beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HİCR SURƏSİNİN ŞƏRHİ 61-99

(15.61) “Elçilər Lut camaatının yanına gəldikdə
(15.62) “o dedi: “Siz yad adamlarsınız!”
(15.63) “Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik”.
(15.64) “Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq”.
(15.65) “Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.

Mələklər Lutun (ə) yanına gəldikdə, o (ə) əvvəlcə onları tanımadı. Onlar dedilər ki, onun (ə) kafir qəbilədaşlarının şübhə etdikləri cəzanı gətiriblər. Onlar əylənməyə və kef çəkməyə gəlməyiblər, haqqı gətirmiş və dedikləri də həqiqətdir. Sonra onlar Lut peyğəmbərə (ə) əmr etdilər ki, qaranlıq düşən kimi, bütün adamlar yatdıqları zaman, ailəsini şəhərdən çıxartsın ki, heç kim bundan xəbər tutmasın. Onlara əmr edilmişdi ki, heç kim geriyə baxmasın, tələssin və onlara əmr olunan yerə getsinlər. Yəqin ki, onların yanında hara getməyin lazım olduğunu göstərən bələdçi var idi.

(15.66) “Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək”.
(15.67) “Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər”.

Şəhər sakinləri Lutun (ə) evində gözəl-göyçək qonaqların peyda olduğunu eşitcək, sevinərək və bir-birilərini muştuluqlayaraq, tezliklə onlara sahib olacaqlarından vəcdə gəldilər. Onlar Sodom (İordan çayının mənsəbində və ya Ölü dənizin qərb sahilində yerləşən iki şəhərdən biri. Əhalisi əxlaqsızlığa qurşanmış və homoseksuallığa aludə idilər. Lut peyğəmbərin (ə) qonaqlarını da bu məqsədlə ələ keçirtmək istəyirdilər. F.S.)günahını törətməyə meyl edirdilər və bu iyrənc işi Lutun (ə) qonaqları ilə də görmək niyyətindəydilər. Məsum peyğəmbərin (ə) evinə gələrək onlar onun qanaqlarını yolldan çıxarmaq imkanı axtarmağa başlamışdılar. Belə olduqda Lut (ə) Allahdan xahiş etdi ki, onu (ə) pozğun mürtədlərdən xilas etsin.

(15.68) “Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!”
(15.69) “Allahdan qorxun və məni hörmətdən salmayın!”

Allah qorxun, çünki bu - ən əsas olandır. Əgər Allah qarşısında tamamilə həya etmirsinizsə, onda heç olmazsa məni qonaqlarımın qarşısında rüsvay etməyin. Onlara ehtiramla yanaşın və öz pozğun əməllərinizi onların yanında törətməyin.

(15.70) “Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
(15.71) “Lut dedi: “Bunlar mənim qızlarımdır! Nə istəyirsiniz, edin!”

Məsum peyğəmbərin (ə) onu qonaqları qarşısında rusvay etməmələri xahişinə cavab verərək, mürtədlər ancaq yada saldılar ki, onlar ona (ə) havaxtsa bir daha evində qonaq qəbul etməyi qadağan etmişdilər. Onlar onu (ə) əgər qulaq asmasa, cəzalandıracaqları ilə hədələyərək, hesab edirdilər ki, indi onların dedikləri kimi etməyə haqları var. Şərait o dərəcədə mürəkkəbləşmişdi ki, Lut (ə) qəbilədaşlarına onun (ə) qızlarına nəzər salmalarını təklif etdi. Lakin onlar onun (ə) sözünə heç bir əhəmiyyət vermədilər. Buna görə sonra Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edərək buyurur:

(15.72) “(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər”.
(15.73) “Günəş doğanda qorxunc səs onları yaxaladı”.
(15.74) “Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq”.

Omlar öz yaramaz şəhvətləri ilə o dərəcədə sərməst olmuşdular ki, danlağa və qınanmaya məhəl qoymurdular. Lut peyğəmbər (ə) onların kafirliyinin nə dərəcədə dəhşətli olduğunu biləndə, o (ə) öz qəbilədaşları üçün həyəcan keçirməkdən əl çəkdi və Rəbbinin iradəsinə tabe oldu. Gecə qaranlığının pərdəsi altında o (ə) ailə üzvlərini şəhərdən çıxartdı və onlar xilas oldular. Şəhərin qalan sakinlərinə gəldikdə isə, Günəş üfüqdən qalxan zaman onlar cəzaya məruz qoyuldular. Məhz bu vaxt cəza ən əzab-əziyyətli olur. Allah şəhərin altını üstünə çevirdi. Şəhərdən qaçmağa cəhd göstərənləri isə daş yağışı darmadağın etdi.

