Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 51-80

(16.51) “Allah: “İki tanrıya sitayiş etməyin! O, yalnız Tək olan Allahdır. Yalnız Məndən qorxun!”– dedi”.
(16.52) “Göylərdə və yerdə nə varsa, Onundur. Din isə daim Ona məxsusdur. Siz Allahı qoyub, başqasındanmı qorxursunuz?”

Fövqəluca şərik qoşmadan təkcə Ona ibadət etməyi buyurmuşdur. Belə ibadətin zəruri olması təkcə Onun qullarına nemətlər əta etməsiylə izah olunur. Uydurulmuş “ilaha” ibadət etməklə onu Allaha şərik qoşmaq olmaz, çünki təkcə bir Allah vardır ki, əzəmətli sifətlərə malikdir və həmdəlayiq əməllər yerinə yetirir. Heç kim Onunla bərabər ilahi mahiyyətə, gözəl adlara, kamil sifətlərə və həmdəlayiq əməllərə sahib deyil. Heç kim ibadət və ilahiləşdirilmə haqqını Onunla bölüşdürməməlidir. Bax buna görə sonra Allah ayədə Onun hökmlərini yerinə yetirərək, Onun qadağalarını pozmayaraq və məxluqları Ona bərabər tutmayaraq, Ondan qorxmağı əmr edir. Doğrudan da, onların hamısı ancaq Allahın qullarıdır. Onlar fasiləsiz olaraq Ona xidmət göstərməli, Ona ibadət etməli və Onun qarşısında əyilməlidirlər. Rəbbə səmimi ibadət məxluqların inkarolunmaz məziyyətidir.


(16.53) “Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız”.
(16.54) “Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur”.
(16.55) “Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz”.

Yerdə və ya göylərdə məskunlaşan məxluqlardan qorxmayın, axı onlar sizə zərər vurmağa və ya xeyir verməyə qadir deyillər. Təkcə Allah sizə Öz nemətlərini və səxavətini bəxş edir. Bütün sizə məxsus gördüyünüz və görə bilmədiyiniz nemətlər şəriklərə ehtiyacı Olmayanın sizə mərhəmətidir. Sizə xəstəlik, ehtiyac və ya digər bəlalar üz verəndə, siz uca səslə və mütiliklə sizi xilas etməsi və sizə kömək göstərməsi üçün Rəbbə dua edirsiniz. Siz çox gözəl bilirsiniz ki, başqa heç kəs sizi bu bəlalardan qurtara bilməz. Əgər Allah sizin xoşunuza gələn nemətləri sizə əta edirsə və sizin nifrətinizi oyadan bəlalardan müdafiə edirsə, onda siz də təkcə Ona ibadət etməlisiniz. Lakin insanların çoxu zalımcasına, özlərinə zərər vuraraq rəftar edirlər. Onlar Allaha Onun göstərdiyi mərhəmətinə görə Onun onları bədbəxtlikdən qurtarmasını istədikləri zaman şükür edirlər. Lakin onlar bəladan müvəffəqiyyətlə qurtaran kimi, yenə Ona zavallı və köməksiz məxluqları şərik qoşmağa başlayırlar. Onları çətinliklərdən və bəlalardan xilas edən Allahın mərhəmətinə naşükürlüklə cavab verirlər. Qoy onlar yerin cüzi nemətlərindən istifadə etsinlər. Onlar öz kafirliklərinin kədərli nəticələrini çox tezliklə biləcəklər.

(16.56) “Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız”.

Fövqəluca ayədə Onun haqqında yalan uyduran və əmlakın bir hissəsini hər hansı bir bilikdən məhrum və xeyir gətirməyə və ya zərər vurmağa qadir olmayan bütlərə verilməsinə əmr edən müşriklərin cahilliyi və zalımlığı barədə xəbər verir. Allah müşriklərə maddi nemətlər bəxş edir, onlar isə bu nemətlərdən saxta ilahlara ibadət üçün istifadə edirlər və daşdan yonulmuş heykəllərdən mərhəmət diləyirlər. Fövqəluca buyurur: ““(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!” (Ənam, 6/136);
“(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir! “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!” (Yunus, 10/59-60). Belələrini Allah ən dəhşətli cəzaya məruz qoyacaqdır.

