onun şəhid olduğu günə qədər 116 gün vaxt keçmişdi. Bu müddət ərzində necə də qəribə hadisələr baş vermişdi, cənab Molla Hüseyn necə də qeyri-adi şücaətlər göstərmişdi! Həmin dövrdə Molla Hüseynin göstərdiyi igidliklər o qədər heyrətamiz idi ki, hətta ən qatı düşmənləri də onun qəhrəmanlığını etiraf edir, onun şücaətindən dəhşətə gəlirdilər. Cənab Babülbab dörd dəfə çox az adamın qadir olduğu hədsiz igidlik və şücaət nümayiş etdirmişdi. İlk dəfə bu, zilqədə ayının 12-də (oktyabrın 10-da) Barfüruş yaxınlığında baş vermişdi. İkinci dəfə məhərrəm ayının 5-də (dekabrın 1-də) Şeyx Təbərsi qalasının həndəvərində Babülbab Abdullah xan Türkmanın əsgərləri ilə üz-üzə gələrkən, onun qeyri-adi igidliyi hamıya bəlli olmuşdu. Üçüncü dəfə onun qəhrəmanlığı məhərrəm ayının 25-də (dekabrın 21-də) Vəsəksdə şahzadə Mehdiqulu Mirzənin qoşunu ilə vuruşduğu zaman üzə çıxmışdı. Dördüncü - sonuncu dəfə göstərdiyi igidlik hamısından mühüm və heyrətamiz idi. Bu da o vaxt baş vermişdi ki, Abbasqulu xan, şahzadə Mehdiqulu mirzə və Süleyman xan Əfşar əlbir olub bütün qüvvələrini işə salmışdılar və böyük döyüş təcrübəsinə malik 45 zabiti də öz qoşunlarına cəlb etmişdilər».

Mehdiqulu mirzə 1854-cü ildə vəfat edib.

Ailəsi
Mеhdiqulu mirzənin Məhəmmədhəsən mirzə adlı оğlu vardı.


Tarix: 19.01.2015 / 13:38 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Azərbaycanlı sülalələr