(15.75) “Şübhəsiz ki, bunda, görənlər üçün dəlillər vardır”.

Bu dəlilləri bəsirətlilər və sağlam təfəkkür sahibləri görə bilərlər. Onlar bu ayələrin həqiqi təyinatını dərk edir və başa düşürlər ki, əgər Allahın qulları öz Rəbbinə itaətsizlik göstərsələr və belə böyük yaramazlıqlar etsələr, onda Allah onları cəzalandırar. Bu cəza ən müdhiş olar, çünki onlar ən yaramaz cinayət işlətməyə cəsarət etmişlər.

(15.76) “Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar”.
(15.77) “Şübhəsiz ki, bunda, möminlər üçün dəlillər vardır”.

Lut peyğəmbərin (ə) şəhəri karvan yolunun üstündə yerləşirdi və o ölkələrə səyahət edən hər kəsə məlum idi. Lut peyğəmbərin (ə) hekayəti isə iman gətirənlər üçün son dərəcə gözəl bir dəlil idi. Bu əhvalatdan çoxlu faydalı nəticələr çıxartmaq olar. Hekayətdə Fövqəluca Allahın Öz sevimlisi İbrahim (ə) haqqında qayğısından bəhs edilir. İş orasındadır ki, Lut (ə) İbrahimə (ə) iman gətirən və onun (ə) yolu ilə gedənlərdən biri idi. O, sanki İbrahimin (ə) şagirdi idi. Buna görə, Lutun (ə) cəzalandırılmağa layiq olan xalqını cəzalandırmaq qərara alınanda Allah Öz elçilərinə əvvəlcə İbrahimin (ə) yanına getməyi, ona (ə) tezliklə oğlu olacağı haqqında müjdələməyi və öz tapşırıqları haqqında ona (ə) xəbər verməyi əmr etmişdi. Elə bu səbəbə görə İbrahim (ə) elçiləri cəzanı ləngitməyə sövq etməyə cəhd göstərmişdi. Lakin ona (ə) bu niyyətindən əl çəkməyi buyurduqda, o (ə) Rəbbin qərarı ilə itaətkarlıqla qane oldu. Lut peyğəmbərin (ə) ürəyində də öz qəbilədaşlarına rəhm və təəssüf hissi baş qaldıra bilərdi. Bunun belə olmaması üçün Allah istəmişdi ki, fasiqlər onda (ə) qəzəb və kin hissi oyatsınlar. Bu onunla nəticələndi ki, Lut peyğəmbər (ə) səhərin açılmasını səbirsizliklə gözləməyə başladı və hətta mələklər ona (ə) dedilər: “Onların vaxtı səhər çatacaq. Məgər səhər yaxın deyil?” (Hud, 11/81). Bu hekayətdən həmçinin aydın olur ki, əgər Fövqəluca Allah kafir xalqı məhv etmək istəyirsə, onda O, onlara ağır cinayətlər törətməyə və zalımlıq etməyə imkan verir. Onlar həddə çatanda, O, onların öz törətdikləri cinayətlərinə görə layiq olduqları sərt cəzanı üstlərinə yağdırır.

(15.78) “Əykə əhli də zalım idi”.

Burada Şueyb peyğəmbərin (ə) xalqından bəhs edilir. Allah onların məskənini Əykə adlandırmışdır, çünki onlar sıx kolluqları olan füsunkar bağlara sahib idilər. Bunun mənası ondan ibarət idi ki, onlar Onun nemətlərini ən çox xatırlamalıydılar. Lakin Şueybin (ə) qəbilədaşları öz vəzifələrini yerinə yetirmək istəmədilər. O (ə) onları bir olan Allaha ibadət etməyə və insanları çəkidə və ölçüdə aldatmamağa çağırırdı. O (ə) ən sərt şəkildə onları zalımlıqlarına görə qınayırdısa da, lakin onlar Xaliqə və Onun məxluqlarına qarşı zalımlıqlarına davam edirdilər. Məhz buna görə sonra Allah onları fasiqlər adlandırmışdır.