(16.57) “Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini məxsus edirlər”.
(16.58) “Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır”.
(16.59) “Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!”

Müşriklər Allahın yaxın qulları olan mələkləri Allahın qızları adlandırırlar. Qızlarına hədsiz nifrət hissi bəsləyərək, özlərinə oğullarını saxlayırlar. Onlardan kiməsə qızının doğulması haqqında xəbər verildikdə, onun kədərindən və böyük dərdindən üzü qaralır. Onu qızının doğulması haqqında xəbər sevindirmir və o, adamlardan utanaraq onlardan gizlənməyə çalışır. Onun ağlına, yeni doğulmuş qızcığazın onun başına gətirdiyi bu qədər xoşagəlməz söz-söhbətdən sonra, onunla nə etmək barədə pis fikirlər gəlir: rüsvayçılığa və alçalmaya göz yumaraq uşağın həyatına qıymamaq və ya onu diri-diri torpağa basdırmaq.
Müşriklər məhz belə edərək Allahın qınağına layiq görülmüşdülər. Onların mühakimələri və qərarları necə pis idi! Onlar Allahın əzəmətinə sığmayan şeyi Allaha aid edir və bununla Allahın övladları olduğuna inanırdılar. Amma onlar bununla qane olmayaraq, Onun uşaqlarını qızları adlandırırdılar, halbuki onlara qadın cinsinin kişi cinsindən zəif olduğu məlum idi. Bundan başqa, onlar özləri qızlarına qarşı ikrah hissi və nifrət bəsləyirdilər. Onda bəs onlar belə bir şeyi Fövqəluca Allaha görəsən necə şamil edirdilər?! Həqiqətən, onların təfəkkürü yaramaz və dəhşətli idi!

(16.60) “Yaramaz sifət Axirətə inanmayanlara xasdır. Ən uca sifət isə Allaha məxsusdur. O, Fövqəlqüdrətlidir, Müdrikdir”.

Müşriklər Allahı çox pis təsvir edirdilər və buna görə də O, bəyan edir ki, əslində yaramaz təsvirə layiq olanlar məhz kafirlərdir ki, Axirət həyatını qəbul etməkdən imtina edirlər. Onların sifətləri qüsur və çatışmazlıqlarla dolu olduğu halda, Allah ən kamil sifətlərə malikdir. Dünyada mövcud olan kamilliklərin hamısına Allah ən yüksək dərəcədə layiqdir. Qüsurlara gəldikdə isə, onların Ona heç bir aidiyyəti yoxdur. Bununla yanaşı Allahın gözəl sifətləri haqqında biliklər Onun sevimli qullarının ürəyində yaşayır, onlar Onu ucaldır, ehtiram bəsləyir və sevir, Ona doğru can atır və Onu dərk etməyi arzulayırlar.
Onun gözəl sifətləri arasında Fövqəlqüdrətli və Müdrik adı. Bütün yaradılmışlar Onun fövqəlqüdrətinə tabedirlər və Onun müdrikliyi sayəsində öz yerlərinə yerləşdiriliblər. Onun hökmləri və əməlləri Onun hər cür tərifə layiq və kamillik təcəssümü olduğuna dəlalət edir.

(16.61) “Əgər Allah insanları hər etdikləri zülmə görə o anda cəzalandırsaydı, onda yer üzündə heç bir canlı qalmamalıydı. Lakin onlara müəyyən vaxta qədər möhlət verilır. Onların əcəli çatdığı an nə bir saat yubanar, nə də tezləşə bilər”.