(15.79) “Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi”.

Kölgəli bir gündə amansız cəza Şueybin (ə) xalqını yaxaladı və bu, Böyük bir günün cəzası idi. Bu xalqın və Lut xalqının yaşayış yerləri karvanların il boyu keçdiyi düz yolun üstündəydi. Bunun sayəsində insanlar bu günahkardan nə qaldığını öz gözlərilə görə bilərlər. Ağıllı insanlar bundan hökmən faydalı nəticələr çıxardarlar.

(15.80) “Hicr əhli də elçiləri yalançı saydı”.

Fövqəluca ayədə Hicr adlı yerdə yaşayan Salehin (ə) xalqı haqqında xəbər verir. Bu – Hicazda yerləşən məşhur bir yerdir. Bu xalq Salehin (ə) peyğəmbərliyini qəbul etməkdən boyun qaçırdılar və əgər insanlar bir elçiyə iman gətirməkdən imtina edirlərsə, bu onların Allahın digər elçilərini də inkar etmələrinə bərabərdir, çünki onların dəvəti bir-birinə oxşardı. Kafirlər elçiləri onlara bəslədikləri şəxsi ədavətə görə inkar etmirdilər – onlar elçilərin təbliğ etdikləri və onların (elçilərin) hamısının təliminin əsasını təşkil edən haqqı inkar edirdilər.

(15.81) “Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər”.
(15.82) “Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular”.

Allah Salehin (ə) xalqına müxtəlif möcüzələr göndərirdi və onların hər biri onun (ə) gətirdiyinin doğru olduğunu təsdiq edirdi. Bu möcüzələr arasında bir dişi dəvə də vardı. Fasiqlər bu dəlilləri də inkar etdilər və Allahın Özünün qarşısında təkəbbürlük göstərdilər. Halbuki O, onlara saysız-hesabsız nemətlər bəxş etmişdi və bunun sayəsində onlar dağlarda özləri üçün təhlükəsiz mənzillər yonub düzəldirdilər. Əgər onlar bu səxavətinə görə Allaha şükür etsəydilər və Saleh peyğəmbərə (ə) iman gətirsəydilər, onda O, onlara daha böyük nemətlər əta edərdi və onlara həm bu dünyada yaşadıqları zaman və həm də ölümdən sonrakı həyat üçün bol-bol mükafatlar nəsib edərdi. Lakin onlar kafirliyi üstün tutdular dişi dəvəni kəsdilər və Allahın iradəsinə tabe olmağı təkəbbürlə rədd etdilər. Onlar dedilər: “...Ey Saleh! Əgər sən həqiqi peyğəmbərlərdənsənsə, bizi təhdid etdiyin əzabı gətir görək!” – dedilər” (Əraf, 7/77).

(15.83) “Onları sübh çağı qorxunc səs yaxaladı”.
(15.84) “Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi”.

Dəhşətli fəryad səsindən onların ürəkləri partladı və onlar öz evlərində ölü kimi düşüb qaldılar. Qarşıda isə onları rüsvayçılıq və əbədi lənət gözləyirdi. Onların var-dövləti onlara heç bir fayda vermədi, çünki nə çoxsaylı qoşunları, nə qüdrətli köməkçiləri və nə də bitməz-tükənməz var-dövlətləri Allahın hökmünün qarşısını almağa qabil deyildi.

(15.85) “Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq xatirinə yaratdıq. Həmin Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla”.

Allah Kainatı, Onun düşmənlərinin düşündüyü kimi, əyləncə xatirinə yaratmamışdır. O, göyləri və yeri haqq xatirinə xəlq etmişdir ki, onlar öz Xaliqinin kamilliyinə, hüdudsuz qüdrətinə, hər şeyi əhatə edən mərhəmətinə, əzəmətli hikmətinə və qüsursuz biliklərinə şahidlik etsinlər, bir olan Allahdan başqa heç kimin ibadətə layiq olmadığına və Onun şərikləri olmadığına şəhadət versinlər.
Sonra Fövqəluca insanları incidənlərə qarşı da alicənablıq göstərməyi, incikliyə qarşı yaxşılıqla cavab verməyi və xırda günahları bağışlamağı əmr edir. Bunun sayəsində insan Allahın bol səxavətini qazana bilər ki, bunu çox yaxın bir şey adlandırmaq olar, çünki mütləq baş verəcək hər şey yaxın sayılır. Lakin mənə bu hökmün daha gözəl bir şərhi bəyan oldu.( Burada müəllif, ehtimal ki, əsərinin bu qismini təfsir etdiyi məqamda cari ayənin bir sıra təfsilatını bədahətən aydınlaşdırmasına işarə edir. F.S.) İnsan onu incidəni və günahkarları bağışlayarkən onlara nə sözü ilə, nə də əməli ilə əzab verməməlidir. Lakin bəzən bağışlama yersiz olur və onu alicənablıq adlandırmaq olmaz. Cəzadan başqa heç nəyə layiq olmayan qatı cinayətkarlardan bəhs edildikdə, bağışlanma yersizdir. Bu ayənin düzgün mənası belədir.

(15.86) “Həqiqətən, Rəbbin Yaradandır, Biləndir”.

Allah mövcud olan hər şeyi yaratmışdır və bütün varlıqlar haqqında hər şeyi bilir. Onun hakimiyyəti Onun bütün yaratdıqlarına və bildiklərinə şamildir. Heç kim Onun qüdrətini zəiflətməyə qadir deyildir. Sonra Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (s.ə.s.) ona əta edilən nemətləri xatırladaraq buyurur:

(15.87) “Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik”.

Ən səhih şərhlərə görə bu ayədə bəhs edilən yeddi Quran surəsi və ya “əl-Fatihə” (Müəllifin müddəasının “əl-Fatihə” surəsinə aid qismi daha səhihdir, çünki daima gerçək təkrarlanan məhz namazda oxunan Fatihə ayələridir. F.S.) surəsidir. Sonuncu yeddi ayədən ibarətdir. Böyük surələrə “əl-Bəqərə”, “Ali İmran”, “ən-Nisa”, “əl-Maidə”, “əl-Ənam”, “əl-Əraf”, “əl-Ənfal” və “ət-Tövbə” surələri daxildir. Əzəmətli Quran haqqında sonrakı xatırlatmalar xüsusidən sonra ümuminin sadalanması nümunəsidir. Bu onunla izah edilir ki, yeddi böyük surələrdə tək Allaha ibadətin zəruriliyi, qeybə aid biliklər və məşhur ehkamlarla bağlı dəlillər tez-tez təkrarlanır. “əl-Fatihə” surəsinin yeddi ayəsi isə müntəzəm olaraq namazın hər rükətində təkrarlanır. Əgər Allah Muhəmməd Peyğəmbəri (s.ə.s.) yeddi tez-tez təkrarlanan surə və ya ayələrlə və Əzəmətli Quranla şərəfləndirirsə, onda məhz bu - ən gözəl nemətdir ki, möminləri sevindirir və onları ona nail olmaq üçün bir-biri ilə rəqabət aparmağa ruhlandırır. Fövqəluca buyurur: “De: “Bunlar Allahın neməti və rəhməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir” (Yunus, 10/58). Bax buna görə də Allah sonra belə buyurur:

(15.88) “Onların bəzi təbəqələrinə verdiyimiz dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran”
(15.89) “ və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”

Ey Muhəmməd! Dünya malına məftun olma ki, onlar sənin düşüncələrinə hakim kəsilməsinlər. Zənginlər bu nemətlərdən nəşələnirlər, nadanlar isə onların vasitəsi ilə yoldan azdırılırlar. Lakin sən Allahın sənə əta etdiyi tez-tez təkrarlanan yeddi surə və ya ayələrlə və Əzəmətli Quranla qane olmalısan. Kafirlərə görə kədərlənmə, çünki onlardan nə fayda gələr, nə də yaxşılıq. Möminlər sənin üçün onları ən gözəl tərzdə əvəz edərlər. Buna görə onlarla nəzakətlə və mülayim davran, onları sev və hörmət göstər. İnsanlara öyüd-nəsihət ver və sənə həvalə edilmiş vəzifəni yerinə yetir. İslamı özünkülər və özgələr, dostla və düşmənlər arasında təbliğ et və sən öz vəzifənin öhdəsindən gəlsən, onda onların günahlarına görə məsuliyyət daşımayacaqsan və eynilə onlar da sənin əməllərinə görə cavab verməyəcəklər.