Fövqəluca Allah mürtədlərin uydurduqları yalanları xatırlatdıqdan sonra, Özünün hüdudsuz səbrindən və dözümlülüyündən bəhs edir. Əgər O, insanları törətdikləri zalımlığa görə o saat onların günahlarını artırmadan və azaltmadan cəzalandırsaydı, onda yer üzündə nə günahkarlar və nə də digər canlılar qalmazdı. Hətta heyvanlar da məhv edilərdi, çünki insanın günahları həm əkinlər, həm də heyvanlar üçün öldürücü mahiyyət daşıyır. Lakin Allah insanları cəzalandırmağa tələsmir, onlardan qisas almağı təyin olunmuş vaxta qədər ləngidir. Qiyamət Günü qopanda heç kim intiqam alınmasını uzaqlaşdıra və ya yaxınlaşdıra bilməz. Qoy günahkarlar, nə qədər ki, onlara möhlət verilib, itaətsizlik göstərməkdən çəkinsinlər, çünki çox tezliklə heç kimə artıq ondan sonra möhlət verilməyəcəyi saat gələcəkdir.

(16.62) “Onlar ikrah etdiklərini Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Əslində, onlar üçün Cəhənnəm hazırlanmışdır və onlar tərk olunacaqlar”.

Müşriklər özlərinin ikrah etdikləri qızları Allaha şamil edirlər. Onlar Ona şərik qoşurlar, halbuki şəriklərin mövcudluğunun özü artıq nöqsanlılıqdır. Onlar, sadəcə Allahın yaratdıqlarından olan məxluqların bəzilərinə ibadət edirlər. Əgər onlar, özləri kimi məxluqlar olan kölələri ilə dünyəvi var-dövlət üzərində hakimiyyətlərini bölüşdürməyə razı deyillərsə, onda niyə Allaha Onun Öz qullarını şərik qoşurlar?!!
Bu dəhşətli cinayətə baxmayaraq, onlar yalandan bəyan edirlər ki, onlara həm yaşadıqları bu dünyada və həm də öldükdən sonra mütləq gözəl aqibət hazırlanacaqdır. Allah ayədə onların bu iddiasını rədd edərək bildirir ki, onlar üçün oraya vasil ediləcəkləri Cəhənnəm odu hazırlanmışdır. Onlar oradan heç vaxt çıxmayacaq və orada əbədi qalacaqlar.

(16.63) “Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan, bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır”.

Fövqəluca Allah Peyğəmbərinə (s.ə.s.) izah edir ki, o (s.ə.s.) , insanların qəbul etmədikləri elçilərin ilkincisi deyildir. Çox elçilər öz qəbilədaşlarını tək Allaha ibadət etməyə çağırmışdılar, amma şeytan cinayətləri onlara bərbəzəkli göstərmiş və onlar da tək Ona ibadəti rədd etmişdilər. Eyni zamanda onlar haqqa ibadət etdiklərini düşünür və onun onları istənilən xoşagəlməz hadisələrdən qurtaracağını, amma elçilərin təliminin isə tamamilə yalan olduğunu zənn edirdilər. Şeytan onları aldadaraq dünya həyatında onların himayəçisinə çevrilmişdir. Onlar ona tabe olmuşlar, onun ardıyca getmiş və onu sevmişlər. Fövqəluca buyurur: “... Doğrudanmı onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini özünüzə himayəçi tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!” (Kəhf, 18/50). Günahkarların bu dünyada aqibəti belədir, Axirətdə isə onları əzab-əziyyətli cəza gözləyir. Onlar Mərhəmətlinin Hamiliyindən boyun qaçırıb, şeytanın himayəsi ilə qane oldular və özlərini alçaldıcı məhrumiyyətlərə məhkum etdilər.

(16.64) “Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri izah edəsən və bu, möminlərə doğru yol göstərən təlimat və mərhəmət olsun”.

Ey Muhəmməd! Biz sənə bu Quranı ona görə göndərmişik ki, sən insanların barəsində zidd rəyə gəldikləri haqqı onlara izah edəsən. Bu həqiqət tövhidə, ilahi qədərinə, dini hökm və baxışlara, Axirət həyatına aiddir. Bu – kamil bir Təlimat, Allaha və Onun nazil etdiyi Kitaba iman gətirənlər üçün hər şeyi qapsayan mərhəmətdir.

(16.65) “Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır”.

Fövqəluca bu ayədə, insanların Onun nəsihətləri və xəbərdarlıqları üzərində düşünmələri üçün Özünün ən böyük lütfkarlıqlarından birini xatırladır. Bu, təkcə Onun ibadətə layiq Gerçək Allah olduğunu onların başa düşməsinə kömək göstərəcəkdir. O, qullarını təkbaşına yağış suyu ilə təmin edir və hər növ bitkilər yetişdirir. O fövqəlqüdrətlidir və quraqlığa çevrilmiş torpağı həyata qaytarmağa qadirdir. Bu isə o deməkdir ki, O, ölüləri diriltməyə də qadirdir. O, ecazkar nemətlər nazil edir, hədsiz mərhəmətə və xeyirxahlığa malikdir.

(16.66) “Həqiqətən, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”.

Ey insanlar! Allah ev heyvanlarını sizə tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Sudün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Rəbbin qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?

(16.67) “Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”.

Fövqəluca qullarına xurma ağaclarının və üzümlüklərin meyvəsini bəxş etmişdir ki, onlar da insanlara çoxsaylı fayda verirlər. İnsanlar onlardan qida məhsulları kimi istifadə edirlər. Onları həm təzə dərib yemək, həm də qurudub uzun müddət saxlamaq olur. Bundan başqa, onlardan şirələr və şərab hazırlamaq mümkün idi. Şərab barədə qadağa nazil olana qədər ondan istifadə etməyə icazə verilirdi. Bu baş verdikdə, Allah sərxoşedici içkilərin istifadəsini ləğv etdi və onları zərər vurmayan faydalı şirələr və digər dadlı içkilərlə əvəz etdi. Məhz buna görə, bəzi müfəssirlər belə hesab edirlər ki, ərəb sözü olan “sakar” bu ayədə sərxoşedici içkini deyil, əksinə, hər cür zərərsiz dadlı və xoşməzə yeməkləri və içkiləri ifadə edir. Bu şərh əvvəlkindən daha üstündür.
Bütün bunlarda Allahın kamil fövqəlqüdrəti haqqında düşünən insanlar üçün bir ibrət vardır. O, quru oduna oxşayan ağaclardan gözəl və dadlı meyvələr yetişdirir və Onun bütün qullarına aid hər şeyi əhatə edən mərhəməti sayəsində sonuncular bu müyvələrdən yeyib ləzzət alırlar. Bütün bunlar həm də ona dəlalət edir ki, Allah Vahid Rəbdir, çünki təkcə O, insanlara bu çoxsaylı nemətləri bəxş edir.

(16.68) “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör”.
(16.69) “Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”.

Arılar - ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə - Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Fövqəluca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər.

(16.70) “Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, Fövqəlqüdrətlidir”.

Fövqəluca bildirir ki, məhz O, məxluqları yaradır və ardıcıl olaraq onların xarici görünüşünü dəyişdirir. Onlar üçün ayrılmış yaşama vaxtı bitdikdə, Allah onları öldürür. Məxluqlardan bəzilərinə uzun ömür yaşamaq nəsib olur ki, o zaman onlar əldən düşmüş qocaya çevrilirlər. Onlar malik olduqları fiziki güclərindən və bacarıqlarında məhrum olur, hətta insanın yaraşığı olan ağılı da zəifləməyə başlayır. Nəhayət, bir vaxtlar onlara məlum olan hər şeyi unudurlar və onların təfəkkürü azyaşlı uşaq ağlına bənzəyir. Bütün bunları edən – Bilən və Fövqəlqüdrətli Allahdır. Onun biliyi bütün varlığı qapsayır, Onun fövqəlqüdrəti isə bütün məxluqlara şamildir. Bunun nümunəsi – insan simasının ardıcıl olaraq dəyişməsidir ki, bu barədə Fövqəluca Allah belə buyurur: “Sizi gücsüz yaradan, gücsüzlükdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Fövqəlqüdrətlidir!” (Rum, 30/54).

(16.71) “Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstünlük verilənlər kölələri ilə bərabərləşməsinlər deyə öz ruzilərindən onlara vermirlər. Belə olduğu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər?”