(15.90) “Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik”.
(15.91) “Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər)”.
(15.92) “Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –“
(15.93) “törətdikləri əməllər barəsində”.

Allah Muhəmməd Peyğəmbərin (s.ə.s.) təlimini inkar etməyə və insnlara doğru yola gəlməyə mane olmağa cəhd göstərənləri cəzalandıracağını vəd etmişdir. Bu mürtədlər Quranı hissələrə bölür və ona öz istədikləri kimi yanaşırlar. Onlardan bəziləri Səmavi Vəhyi cadugərlik adlandırır, digərləri – falçının verdiyi xəbər, üçüncülər isə onu yalan və uydurma adlandırırlar. Onlar Qurana müxtəli adlar qoyurlar ki, sonradan Müqəddəs Kitaba böhtan ata bilsinlər və insanları düz yoldan saxlaya bilsinlər. Onlar Müqəddəs Kitabı təhqir etdiklərinə və onun mənasını təhrif etdiklərinə görə mütləq cavab verməli olacaqlar. Bu - ən böyük xəbərdarlıqdır və Allah onun vasitəsilə kafirləri öz cinayətlərindən əl çəkməyə çağırır.

(15.94) “Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir”.
(15.95) “Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik”.
(15.96) “O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər”.

Ey Elçi! Sənə İslamı təbliğ etməkdə mane olan kəslərə və bütün digər müşriklərə fikir vermə! Allahın sənə buyurduqlarını açıq-aydın elan et və haqqı insanlara çatdır. Çoxsaylı maneələr və kafirlərin istahzası səni işindən saxlamasın. Onlara baş qoşma, onlarla mübahisə açma və başladığın işi davam etdir. Biz Özümüz səni sənə və möizələrinə məsxərə edən fasiqlərdən xilas edərik. Biz söz veririk ki, sənə edilən istehzaların heç biri sənə zərər toxundurmaz və vəd edirik ki, kafirləri hər vasitələrlə cəzalandıracağıq.
Fövqəluca Öz vədini yerinə yetirdi və Muhəmməd Peyğəmbərə (s.əs.) və təliminə rişxənd edən bütün bütpərəstlər ən dəhşətli ölümlə üzləşdilər. Onlar nəinki Allahın Elçisini (s.ə.s.) incidir, həm də Allahın Özünə toxunurdular (Təhqiramiz sözləri və əməlləri ilə. F.S.) Onlar öz Vahid Rəbbinə, Xaliqə və Xeyirxahına şərik qoşmaqla uydurulmuş ilahlara ibadət edirdilər. Qiyamət günü başlarkən onlar öz günahlarının dəhşətli nəticələrini mütləq biləcəklər.

(15.97) “Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik”.
(15.98) “Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!”
(15.99) “Sənə ölüm gələnədək Rəbbinə ibadət et”.

Ey Muhəmməd! Biz sənin onların səni inkar etdiyini eşidəndə və səni ələ salanda qəlbinin sıxıldığını bilirik. Biz onlara məhvedici cəza və layiq olduqlarının gəlməsini sürətləndirə bilərik. Lakin Biz onlara möhlət veririk və heç də o demək deyildir ki, Biz onların cinayətlərini unuduruq. Buna görə Allahı tez-tez xatırla, təriflə, Onu ucalt və namaz qıl! Bu əməllər qəlbini genişləndirər, sinəni açar və çoxsaylı vəzifələrinin öhdəsindən gəlməkdə sənə kömək edər. Sənə ölüm gələnədək Allaha ibadət et. Həmişə çalış ki, müxtəlif ibadət ayinləri vasitəsilə Ona yaxınlaşmağa can atasan.
Muhəmməd Peyğəmbər (s.ə.s.) öz Rəbbinin iradəsinə tabe idi və bu dünyadan ayrılana qədər Allaha layiqincə ibadət edirdi. Ona Allahın salavatı və salamı olsun!


Tarix: 18.04.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 932 Bölmə: Ayeler