Bu ayə tövhidin lehinə dəlildir və müşrikliyin qüsurluluğunu ifşa edir. Ey insanlar! Siz hamınız özü üçün ruzi əldə edən xəlq olunmuşlarsınız. Lakin Allah sizlərdən bəzilərini, zənginliyinə görə, digərlərindən üstün etmişdir. O, aranızda xüsusi mülkiyyətə sahib olan azad insanlar və həm də bu dünyada mülkiyyəti olmayan kölələr yaratmışdır. Əgər Allahın var-dövlət bəxş etdiyi ağalar ondan öz qullarına vermək istəmirlərsə və bunu məqbul hesab etmirlərsə, onda niyə siz bir toz miqdarında hakimiyyətə malik olmayan qulları Allahla bərabər tutursunuz? Niyə siz məxluqları Allaha şərik qoşursunuz? Məgər bu ən böyük zalımlıq və Allahın nemətini inkar etmək deyilmi?!!! Əgər siz sizə göstərilən mərhəməti etiraf etsəydiniz və öz Xeyirxahınızı tanısaydınız, onda Ona şəriklər qoşmazdınız.

(16.72) “Allah sizdən ötrü özünüzdən zövcələr xəlq etdi, zövcələrinizdən də övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini niyə inkar edirlər?”

Fövqəluca Allah ayədə qullarına bəslədiyi böyük mərhəməti haqqında xəbər verir. O, onlar üçün birlikdə rahatlıq tapdıqları zövcələr yaratmışdır. Onlardan uşaqlar doğulur ki, valideynlərinə ən böyük sevinc bəxş edir, onlara yardım göstərir, ehtiyaclarını təmin edir və onlara hər cür xeyir verirlər. Bununla yanaşı Allah insanlara faydalı yeməklər, içkilər və digər hiss edilən və hətta qulların saya bilməyəcəyi nemətlər əta edir. Doğrudanmı bunlardan sonra yenə də insanlar əvvəllər heç vaxt mövcud olmamış və Allahın yaratdıqları məxluqlar olub “tanrı” adlandırılanlara inanacaqlar? Doğrudanmı onlar, əvvəllər heç nə olan, yaradıcılıq qabiliyyəti olmayan, ruzi nazil edə bilməyən, Kainatda qətiyyən hakimiyyətə malik olmayan kəslərə inanacaqlar? Bu, Allahla yanaşı ibadət edilən bütün saxta “tanrıçalara” aiddir. Müşriklər onları Allaha necə bərabər tutu bilirlər? Onlar öz Rəbbinin mərhəmətini necə inkar edə və Onun nemətlərindən günah işlətmək və kafirliyə etiqad etmək üçün istifadə edə bilirlər? Məgər bu ən böyük zalımlıq, hüdudsuz rüsvayçılıq deyilmi və ən dəhşətli axmaqlıq deyilmi?

(16.73) “Onlar Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayanlara ibadət edirlər”.

Fövqəluca Onunla yanaşı saxta “ilahlara” ibadət edən müşriklərin cahilliyi və onları Onun şərikləri saymaları barədə xəbər verir. Əsil həqiqətdə, o şəriklərin nə göylərdə və nə də yerdə heç bir qisməti yoxdur. Onların yağış nazil etmək, var-dövlət vermək və ya məhsul yetişdirmək qabiliyyəti yoxdur. Onlar göylərdə və yerdə hətta bir qətrə hakimiyyətə belə malik deyillər və əgər onlar belə bir hakimiyyət əldə etmək istəsəydilər də, istədiklərinə nail ola bilməzdilər. Əgər insan hakimiyyətə malik deyilsə, bu hələ onun ona yardım üçün müraciət edənlərə xeyir verməsi üçün zəruri gücə malik olmasını istisna etmir. Lakin saxta “ilahlar” nəinki hər hansı hakimiyyətdən məhrumdurlar, onlar, hətta hər hansı fayda vermək qabiliyyətinə də malik deyillər. Əgər bu “ilahlar” belə keyfiyyətsizliyə malikdirlərsə, niyə bəs insanlar onları Allahla bərabər tutur? Axı O, göylərin və yerin Sahibidir, mütləq hakimiyyətə və gücə malikdir və hər cür tərifə layiqdir!

(16.74) “Heç kəsi Allahla müqayisə etməyin. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz”.

Allah haqqında məcazi ifadələr işlətməyin, çünki belə olduqda, bu, Onu məxluqlarına oxşatmağı nəzərdə tutur. O, haqqı bilir, siz isə ondan xəbərsizsiniz. Sizin Onun haqqında zəruru biliklərə malik olmadan danışmaq haqqınız yoxdur və siz ancaq Onun buyurduğu ibrətamiz sözlərə qulaq asmalısınız.

(16.75) “Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir”.

Bu və sonrakı ayələrdə Fövqəluca Özü və müşriklərin Onun əvəzinə sitayiş etdikləri barəsində iki hikmətamiz hekayət nəql edir. Birinci təşbihdə heç bir dünyəvi var-dövlətə malik olmayan və hətta öz taleyinə belə sərəncam çəkə bilməyən kölədən və həmçinin Allahın gözəl qismət və hər cür nemətlər nəsib etdiyi azad və zəngin bir insandan bəhs edilir. Bu varlı şəxs xeyirxah bir adamdır, yaxşılıq etməyi sevir, həm gizlicə və həm də açıq şəkildə sədəqə paylayır. Məgər bu iki kişini müqayisə etmək olarmı? Şübhəsiz ki, onlar bir-birilərinə bərabər deyillər. Hər ikisinin də məxluq olmasına baxmayaraq, onları müqayisə etmək mümkün deyil. Əgər bu belədirsə, onda müşriklər necə cəsarət göstərib, hakimiyyətə və qüdrətə sahib olmayan, hərtərəfli ehtiyac içində və asılı vəziyyətdə olan qulları, bütün məxluqları idarə edən və bütün varlıqlar üzərində mütləq hakimiyyətə malik Fövqəlhakim Allahla müqayisə edirlər?!!
Sonra Fövqəluca Allah bildirir ki, ən kamil və tamamilə hər şeyi əhatə edən həmd təkcə Ona məxsusdur. Müşriklərin Onu, yaratdığı məxluqlarla niyə bərabər tutmalarına sanki cavab olaraq, Allah buyurur ki, onların əksəriyyəti əsil biliklərə malik deyillər. Əgər onlar həqiqi biliklərə yiyələnmiş olsaydılar, ən azğın müşrikliyə etiqad etməyə cəsarət göstərməzdilər.

(16.76) “Allah eləcə iki kişi barəsində də məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?”

İkinci təşbihdə eşitmək, danışmaq və hər hansı bir işi yerinə yetirmək qabiliyyətindən məhrum olan bir insandan bəhs edilir. O, sərbəst olaraq özünün qayğısını çəkməyə qabil olmadığı üçün ağası ona kömək edir. Məgər qüsur və noqsanların əhatə etdiyi bu bədbəxti, ədalətli olmağı əmr edən və doğru yolla gedən, ədalətli sözlər danışan və düzgün əməllər edən şəxslə müqayisə etmək olarmı? Əgər onları müqayisə etmək mümkün deyilsə, onda bəs Allahla yanaşı ibadət olunan, özlərini zəruri şeylərlə təmin etməyə qabiliyyəti çatmayan və təkcə Allahın, haqqı söyləyən və ancaq tərifəlayiq əməllər işləyən Fövqəluca Rəbbin qayğısı sayəsində mövcud olan “ilahları” necə bərabər tutmaq olar?

(16.77) “Göylərin də, yerin də qeybi Allaha məxsusdur. Həmin Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

Fövqəluca Allah təklikdə göylərin və yerin bütün sirlərini bilir. O, yaratdıqlarının baxışlarından gizli qalan hər şeyi bilir. O, qeybə malik bütün sirləri bilir. Onlardan biri də Onun Qyamət gününün başlanması vaxtını bilməsidir. Allahdan başqa heç kim Qiyamət Saatının başlayacağını bilmir. O başladıqda isə, insanlara elə gələcək ki, O, bir göz qırpımında və ya daha tez baş verdi. İnsanlar öz qəbirlərindən çıxacaqlar ki, Məhşər ayağında böyük Toplantıya yığışsınlar və artıq heç kimə möhlət verilməyəcəkdir. Allahın bütün varlığın Hökmranıdır və Onun ölüləri diriltməsində qeyri-adi heç nə yoxdur.


(16.78) “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz”.

Fövqəluca təkbaşına sizə çoxsaylı nemətlər bəxş edir ki, bunlardan biri də sizin analarınızın bətnindən dünyaya gəlməyinizdir. Siz doğularkən zəif və köməksiz olursunuz, sonra isə Allah sizə eşitmək, görmək qabiliyyəti və ağıl əta edir. O, bu üç məziyyəti xüsusilə qeyd edir, çünki onlar insanın ən şərəfli və gözəl keyfiyyətləridir. Onlar biliyi qavramağın açarlarıdıdır, çünki insanın mənimsədiyi istənilən biliklər eşitmək, görmək və ağılla dərk edilir.
Bununla yanaşı Allah insana başqa orqanlar da vermişdir ki, insan onların sayəsində fiziki qüvvəyə və sair bacarıqlara yiyələnir. Allah bu orqanları onlar müəyyən ölçüləri lazımınca alana qədər böyüdür və inkişaf etdirir. Bütün bunlar insanı Onun hökmlərini yerinə yetirmək üçün ona əta edilmiş bədəninin imkanlarından istifadə edərək Allaha təşəkkür etməlidir. Əgər insan belə etmirsə, onda Onun nemətlərinə dəhşətli naşükürlüklə cavab vermiş olur və ona bəxş edilmiş bacarıq və istedadı öz əleyhinə dəlilə çevrilmiş olur.

(16.79) “Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır”.

Allahın möcüzələrindən təkcə möminlər fayda çıxara bilir və insanlara bu qədər möcüzələrin nəyin xatirinə göstərilməsi üzərində düşünürlər. Qalan insanlar gəldikdə isə, onlar Allahın möcüzələrini qayğısızlıqla seyr edir və onlardan heç bir fayda əldə etmirlər. Niyə quşların uçuşu Allahın möcüzələrindən biridir? Fövqəluca onların gövdəsini uçmaq üçün yararlı halda yaratmış, yüngül havanı onlar tabe etmiş və onlara göydə uçmaq üçün kifayət qədər güc vürmişdir. Bütün bunlar Allahın sonsuz müdrikliyinə və hər şeyi əhatə edən biliyinə, Onun fövqəlqüdrətinə və Öz məxluqları barədə ilahi qayğısına dəlalət edir. Aləmlərin Rəbbi Allah Xeyirxahdır!

(16.80) “Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi”.

Fövqəluca insanlara bəslədiyi mərhəmətini onlara xatırladaraq, göstərdiyi lütfkarlığına görə onları ona şükür etməyə çağırır. O, insanlara ev tikməyi, saraylar və onları isti və soyuqdan qoruyan digər tikililər ucaltmağı öyrətdi. Bununla yanaşı bunlar insanları, onların nəsillərini və mülkiyyətini yad nəzərlərdən qoruyur. İnsanlar öz evlərində müxtəlif məqsədlər üçün istifadə etdikləri otaqlar tikirlər. Evlər insanlara öz mal-mülklərini, ailələrini gözlənilməz hadisələrdən qorumağa kömək edir və onlara digər faydalar gətirir. Allahın qulları dərilərdən, yundan, pərğudan və ya ev heyvanlarının tükündən çadırlar qururlar ki, bu da köç edən zaman və ya düşərgə saldıqda onların işini asanlaşdırır. İnsanlar çadırları daş və palçıqla hörmürlər, çünki bunlarsız da o, insanları və onların azuqəsini istidən, soyuqdan və yağmurdan qoruyur. Dəridən, pərğudan və ev heyvanlarının tüklərindən insanlar qab-qacaq, xalça, libas, zənbil və məişətdə fayda verən bir çox başqa şeylər də hazırlayırlar. İnsanlar ancaq Allahın yerdəki nemətləri onlara tabe etməsi sayəsində bu işləri görməyə nail olmuşlar.


Tarix: 18.04.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1192 Bölmə: Ayeler
loading...